Almaniyanın keçmiş kansleri Villi Brandtın ABŞ kəşfiyyatı üçün informatorluq etdiyi iddia olunub.
Teleqraf.com xəbər verir ki, 1969-1974-cü illərdə Almaniya kansleri olmuş Brandtın bu posta gələnədək 4 il ABŞ Əks Kəşfiyyat Korpusunun (CIC) informatoru olduğu deyilib.
“Der Spiegel” onun 1948-ci ildən 1952-ci ilə qədər ABŞ kəşfiyyatı üçün casusluq etdiyini yazıb.
CIC-nin 1 iyun 1952-ci il tarixli məxfilikdən çıxarılan siyahıda alman və avstriyalı informatorların olduğu bildirilib. Alman araşdırmaçı Tomas Boqardta görə, Brandt Amerika kəşfiyyatı üçün “qızıl mədəni” idi.
Brandt casusluq fəaliyyəti dövründə Almaniya Demokratik Respublikası (ADR) və hakim Sosialist Birlik Partiyasının gənclər qanadı FDJ haqqında CIC-ə məlumat verib.
Sabiq kansler sovet ordusunun gəmiqayırma zavodları, fabriklər, dəmir yolu sistemi və telefon şəbəkəsi haqqında da ABŞ kəşfiyyatına gizli məlumatları ötürüb.
Brandt 4 il ərzində 200 dəfə onu “etibarlı” kimi təsnif edən CIC zabitləri ilə görüşüb. 4 il informatorluq edən Brandt sənədlərdə “O-35-VIII” kod adı ilə qeydiyyatda olub.
1971-ci ildə Nobel sülh mükafatı alan Villi Brandt müşaviri və “sağ əl”i Günter Giyin ADR casusu olduğu üzə çıxdıqdan sonra istefa verib. Brandt 1992-ci ildə Almaniyanın keçmiş paytaxtı Bonn yaxınlığındakı Unkel qəsəbəsində vəfat edib.