14:13
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soyuq müharibə"nin sonunda dünyanın aparıcı gücləri nüvə silahlarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəlmişdilər. Artıq o dövr başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Silahlara nəzarət müqavilələri dağılır, nüvə gücləri öz arsenallarını gücləndirir, yayılma riski artır. Döyüş meydanında üstünlük əldə etmək üçün taktiki nüvə silahlarından istifadə imkanları getdikcə daha çox müzakirə olunur.

Nüvə müharibəsi qorxusunun qayıdışına aparan yol 1945-ci ildə Nyu-Meksikada Trinit poliqonunda ilk nüvə partlayışı həyata keçirildiyi zaman başlayıb. 1963-cü ildə - "Soyuq müharibə" dövründə ABŞ prezidenti Con Kennedi nüvə silahlarının onlarla ölkənin əlində olacağı bir gələcəklə bağlı qorxularını ifadə eləmişdi. O, bunu “mümkün ən böyük təhlükə” adlandırmışdı.

Onilliklər ərzində silahlara nəzarət müqavilələri, texniki maneələr və qarşılıqlı təminat prinsipləri ən pis ssenarilərin qarşısını alıb.

Nüvə silahlarının qlobal ehtiyatları 1980-ci illərin ortalarında pik həddə çatdı, amma sonra tədricən azaldı. ABŞ və SSRİ 1991-ci ildə ilk Strateji Silahların Azaldılması Müqaviləsini imzaladı. Amma bu gün Rusiya və ABŞ arasında mühüm razılaşmalar təhlükə altındadır. Ortamənzilli Nüvə Qüvvələri Müqaviləsinə xitam verilib və yerləşdirilən döyüş başlıqlarının sayını məhdudlaşdıran müqavilənin müddəti gələn ilin əvvəlində başa çatır.

ABŞ tez-tez Rusiya və Çindən gələn və yeni silahlanma yarışına səbəb ola biləcək artan təhlükələrə qarşı çıxmaq üçün nüvə imkanlarını genişləndirmək zərurətindən danışır.

Hesablamaya görə, Çin 2035-ci ilə qədər nüvə ehtiyatını üç dəfə artırmağı planlaşdırır. Pekinin arsenalında artıq ABŞ ərazisinə çata bilən 600-ə yaxın qitələrarası raket var. Üstəgəl, Pekin Rusiya və ABŞ ilə nüvə qüvvələrinin məhdudlaşdırılması ətrafında danışıqlara dair təklifləri rədd edir.

ABŞ və Rusiya strateji ehtiyatlarını azaltsa da, taktiki nüvə silahları narahatlıq doğurur. Aşağı gücü və qısa məsafəsi bu silahları adi hərbi münaqişələrdə istifadə etməyə imkan verir. Moskva bu silahların Ukraynada istifadə oluna biləcəyinə dəfələrlə eyham vurub. Noyabrda Rusiya hətta doktrinanı yeniləyərək, onun istifadəsi üçün əsasları genişləndirib.

1970-ci ildə imzalanmış Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə təsbit olunmuş nüvə silahlarının yayılmaması səyləri təzyiqə məruz qalır. 191 ölkənin imzalamasına baxmayaraq, nüvə silahına malik üç ölkə heç vaxt bu sazişə qoşulmayıb və Şimali Koreya 2003-cü ildə müqavilədən çıxıb.

Müqavilənin üzvü olan İran nüvə silahına yiyələnməkdən sadəcə bir neçə ay uzaqdır. Səudiyyə Ərəbistanı da İranın öz proqramında uğur qazanacağı təqdirdə, bundan nümunə götürəcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər