“Brifinq”in qonağı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadədir. Qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşdıqlarını deyən Y.Bağırzadə AMİP-in hədəflərini açıqladı. O, budəfəki seçkilərdə daha şanslı namizədlərə üstünlük verəcəklərini söylədi. AMİP-in digər partiyalarla münasibətlərinə toxunan partiya sədri heç kimlə düşmən münasibətində olmadığını bildirdi. O, həmçinin kolleksiyasındakı nadir əşyalardan da ilk dəfə söz açdı.
Nərgiz Ehlamqızı: Siyasətçilərin bir çoxu tətilə çıxıb, qarşıdan gələn parlament seçkilərinə görə gərgin rejimdə çalışanlar da var. Siz hansı kəsimə aidsiniz?
- Dostlarımıza, həmkarlarımıza, oxuculara bu isti yay günlərində gözəl istirahət arzulayırıq. Hər bir şəxsin istirahət etmək hüququ var. Kifayət qədər ciddi təşkilatın sədriyəm, qarşıdan gələn parlament seçkiləri partiyamızın və ölkənin ictimai-siyasi həyatında önəmli hadisə olduğuna görə məzuniyyətə getmədim. Bu, onun göstəricisidir ki, AMİP parlament seçkilərinə ciddi yanaşır. Seçki kampaniyası sentyabrın 1-də başlayacaq və artıq kampaniyaya cəmi 1 ay qalıb. Buna görə də istəsəm də, istirahət edə bilmərəm. Dostlar, qohumlar həm Gəncəyə, həm də Avropaya dincəlməyə dəvət edirlər, amma bundan imtina edirəm. Azərbaycan tipli dövlətlərdə siyasi partiyaların parlamentdə təmsilçiliyi önəmli xarakter daşıyır. Partiya sədri kimi öhdəlik götürmüşəm ki, AMİP bu il parlamentli partiya olacaq. Bizim daimi fəaliyyət göstərən seçki qərargahımız var, ofisdə iş gedir. Qismət olarsa, seçkilərdən sonra gedib dincələrəm.
“Partiya seçkidə iştirak etmirsə, onun fəaliyyəti sıfıra bərabərdir”
Dilqəm Əhməd: Parlamentdə neçə nəfərlə təmsil olunmaq şansınız var? AMİP-dən nə qədər adam namizədliyini irəli sürəcək?
- Bəzi məlumatlar yayılır ki, hansısa partiya seçkini boykot etmək istəyir. Siyasi təşkilat seçkidə iştirak etmirsə, onun fəaliyyəti sıfıra bərabərdir. Bizim 2 ay öncədən seçkidə iştirak etmək haqqında qərarımız var. Ötən parlament seçkilərində iştirak etdik və belə düşünmüşdük ki, nə qədər çox namizədlə iştirak eləsək, o qədər yaxşıdır. Heç bir bloka qoşulmadıq. Bildiyiniz ki, hakim partiya da heç bir bloka qoşulmadı, seçkiyə təkbaşına getdi. AMİP-ə 2010-cu ildə sədr seçilmişəm, özümüzdə güc tapdıq və seçkidə 70-ə yaxın namizədlə iştirak elədik.
“Bu seçkilərdə kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəyik”
Nemət Orucov: Parlament seçkilərində müxalifətdən ən çox namizədi olan AMİP idi?
