Siz Allah, ilin-günün bu vədəsində mənim dərdimə-azarıma baxın, görün, məni nə narahat eləyir. Mövzumu açıqlamağa çəkinirəm bir az. Qadın yazarlar.
Beş-on gəlinmi deyim, qızmı deyim, bilmirəm, şairdir, yazıçıdır-nədir, onu da bilmirəm, üç-beş yazı yazıblar, üç-beş hekayəmi, nə bilim, sözüm onda deyil, deməyim o ki, içlərində bir iddia var, bir iddia var, gəl görəsən.
Qardaş, yaxın durmalı deyil. Onların əlində əlac olsa, Əkrəm Əylisliyə ədəbiyyatdan dərs keçərlər. Kamal Abdullaya deyərlər ki, mifi sən yaxşı bilmirsən, qulaq as mən danışım. Salam Sarvana deyərlər ki, bilirsən, poeziya o deməkdir ki... Yəni bu qədər irəli gediblər. Bu, əsl terrordur, vallah. Elə bil kimsə bunların sayını qəsdən çoxaldır ki, qoy yaxşı şeylər bu çoxluqda itib-batsın, görünməsin.
Hə, iddia dedim, maşallah, artıq özlərini cəmiyyətdə söz sahibi hesab eləyirlər bu qadın yazarlar. Artıq baş verən hadisələrə ziyalı mövqelərini ortaya qoyurlar, dünyada və Azərbaycanda baş verən haqsız bəyanatlarla barışmırlar. Öz-özlərinə Nəsimi olublar, bir də görürsən, adamla dəri söhbəti eləyirlər.
Ay Allah, özün kömək ol. Deyirlər, dərimi soysalar da, haqqı, ədaləti yalanın ayağına vermərəm-zad. Elələri də var ki, deyir, mən ictimai-siyasi proseslərə qarışmıram, yalnız yaradıcılığımla məşğulam. Pah. Ay qız, kiri. Guya bu, öz düşüncə tərzi ilə daha yüksək mərtəbədə dayanır, heç nəyə qarışmır, halbuki, kitab kitab, təqdimat təqdimat dalınca gəlir. Əslində, daha böyük iddiadır bu.
Məsələ bunda ki, əzizlərim, bu qadınlar vətəndaş olaraq mövqe bildirmirlər e, deyirlər, nə vətəndaş, mən şair, yazıçı kimi danışıram. Nə edəsən, nə etməyəsən, bilmirəm.
Bütün bunlara görədir ki, Azərbaycanda yazı-pozu əhli arasında qadınları görəndə cin təpəmə vurur. Bilirsiniz, niyə? Çünki istedadsızlıqlarının hüdudu yoxdur. Çoxları bu fikirdədir, bilirəm. Sadəcə, deyib özlərini pis eləmək istəmirlər.
Yadınızda, əvvəl əllərinə pul düşən kimi kosmetika-zad, paltar alan qadınlar indi nə etsələr yaxşıdır? Heç nə. Əlinə bekara pul düşən kimi, deyirlər, kitab çıxartdırım. Pul gəldi-gedərdi, amma kitab qalır. Belə.
Hərdən təqdimatlarda görürsən, bir dəstə qız-gəlin şəkil çəkdirir, vallah, başlarını bir-birinin çiyninə söykəyib, dodağını da az-maz büzüb nə bilim, selifə eləyirlər. Biri dilini çıxardır, biri saçını dağıdır... Canı yanmışların canları çıxmamış kitabları çıxır. Bəxtəvərlərin yolları elə hamardır, elə hamardır... Bunlardan Marina Svetayeva olacaq?
İnandırım ki, onlar düz-əməlli şəkil çəkdirsə də, yenə yaxşı görünmür. Xeyri yoxdur. Niyə? Çünki iddia var, istedad yoxdur. Üstəlik, ortalıqdan da çıxmırlar. Məsələn, siz deyin. Bizim qadın yazarlar neçə illərdən bəri nə yazıblar, ortaya hansı yaradıcılıq nümunəsi qoyublar? Sualıma cavab yəqin ki, belə olacaq: guya kişilər nə yazır? Bax, onların mahiyyəti elə bu cavabdadır.
Hərdən deyirlər, qadınların könlün xoş eləmək lazımdır. Çünki qadındır. Əlbəttə, razıyam. Zərif məxluqlardır, hörmət etmək lazımdır, amma ədəbiyyatda və sənətin digər sahələrində məhz onların xətrinə dəymək lazımdır ki, çıxıb getsinlər. Elə getsinlər, bir də ayaqları buralara dəyməsin.
Onları ədəbiyyat dəhlizindən qaçaq salmağın ancaq xeyir verər. Allah heç vaxt bu yaxşılığı unutmaz. Hər kişi bir qadının xətrinə dəysə, onu buralardan uzaq salsa, ədəbiyyata böyük xidmət etmiş olardı.
O ayı məsələ ki, bizim ləyaqətli qadınlarımız çoxdur. Allah canlarını sağ eləsin. Amma ailə qurmaq, yaxşı oğul-uşaq sahibi olmaq, vətən üçün qəhrəman əsgər böyütmək, gözəl mühəndis yetişdirmək kimi müqəddəs qadın peşəsi dura-dura sizin ədəbiyyatda nə işiniz var, bilmirəm. Bir qayınananın, bir qayınatanın nazını çəkmək bilirsiniz necə gözəldir? Allaha da xoş gedər, vallah. Yeriniz cənnətlik olar. Və yaxud, həyat yoldaşınıza qəşəng yeməklər bişirmək ən gözəl hekayədir.
Yazmaq haqqı, əlbəttə, varınızdır. Amma iddialarınız insanları incidir. Məndən olsa, deyərəm ki, ümumiyyətlə, çap olunmayın. Əlimdə əlac olsa, qanunla sizin çap olunmaq haqqınızı əlinizdən alaram.
Qətiyyən, qərəzli deyiləm. Azərbaycanda az-çox özünü təsdiq etmiş qadın yazarlar da var. İlk anda yadıma düşənlər İradə Musayeva, Günel Mövlud, Sevinc Elsevər, Nərmin Kamal, Səhər Əhməd, Sevda Sultanova... Daha getmir. Əlinizi vicdanınızın üstünə qoyub sıranı tamamlayın. Uzağı bir, ya iki əlavə edə bilərsiniz...
O ki qaldı Afaq Məsuda, o, heç. Nə yaxşı ki, ədəbiyyatımızda Afaq xanım var.