Ötən ayın sonunda həbsxanada PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən DEM Partiyasının deputatları ikinci dəfə onunla bir araya gələcəklər.
Teleqraf.com xəbər verir ki, DEM-in Türkiyə parlamentindəki fraksiyasının sədrinin müavini Sezayi Təməlli heyətin ikinci görüş üçün müraciət edəcəyini açıqlayıb.
Xatırladaq ki, DEM-in PKK lideri ilə görüşü Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının çağırışından sonra keçirilib.
MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırıb. Onun fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.
Ötən günlərdə DEM üzvləri ilə görüşən PKK başçısı çağırışa müsbət cavab verib:
“Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm. (DEM) Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”.
İlk görüşdən sonra DEM hakim Ədalət və İnkişaf Partiyası (AKP) və MHP də daxil olmaqla, Türkiyənin əsas siyasi partiyaları ilə təmaslara başlayıb.