- Bəli. Bu sayda namizədlə seçkiyə qatılmaq hərtərəfli çətin iş idi. Azərbaycandakı seçki dairələrinin yarıdan çoxunu əhatə edirdik, əfsuslar olsun ki, parlamentə düşə bilmədik. Bu il başqa platforma üzərində işləyirik. Hesab edirik ki, daha şanslı namizədə imkan yaratmalıyıq. Keyfiyyətə üstünlük verəcəyik. Güc yayılanda effekt az olur. Namizədin müşahidəçilər, vəkillər institutu var ki, bu, özündə insan, maddi və vaxt resursunu birləşdirir. Builki seçkilərdə şanslı namizədə dəstək verib gücümüzü bölməməyə çalışacağıq. Növbəti həftə rayonlara yenidən səfərim olacaq, dairələrdə görüşlər keçirəcəyəm. Namizədlərin monitorinqini aparacağıq. Bir dairəyə iki dəfə səfər edirik. Elə olur ki, bir dairədən 2 namizədimiz çıxır. Onlarla iş aparmalıyıq, şanssız namizəd şanslı namizədin xeyrinə dəstək verməlidir. AMİP çoxpartiyalı sistemin əsasını qoyan təşkilatdır. Birinci qeydiyyatdan keçən siyasi təşkilat kimi beynəlxalq təşkilatlarda nüfuzludur. Beynəlxalq Demokratlar İttifaqında təmsil olunuruq, orada təmsilçilik ölkə üzrə bir təşkilatdan ibarətdir. Bir şeyi də qeyd edim, nə qədər desək də, ölkəmizdə qohumluq, regional faktor var. Bu da seçkilərdə çox açıq görünür. Özüm gəncəliyəm, 4500 səs topladım.
D.Əhməd: Rəqibiniz kim idi?
- Xanlar Vəliyev idi. Qohumluq faktoru ciddi faktordur. Mən gəncəliyəm, böyük nəslimiz var, Orta Asiyaya sürgün olunmuşuq, həmişə nəsildə siyasi aktivlik olub.
N.Orucov: Gəncədə vəzifədə işləmisiniz?
- İcra Hakimiyyətinin hüquqşünası kimi işləmişəm, Gəncənin baş dövlət notariusu olmuşam. 24 yaşından etibarən müstəqil işdə çalışmışam. I çağırış parlament seçkilərində Gəncənin deputatı olmuşam. İndi də insanlarla əlaqələrim var, xeyirdə-şərdə oluram, bütün tədbirlərdə iştirak edirəm. Bu günün özündə də Gəncədən çox müraciətlər olur. Elə deputatlar var ki, onu seçildiyi regiona yerlilik faktoru bağlamır. Rayona investisiyanın daşınması ilə əlaqədar deputatın kifayət qədər nüfuzu var, abadlıq işlərinə icra hakimiyyətinin təsir vasitəsilə yardım edə bilər, təhsillə əlaqədar birbaşa özünün müdaxilə etmək hüququ olmasa da, Təhsil Nazirliyi ilə köməklik göstərmək imkanına malikdir. Mənim hər iki oğlum Böyük Britaniyada oxuyur. Onları oxutmaq üçün əziyyət çəkirik. Yaxşı olardı ki, xaricdə təhsil alan belə istedadlı tələbələrimiz dövlət proqramına salınsın.
D.Əhməd: Övladlarınız hansı ixtisas üzrə təhsil alırlar?
- Oğlumun biri siyasi iqtisad, o biri isə investisiya və investisiyanın riski fakültəsində oxuyur.
Nərmin Muradova: Onları da siyasətə yönləndirəcəksiniz?
- Xeyr. Onlar iqtisadiyyatla məşğul olmaq istəyirlər. Düzdür, övladlarım aktivdirlər, Xocalı soyqırımı ilə əlaqədar 200-ə yaxın tələbə ilə birgə kampaniya təşkil etdilər. Sosial şəbəkə vasitəsilə təbliğat apardılar. Böyük oğlum Qəzənfər Bağırzadə kampaniyanın başında dururdu, qardaşı Rafiq də kömək elədi, kifayət qədər möhtəşəm kampaniya alındı. Londonun mərkəzində əllərində Azərbaycan bayraqları ilə yürüş təşkil elədilər, yürüş səfirliyimizə qədər davam elədi. Azərbaycanın Britaniyadakı səfiri sonda yürüş təşkilatçılarını qəbul elədi. Azərbaycanda olanda fləşmob da təşkil edirdilər, təcrübələri vardı.
N.Ehlamqızı: Təhsillərini bitirəndən sonra Azərbaycanda çalışacaqlar?
- Əlbəttə, fikrimiz var ki, aldıqların təhsilin barını Azərbaycanda versinlər. Azərbaycan varlı dövlətdir, gözəl xalqımız var. Niyə övladlarım xeyri hansısa şirkətə versin?
D.Əhməd: AXCP, Müsavat Partiyasında gənclər təşkilatları ilə bağlı problemlər müşahidə olunur. Keçmiş gənclər təşkilatının üzvləri müəyyən post qazansalar da, sonradan istefa verirlər. AMİP-də gənclər təşkilatının fəaliyyəti nə yerdədir?
- AMİP-in gənclər və qadınlar təşkilatları kifayət qədər aktivdir. İsveçin Jarl Harmson Fondu ilə müqaviləmiz var, ildə iki dəfə treninqlər keçirilir. Hər dəfə 5 gənci “Dünyanı öyrənirəm” proqramı çərçivəsində həmin treninqlərə göndəririk. Moderat partiyasının gənclər təşkilatı ilə də müqaviləmiz var.
N.Ehlamqızı: AMİP-in gənclər təşkilatının sədri partiya lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovdur. Etibar bəyin xeyir-duası ilə bu postdadır, yoxsa Ayxanın öz istəyi idi?
- Gənclər təşkilatının sədri postuna seçkilər keçirilir. Seçkidə Ayxan Məmmədov namizədliyini irəli sürdü, onunla yanaşı, bir neçə gənc də iddialı idi, Ayxan seçildi.
N.Orucov: Digər partiyalarla AMİP-in münasibətləri necədir? Heç bir birlikdə təmsil olunmursunuz, bloka qoşulmursunuz. Digər siyasi qüvvələrlə əməkdaşlığınız yoxdur. Baxmayaraq ki, 2011-ci ildə AXCP, ADP, Müsavat, ALP ilə İctimai Palata ilə qısamüddətli əməkdaşlığınız oldu. Blok və ittifaqlarda nə əcəb təmsil olunmursunuz?
- Adətən, Azərbaycanda siyasi təşkilatlar seçki öncəsi bloklaşır, seçkidən sonra dağılırlar. Hesab edirəm ki, bloklaşmanın özü yaxşı haldır. Amma geniş bloklaşmanın tərəfdarıyam. Belə bloklaşma partiyanın özünün sosial dayağına təsir edir. Birləşib ayrılırsan, ictimaiyyət görür birləşdilər, fikirləşirlər ki, nə isə əmələ gələcək, seçkidən sonra hamısı dağılıb gedir. Üstəlik, daxili ittihamlar başlayır. Blokda təmsil olunan siyasi təşkilatlar uğursuzluğu bir-birinin üstünə atır. Biz geniş əməkdaşlığa üstünlük veririk. Onda öhdəliklər az olur deyə ittihamlar da az olur. 2010-cu ildə bəyanat verdim ki, gəlin 125 dairədən siyasi müxalifət düşərgəsində təmsil olunan sağçılardan ibarət vahid seçki siyahısı müəyyən edək. İddia etmirəm ki, o model mütləq qələbə çalacaqdı. Sadəcə biz 5 rayonda güclüyüksə, 5 rayonda başqa siyasi təşkilat güclü ola bilər, onda səslər bir yerə yığılacaqdı. Baryer məsələsini aşmaq mümkün olacaqdı. Bundan başqa, vəkillər institutu da yığcam olacaqdı. Bir məsələ var ki, onu nəzərdən qaçırırlar, 3 faizlik baryeri keçəndə hökumətdən maliyyə əldə olunacaqdı.
N.Orucov: Belə başa düşdük ki, AMİP seçkiyə təkbaşına gedir?
- Bugünkü qərara görə, seçkiyə təkbaşına gedirik. Ancaq blok şəklində getməyimiz də açıq qalır.
“Sağ partiyalarla əməkdaşlığa önəm veririk”
N.Orucov: Vaxtilə AMİP-in sol yönlü partiyalarla da sıx əməkdaşlığı olub.
- Mən partiyaya sədr seçiləndən sonra sağ və sağ-mərkəzçi partiyalarla əməkdaşlığa önəm verirəm.
D.Əhməd: Bu, nədən irəli gəlir?
- İdeologiya ayrıdır axı. Sağçıların fikri tamam başqadır. Biri bazar iqtisadiyyatını əsas götürür, vətəndaşın varlı olmasına çalışır, o biri dövlətin güclü, vətəndaşın zəif olmasını istəyir.
D.Əhməd: Bizim ölkədə partiyalar arasında münasibətlər heç vaxt ideoloji zəmində olmayıb.
- Yox, mən ona diqqət yetirirəm.
N.Orucov: Azərbaycanda 55 partiya qeydiyyatdan keçib. Siyasi partiya sədrlərinin çoxu arasında şəxsi münasibətlər rol oynayır. Elə partiya sədri varmı Sizinlə düşmən münasibətdə olsun?
- Yox, heç bir partiya sədri ilə düşmən münasibətdə deyiləm. Şəxsən mənim hamı ilə yaxşı münasibətlərim var. Hər hansı bir məsələdə fikir ayrılığı ola bilər, hətta bəzən ittihamlar da olur. Biz heç kəsi ittiham eləmirik, hamıya öz yolunda uğurlar arzulayırıq. Çalışıram ki, münasibətlər yaxşı müstəvidə olsun. Çünki bizim bölüşdürə bilməyəcəyimiz bir şey yoxdur.
N.Orucov: AMİP uzun illər AXCP və Müsavatla hansısa şəkildə əməkdaşlıq edib. Bu üç partiyanın adı gücünə, potensialına və orada toplaşan ziyalı faktoruna görə eyni çəkilib. Sanki Siz partiya rəhbərliyinə gələndən sonra AMİP-in siyasi xəttində bir qədər dəyişikliklər oldu və AMİP liberal xəttə üstünlük verdi. Belə demək olarmı, yoxsa mən səhv düşünürəm?
- Hərə fəaliyyətini bir cür görür. Biri mitinq, piket keçirir, digəri danışıqlar yolunu üstün tutur. Biz dialoqun baş tutması arzuları ilə bağlı çıxışlar edirdik. Belə başa düşürük ki, məsələləri danışıqlarla həll etmək daha yaxşıdır. İşğal altında torpaqlarımız var, Xəzərin statusu ilə bağlı məsələmiz həll olunmayıb. Danışıqlar yolu ilə nəyəsə nail ola bilərik. Həmişə həm müxalifət, həm də hakimiyyətlə masa arxasında oturub söhbət etmək yolunu açıq qoymalıyıq.
N.Orucov: Strateji layihələrlə bağlı dərhal reaksiya verirsiniz. TAP və TANAP ciddi layihə kimi qeyd olunur, onun iqtisadi yox, daha çox siyasi layihə olduğu deyilir. “Türk axını” artıq Ərdoğanın masası üzərindədir, bu, Azərbaycanın layihəsinə rəqib layihə sayılır. Bu haqda nə düşünürsünüz?
- Vəziyyət çox mürəkkəbdir. Dünyada faktiki olaraq 2 güc mərkəzi var: ABŞ və Rusiya. Üçüncü güc mərkəzi kimi Avropa İttifaqını da qeyd etmək olar. Bu gün mərkəzlər arasında enerji daşıyıcılığı ilə əlaqədar rəqabət gedir. Ukrayna ilə əlaqədar iki böyük dövlət və Avropa İttifaqı konfliktə girir, amma İranla əlaqədar 6-lıq ölkələri oturub qərar verir. Bu iki faktor vəziyyətin çətin olduğunu göstərir. Azərbaycanda büdcə karbohidrogen ehtiyatlarından formalaşır, neft və qazın qiyməti büdcəmizə, xalqımızın yaşayışına təsir edir. Ona görə də TAP və TANAP layihələrinə önəm verməliyik. TANAP artıq öz reallığını tapıb. TAP “Cənub dəhlizi”nə və “Türk axını”na alternativ layihədir. 4-5 gün öncə Avropa İttifaqının 15 dövləti TAP-a dəstək verməsi haqda bəyanat verdilər. Azərbaycanın istəsə də, istəməsə də, Rusiya ilə iqtisadi cəhətdən konkurensiyası əmələ gəlir. Bu gün İran TAP-a qoşulmaqda maraqlıdır. Bunun üçün də türkmən qazı gəlib Azərbaycan ərazisindən keçməli və oradan İran qoşulmalıdır. Artıq İran bu məsələdə neytrallaşıb. Vəziyyət bizim xeyrimizədir.
