7 Yanvar 15:41
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları xəbərdarlıq edirlər ki, Antarktidada əriyən buzlar qitənin nəhəng buz təbəqəsi altında vulkan püskürmələrinə səbəb ola, bu da yavaş, amma təhlükəli əks təsir dövrəsi yarada bilər. Yeni araşdırma iqlim böhranının səbəb olduğu Antarktida buz örtüyünün əriməsinin səthin altındakı vulkanik aktivliyi artıra biləcəyini göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” yazır.

Antarktidada 100-dən çox vulkanın olduğu bildirilir və onların bir çoxu buz örtüyü altında, xüsusən də qərb sahili boyunca yerləşir. Vulkanların bəziləri buzun üzərinə qalxsa da, bir çoxu dərində yerləşdiyi üçün onları aşkarlamaq və öyrənmək çətindir.

Tədqiqatçılar buzun tədricən itirilməsinin Antarktida buzunun altındakı maqma təbəqəsinə necə təsir etdiyini öyrənmək üçün 4000 kompüter simulyasiyası həyata keçiriblər. Nəticələr göstərir ki, buz əridikcə altındakı torpağa təzyiqi azaldır və sıxılmış maqmanın genişlənməsinə şərait yaradır. Bu proses maqma mərkəzlərinin divarlarına təzyiqi artırır və potensial olaraq vulkan püskürmələrinə səbəb olur.

Buz əridikcə səthdəki təzyiq aşağı düşür və maqmada həll olunan qazların çıxmasına imkan verir. Bu qaz buraxılması maqma təbəqəsində təzyiq yaradır və püskürmə ehtimalını artırır.

Püskürmələr səthin altında baş versə və görünməsə də, ciddi nəticələrə səbəb ola bilər. Buzaltı vulkan püskürmələrindən qaynaqlanan istilik səthin dərinliklərində əriməni sürətləndirə, buz təbəqəsini zəiflədə və potensial olaraq gələcək vulkanik fəaliyyətlərə gətirib çıxara bilər.

Alimlər xəbərdarlıq ediblər ki, bu proses yavaş əks təsir döngəsi yarada bilər: əriyən buz səth təzyiqini aşağı salır, vulkan püskürməsinə səbəb olur, bu da öz növbəsində buzların əriməsini sürətləndirən istilik buraxır.

“Buz təbəqəsinin altındakı püskürmələr əriməni artıra və qlobal temperaturun artması nəticəsində yaranmış problemləri daha da gücləndirə bilər”, - araşdırmada deyilir.

Tədqiqat göstərir ki, bu əks təsir mexanizmi əsrlərdir işləyir, yəni bəşəriyyət istixana qazı emissiyalarını kəskin şəkildə azaltsa belə, təsirlər davam edə bilər. Tarixi sübutlar göstərir ki, oxşar proseslər son buz dövründə, Antarktida buz təbəqəsinin daha qalın olduğu dönəmdə də baş verə bilər.

Elm adamları bu dəyişikliklərin yavaş tempdə getdiyini söyləsələr də, bu, Antarktidanın uzunmüddətli sabitliyi və okean səviyyəsinin qalxması ilə yarana biləcək fəsadlarla bağlı narahatlıq doğurur. Qitənin buz təbəqəsi artıq dəniz səviyyəsinin qalxmasında lokomotiv rolunu oynayır və artan vulkanik aktivlik problemləri daha da artıra bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər