7 İyun 2023 21:12
11 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MİT-in keçmiş rəhbəri Hakan Fidanın Türkiyə xarici işlər naziri təyin edilməsi doğru qərar idi”.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli professor, siyasi ekspert Hüseyn Bağcı deyib.

Onun fikrincə, Fidanı təkcə kəşfiyyatçı kimi qələmə vermək ədalətsizlik olardı:

“Çünki Fidan MİT-in bütün pillələrindən keçib nazir olmuş bir isim deyil. Olsaydı, demək olardı. Dövlətin digər pillələrində də xidmət etmiş bir şəxsdir. 55 illik həyatının cəmi 10 ilini kəşfiyyatda keçirən bir isimdir. Siz ona təkcə kəşfiyyatçı desəniz, qalan 45 ili haqda nə deyərsiniz? Kəşfiyyatçı yox, kəşfiyyatçıları idarə edən şəxs desək, daha doğru olar. Amma kəşfiyyatın başında duran şəxsin xarici işlər naziri olması yaxşıdır. Corc Buş, ata Buş da kəşfiyyatdan gəlib. Putin kəşfiyyatçıdır. Bizim tariximizdə də nümunələr var. Hazırda MİT-ə diplomat rəhbərlik edir. MİT-i də akademik İbrahim Kalın götürdü”.

Bağcı MİT rəhbərlərinin hər zaman prezidentə ən yaxın şəxslər olduğuna diqqət çəkib:

“MİT rəhbəri prezidenti ilk görən şəxsdir. Kəşfiyyat rəhbəri prezidentə məlumat verir. ABŞ-da olduğu kimi, Britaniyada da belədir. MİT böhranını xatırlayın, əməliyyat başlayanda (FETÖ-nün çevriliş cəhdi) Fidan dərhal Ərdoğanla əlaqə saxlayır və olayı ona danışır. O vaxt baş nazir olan Ərdoğan “Kim MİT-ə yaxınlaşsa, vurun” göstərişi verir”.

Professor əlavə edib:

“Suriyada, Yunanıstanda, AB siyasətində, miqrasiyada belə təcrübəsi olan bir adamın nazir olması Türkiyə üçün önəmlidir. Türkiyə yeni dövrdə regional güc olaraq qalmayacaq. Geosiyasi proseslər Türkiyəni “çempionlar liqası”na aparır, yəni qlobal gücə çevirir. Türkiyə indi həm regional, həm də qlobal bir gücdür. Fidan yeni dövrdə balans siyasəti aparacaq. Yeni kabinetlə Türkiyə münaqişəyə yox, dünya ilə əməkdaşlığa gedir. İqtisadiyyatda da, müdafiədə də belədir. Fidan beynəlxalq münasibətlərdə balans siyasəti aparacaq. ABŞ, Britaniya və Rusiya ilə də. O, soyuq sularda gəmini idarə edən şəxs olacaq. Türkiyənin xarici siyasəti Hakan Fidanla sakitləşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu