26 Dekabr 2015 18:26
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən optimist əhvalın tərəfdarıyam. Nə qədər çətin olsa da, bizi gözləyən müşkül günlərin, ayların, hətta ola bilsin, illərin sanbalını, salğarını, ağırlığını çəkə-çəkə vəziyyətdən çıxış yolu tapmalıyıq, böhrandan silkinməyin yönünü-yöntəmini bulmalıyıq, bütün bunlarsa ilk növbədə nikbin və diri qalmaqdan keçir. Məşhur ifadəni dəyişib belə də demək olar: Hər toplum öz halına layiqdi. Neft sərxoşluğu ötüb keçir yavaş-yavaş. Məstlikdən sonrakı peşmançılıq da fayda vermir.

İnsan öz yaşını yaşıdının üzünə baxanda duyduğu kimi, mən də öz halımı çevrəmdəki adamların halına baxıb anladım. Bahalaşmanın təzə başladığı axşamların birində supermarket qarşında bir nəfəri gözləyirdim. Saat 11-də iri dükan bağlandı, amma müştərilərin ardı-arası kəsilmirdi. Supermarketin həmişə gecə saat 12-də bağlanmasına öyrəşmiş, çoxu da varlı-hallı, maşınlı adamlardan ibarət müştərilər tez-tələsik irəli cumur, şəffaf qapıdan işığa tutulmuş ərzaqla dolu salona baxır, dükanın qapısının artıq kilidləndiyini biləndə ümidsiz-ümidsiz ətrafa boylanırdılar. Sarsıdan mənzərəydi.

Ancaq olan olub, vəziyyət məlum... Bundan sonranın hayına qalmalı, innən belənin tədbirini tökməliyik. "Həyat səni güldürəndə gülürsən, Hünərin var ağladanda gül görüm" misralarının bəsit məntiqinə uyğun, birtəhər ayaqda qalıb özümüzü finiş xəttinə - yəni krizisin finiş xəttinə - sağ-salamat və həm də insan olaraq çatdırmağın peşinə düşməliyik.

Əlbəttə, "doxsanlar"ı bir kərə yaşamış nəsil üçün onun təkrarıyla üzləşmək asan deyil. Onsuz heç nə asan deyil daha.

Bilmirəm bu bir təsadüfdü, yoxsa anlaşılmaz şəraitdə ortaya çıxmış zərurət, bu yaxınlarda insanın dözümündən və mübarizəsindən bəhs eləyən iki əsəri ard-arda oxudum. Ernest Heminqueyin "Qoca və dəniz"ini, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş"ını.

"Qoca və dəniz"də ömrünü geridə qoymuş balıqçının amansız, geniş, intəhasız dəryada ov uğrunda savaşı sahilə nəhəng bir balıq skeleti gətirməsiylə bitir - ölçürlər, məlum olur ki, əti dəniz yırtıcılarına qismət olmuş skeletin uzunluğu 18 futdu, təxminən 5 metr yarım. Nəhəng, sarsıdıcı, parlaq bir final... Qəribə, uğursuz, amma şöhrətli bir sonluq! Vur-tut sür-sümükdən ibarət bir qələbə... Artıq heç nə. Bir də böyük mübarizəyə sərf olunmuş insan əməyi.

***

Çingiz Aytmatovun povestində bir qədər fərqlidi. Məqsəd ovu gətirmək deyil, məqsəd Alabaşa "çatmaqdı".

Yeniyetmə oğlanın - Kiriskin fırtınalı, dumanlı-zülmət okeandan geriyə, sahilə, quruya, torpağa, Alabaşın yanına sağ qayıtması təkcə anasından eşitdiyi duanı fasiləsiz vird eləməsi, qoca Orqanın tapşırığına uyğun qütb bayquşunun hərəkət istiqamətini tutması hesabına başa gəlmir. Bunlar da var... Dua da, keçmişin təcrübəsi də, qütb bayquşunun düzxətli uçuşu da qayıqdakı üç nəfərin, o cümlədən atanın ölümündən sonra oğlanın dadına çatan amillərdi.

Ancaq oğlanın müqəddəratı həmişə və hər yerdə olduğu kimi, daha artıq onun özündən, özünün müqavimətindən asılıdı. Hər cür çətinliyə, təkliyə, köməksizliyə tab gətirməli, balaca çəlləkdəki yeganə həyat mənbəyini -içməli suyu qurtum-qurtum içməlidi. Qoca Orqanın, qohum Mılqunun, ata Əmirayinin dənizə qovuşmasından sonra tək qalmış oğlan yenə də bədəninin yanğısına, ehtiyacına, amansız istəyinə rəğmən suyu qənaətlə içir.

Möhtəşəm Alabaş sahildə görünür...

***

Mən nikbin olmağın tərəfindiyəm. Yeriyəndə ayağın altına yox, üfüqə baxmaq lazımdı.


Müəllif: Qurban Yaquboğlu