N.Orucov: TAP və TANAP-dan Azərbaycan tranzit kimi də xeyir götürə bilər.
- Bəli, həm də tranzit dövlətinə çevrilirik. Bizim neftdən asılı olmayan ayrıca iqtisadiyyatımız olmalıdır. Aqrar, sənaye dövlətinə çevrilə bilərik. Biznes sahəsində ombudsman olmalıdır. Bütün bayramlara hörmətlə yanaşırıq, xristianların Yeni il bayramını, atəşpərəstlərin Novruz, müsəlmanların Ramazan bayramını qeyd edirik, hər bayramda da 5-7 gün tətilə çıxırıq. Bu günləri tətil kimi dövlət verir, bəs biznesmenlər, kredit götürənlər də var axı. Biznesmen işçinin maaşını, vergisini verməlidir. Dövlət bununla bağlı biznesmenlərə təminat verməli, əlaqələr tənzimlənməlidir.
“Məndə Lidiya çarı Krezə məxsus əşyalar var”
D.Əhməd: Bildiyim qədərilə tarixlə maraqlanırsınız. Sizdə qədim sənədlər olduğu da deyilir. Kolleksiyanızda nələr var?
- Tarixi sevirəm. Hərənin bir hobbisi var, mən də tarixlə maraqlanıram. Herodotun “Tarix” əsərini, yəqin, oxumusunuz, orada Xəzəryanı dövlətlərlə əlaqədar fəsil var. Belə hesab olunur ki, Tomris bir ehtimala görə indiki Qazaxıstan ərazisində, digər versiyaya görə Azərbaycanda olub. Herodotun kitabını oxuyanda aydın olur ki, Azərbaycanda olub. Dünyada yaranan ilk dövlətlərdən biri Türkiyənin indiki Uşak bölgəsində olan Lidiya dövləti olub. Onun çarı Krezə türklər Harun da deyir. O, birinci sikkəni icad edib, ona qədər natural təsərrüfat olub. Krez Azərbaycana səfər edib, Əhəməni dövlətinin başçısı Kir onu özünə müavin edib. Məndə Krezə aid əşyalar var. Onun Azərbaycanla birbaşa bağlılığını təsdiq edən əşyalar var.
“Britaniya muzeyinə nərdtaxta bağışlamışam”
N.Ehlamqızı: Bu əşyaları necə əldə etmisiniz?
- Onlar mənə babamdan qalıb. Atam hüquqşünas idi, uzun illər prokurorluq sistemində çalışıb, özü tarixçi olub, babam Özbəkistana sürgün edilib. Özüm birbaşa tarixlə maraqlanıram. Britaniya muzeyində mənim öz bölgəm var. Gördüm ki, ermənilər “Sarı gəlin” mahnısı ilə dolmanı özününküləşdirmək istəyir, dedim, nərtaxtanı da özününküləşdirməmiş cəld tərpənim. Ona görə də Britaniya muzeyinə nərtaxta bağışlamışam, öz bölgəmi açmışam. “British” muzeyinin internet səhifəsində Yusif Bağırzadə adı yazılanda bölgəm açılır.
“Harun ər-Rəşidin qızıl sikkəsini Tarix Muzeyinə verdim”
D.Əhməd: Sizdəki əşyalardakı yazını Firudin Cəlilov oxuyub?
