“Makronun Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi barədə bəyanatı yalan məlumatlara əsaslanıb. Bununla bağlı məsuliyyət ilk növbədə yalan informasiyaları prezident səviyyəsinə qaldıran Fransa səfirliyinin üzərinə düşür”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər kəs gürcü xalqının iradəsinə hörmətlə yanaşmalıdır.
“Fransa prezidentinin yalanlara əsaslanan bəzi qənaətlərini bildirməsi gürcü xalqının müxtəlif ölkələrin hakimiyyət orqanlarına inamını sarsıdır. Oktyabrın 26-da gürcü xalqı öz iradəsini aydın və yüksək səslə ifadə etdi. Avropa hər şeydən əvvəl xalqın iradəsinə hörmət etməlidir”, - spiker söyləyib.
Parlament sədri sabiq prezident Salome Zurabişvilinin ABŞ-ın “Makkeyn İnstitutu”nun Kissincer təqaüdünə layiq görülməsi məsələsinə də münasibət açıqlayıb. Onun sözlərinə görə, bu, keçmiş dövlət başçısının Gürcüstanda xarici qrupların təsiri altına düşməsinin daha bir sübutudur.