8 Dekabr 2015 16:11
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox istəyirdim Vaqif Səmədoğlunu. Həm şair kimi, həm insan kimi. Hiss eləyirdim ki, o da mənim xətrimi istəyir. Çox yox, cəmi beş-altı dəfə bir məclisdə oturmuşuq. Tez-tez feysbukda yazışır, hərdən də telefonla danışırdıq. Səsi hələ də qulağımdadı.

Bir dəfə sərxoş olub məclisdə onun sözünü kəsdim. Şair bərk hirsləndi. Dedi, ay Kəramət Böyükçöl, dədəm dədəndən böyük şairdi, özüm də səndən istedadlı. De görüm, mənim sözümü niyə ağzımda qoyursan? Xeyli gülmüşdük. Maraqlı bir gün keçmişdi. Sonra boynumu qucaqlayıb üzümdən öpdü, heyif həmin anın şəkli yoxdu.

Nədənsə, Vaqif Səmədoğlunun zarafatları heç vaxt məni güldürmədi. Düzdür, olar bilər nə vaxtsa hörmət naminə xalq şairinin hansısa yumoruna uğunub getmişəm, amma proses heç vaxt içimdə baş verməyib.

Çox səmimi insanıydı. Bəlkə də səmimi deyildi, biz elə bilmişik səmimidi. Hər halda, inandığımız yalanlar elə həqiqət kimi bir şeydi.

Bildiyimə görə, şair içəndə lap səmimi olurdu, yəni özünü itirə bilirdi. Onun yaradıcı ruhundan irəli gələn bir şey idi bu. Təəssüf ki, Səmədoğlunun bir çox yaşıdları içəndə belə peşəkarlığından qalmırlar, heç vaxt sərxoş ola bilmirlər.

Vaqif Səmədoğlu dünyasını dəyişəndə yuxuda idim. Səhər-səhər Şərif Ağayar mənə zəng elədi, evlərinin yerini soruşanda bildim ki, Vaqif müəllim ölüb. Yorğanı başıma çəkib təzədən yuxuya getdim və yuxuda kövrəldim. Yata bilmədim, təzədən qalxıb getdim Nizami metrosunun yanına, ordan da Vaqif müəllimin evinə. Bir-iki adam həyətdə siqaret çəkirdi, heç kimi içəri buraxmırdılar.

Elə qapının ağzıncada fikirləşdim ki, Vaqif Səmədoğlunun əlində əlac olsaydı, özünə əbədi bir ömür düz-qoş eləyər, ölməzdi. Bu mənada xalq yazıçısı Anar düz deyir, o, ölümdən çox yazsa da, həyatı çox sevirdi.

Azərbaycanda Moşunu Vaqif Səmədoğlundan çox tanıyırlar. Kənddəkilərə deyəndə ki, Vaqif müəllim dünyasını dəyişib. Soruşurdular ki, o, kimdir? Moşunun adını deyən kimi içlərini çəkirdilər.

Yeri gəlmişkən, Moşu obrazı Valeh Kərimovu bədbəxt elədi. Bir dəfə Valeh müəllimin bir müsahibəsini oxumuşdum. Çox təsir eləmişdi. Deyir, mənə ciddi tədbirlərdə çıxış eləməyə icazə vermirlər ki, birdən zalı gülmək tutar.

Vaqif Səmədoğlu şeirin harda olduğunu yaxşı bilirdi. Master idi. O, sözü necə demək lazımdır, bunu da yaxşı bacarırdı. Gözəl bənzətmələri vardı. Həyat görmüş bir kişi idi. Səməd Vurğunun oğlu olmaq, Nazim Hikmətlə xatirələri olmaq, böyük rus şairləri ilə oturub-durmaq onu həmişə maraqlı eləyən cəhətlərdən olub.

Düzü, o boyda xalq şairinin haqqında ən adi sözlərlə danışmağım hərdən özümü də təəccübləndirir. Şeirin harda olduğunu yaxşı bilirdi, sözü necə demək lazım olduğunu yaxşı bacarırdı, gözəl bənzətmələri vardı... Amma bunları bilmək zarafat iş deyil, elə xalq şairləri var metafora sözünün mənasını anlamır, təşbehlə təsbeh sözünü qarışdırırlar.

Vaqif Səmədoğlu ölümlə çox oynamağa çalışdı, ancaq ölüm daha ciddi kişidir, zarafat-zad hərləmir. O, əslində, ölməyi reklam elədi, o, ağır xəstəliyə düçar olduğunu biləndən sonra sanki ölümün təbliğatı ilə məşğul olmağa başladı. Qadına-qıza yaman həssas idi Vaqif müəllim. Həmişə məclislərdə ən gözəl xanımların yanında oturardı. Bütün gözəl xanımlar onun yanında daha da gözəl görünürdü. Yəqin cavanlığında da bu cür olmuşdu. Vaqif müəllim yerin altını da bilirdi, üstünü də. Dünyanın bütün işlərindən halıydı.

Anar müəllim vida mərasimində dedi ki, Vaqif Səmədoğlu bizə kişi kimi yaşamağı öyrətdi. Mən ömrümdə Vaqif Səmədoğlunun vida mərasimindəki qədər udqunmamışam. Azdramanın üçüncü mərtəbəsində gözlərimi qıyıb Vaqif müəllimin tabutuna o qədər diqqətlə baxdım ki, məxmər parçanın altında onun burnunu gördüm. Tabutun üstündə şəkilə baxdım, mənə elə gəldi ki, içəridə kimsə danışır, hətta elə bildim şəkil zala dil çıxardır, barmağını yelləyir, camaatla zarafatlaşır...

Dünyaya Səməd Vurğunun oğlu kimi gəlmək və Vaqif Səmədoğlu kimi ölmək əslində, pis bir şey deyil, şəkil zarafatlaşmasın, neyləsin? Şair öləndən sonra şeirlərinin hamısına birdən-birə güc gəlir. Bütün şeirlərinə qəribə bir məna qatılır. Və bu proses uzun müddət davam eləyir. Mənsə Vaqif müəllimin ölümün təsirindən bir xeyli uzaqlaşıb bu yazını yazdım ki, emosiyaya qapılmayım...

Ömür boyu ölüm nədir sualına cavab axtaran Vaqif Səmədoğlu bir dəfə mənimlə söhbətində dedi ki, məni ən çox o yandıracaq ki, ölüm nədir, biləcəm, amma heç kimə deyə bilməyəcəm ki, ölüm budur. Zəng də eləyib deyə bilməyəcəm. Xəbər də vermək olmayacaq. Adam yanıb-tökülür.

Bəlkə Vaqif müəllim yenə də ölümün nə olduğunu bilmir. Bəlkə getdiyi yerdə də ölüm nədir sualına cavab axtarır. Məncə, insan doğulduğunu hiss eləmədiyi kimi öldüyünü də bilmir. Və mənə elə gəlir ki, Vaqif Səmədoğlunu ən çox o yandırıb-tökəcək ki, gül kimi bir ömrü, pulu, ev-eşiyi, titulları, ordenləri ölüm haqqında düşünməyə sərf elədi.

Bu gün Vaqif Səmədoğlu həyatda yoxdur, hərdən darıxıram, feysbukda profilinə baxıram, köhnə yazışmalarımızı təzədən oxuyuram. Vaqif müəllimi necə çox istəyirdim. İmkanım olsaydı, bircə dəfə boynunu qucaqlayardım, o, bir içki məclisində mənim boynumu qucaqladığı kimi. Bircə ona sevinirəm ki, Vaqif Səmədoğlu həyatda bircə dənə də çətinlik görmədi, ömrünü bəy kefində yaşadı, yedi-içdi, gəzdi-dolaşdı, heç nədən korluq çəkmədi... Onun əzabı təkcə xərçəng xəstəliyindən çəkdiyi ağrılar oldu.

Nə yaxşı ki, o, bütöv bir ömrü xərçəng ağrılarıyla yaşamadı...


Müəllif: Kəramət Böyükçöl