- Bəli, Tarixi Muzeyinin Numizmatika fondunun şöbə müdiri Əli Rəcəbli ilə Firudin müəllim tapdı. Hətta muzeyə mən sikkə də vermişəm. Ermitajın direktoru Pietrovskinin atasının bir məqaləsi çıxmışdı. Pietrovskinin atasına ermənilər bir sikkə gətiriblər. Deyiblər ki, VII əsrdə biz dövlət şəklində mövcud olmuşuq, dövlətimiz Harun ər-Rəşid tərəfindən işğal olunub. Bilirsiniz, dövlətin olduğunu təsdiq edən elementlərdən biri də pul vahididir. VII əsrdə Harun ər-Rəşid də tutduğu dövlətlərdə qızıl sikkə buraxmağı qadağan etmişdi, hərəsinə 1 qızıl sikkə verirdi ki, etalon olaraq gümüşünü buraxa bilərsiniz. Ermənilər də Pietrovskinin yanına sikkəni aparıblar, arvadı erməni olsa da, o deyib ki, utanmırlar, ərəb pulunu tərsinə çevirib üstümə gətiriblər, bu, dövlətə aid pul deyil. Əli Rəcəbli kolleksiyama baxanda sikkənin birini götürdü ki, biz rəhmətlik Ziya Bünyadovla 50 ildir bu sikkəni axtarırıq. Sikkəmdə Alban və Aran dövlətinin eyni dövlət olduğu yazılmışdı. Bu haqda sonra kitab buraxıldı. Sikkədə Aran-Alban qeyd olunmuşdu. Aran daxildəki adımız imiş. Harun ər-Rəşidin qızıl sikkəsi kolleksiyamdan çıxdı, Tarix Muzeyinə verdim. 6 ay danışıqlar getdi, sonda muzeyə təqdim etdim, qorxdum ki, birdən məndə itib-batar. Sağ olsunlar, Tarix Muzeyi məni mükafatlandırdı.
N.Orucov: Sikkə Harun ər-Rəşidin Arana verdiyi sikkə idi?
- Bəli, qızıldan idi.
N.Ehlamqızı: Hansı mahnıları dinləyirsiniz?
- Klassik mahnılara qulaq asıram. Onları dinləyəndə dincəlirəm. Üzeyir və Soltan Hacıbəyovların, Fikrət Əmirovun musiqiləri qiymətsizdir. “Karvan” musiqisinin analoqu yoxdur. Qulaq asanda elə bilirəm, səhrada dəvənin belində gedirəm.
N.Ehlamqızı: Böyük Britaniyaya gedəndə nə aparırsınız?
- Klassik mahnılarımızdan ibarət disklər, Qobustan qayaları və xalçalarımızla bağlı kitablar aparıram. İmkan olanda da nərd aparıram.
N.Muradova: Yaxşı nərd oynayırsınız?
- Yox, ancaq bizə məxsus olması ilə bağlı reklam edirəm (gülür). 20-30 ingilis dostumuza nərtaxta hədiyyə etmişəm.
N.Orucov: Siyasətdən kənar həyatınız necədir?
- 3 övladım var. Böyük oğlumun 20, ortancıl övladımın 19, qızımınsa 7 yaşı var. Boş vaxtımı qızıma həsr edirəm, aparıb gəzdirirəm, bir-birimizi başa düşürük. Həyatda bacım olmayıb, qız atadan ötrü həyatdır.
D.Əhməd: Namizəd olacaqsınız, seçki kampaniyası dönəmində hansı yeni modeldən istifadə etməyi düşünürsünüz?
- ABŞ seçki sisteminə bələdəm. 2 ay müddətində oradakı proseslərlə tanış olmuşam. ABŞ-da sonda səs sayılması maraqlıdır. Bir şeyin şahidi oldum. Bir dairədə demokratlar piket edirdi ki, respublikaçıların namizədini istəyirik. Bizdə adamı buna görə topa qoyub atarlar. İkincisi, öhdəlik məsələsi var. Seçkinin prioritet məsələsi öhdəlikdir, öhdənə nə götürmüsənsə, onu da etməlisən. Kimsə seçki kampaniyasında konsert verir, bu, müvəqqəti xarakter daşıyır, əhval-ruhiyyəni açmaq üçün edirlər, biabırçı şeydir. Yerli icra hakimiyyəti orqanları bütün namizədlərə eyni şərait yaratmalıdır. Namizəd öz mesajlarını insanlara rahat çatdırmalıdır. ABŞ-da elə namizəd vardı ki, stendə ancaq fotosunu yapışdırmışdı, heç bir sözü, mesajı yox idi. Eləsi vardı şəklini qoymamışdı, sadəcə, öhdəliyini, mesajını ötürürdü. Bu barədə soruşanda dedilər ki, foto namizəd üçün, əksinə, ziyandır, insanın sifətindəki aqressivlik, kobudluq seçiciyə mesaj ötürür. Bu, o demək deyil ki, həmin şəxs deputat ola bilməz.
Nərgiz EHLAMQIZI
Foto: Rəşad ABBASOV