Soçi razılaşmasına əsasən İdlibdən müxalifət qüvvələri ağır texnikanın çıxarılmasını bu gün yekunlaşdıracaq.
Teleqraf.com xəbər verir ki, hərbisizləşdirilmiş zonalardan ağır texnikaların çıxarılmasına artıq azqalıb.
Azad Suriya Ordusu və ona bağlı olan müxalifət qüvvələri Əsəd və İran qüvvələrinin olduğu cəbhədən geri çəkilib və İdlibin qərbinə doğru irəliləyirlər. Özləri ilə isə ağır toplar, orta mənzilli raketlər və digər texnikaları da aparırlar.
Onların yerinə Türk Silahlı Qüvvələri bölgəyə nəzarəti təmin etmək üçün silah və zirehli texnika gətirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib ki, Rusiya və Türkiyənin İdlibdə yaratdıqları silahsızlaşdırılmış zonanın sərhədləri müəyyənləşib.
Onun sözlərinə görə, iki ölkə arasında razılaşmadan sonra hərbçilər bir neçə dəfə bir araya gəlib: “Türkiyə və Rusiya orduları arasında çox sıx təmaslar, işbirliyi və əlaqə yaranıb”.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Soçidəki görüşdən sonra İdlibdə silahsızlaşdırılmış zona yaradılması barədə razılaşma əldə etmişdi.