Avropa İttifaqı (Aİ) yanvarın sonunda Brüsseldə keçiriləcək toplantıda Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəyini bildirdikdən sonra məsələ həll yoluna qədəm qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” Aİ rəsmilərinə istinadla məlumat yayıb.
Kanal qeyd edib ki, altı Avropa ölkəsi - Almaniya, Fransa, Hollandiya, İspaniya, Finlandiya və Danimarka Suriyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa çağırıb:
“Sanksiyaların yumşaldılması barədə söhbətlər Avropa İttifaqının xarici işlər nazirlərinin son toplantısı zamanı açılıb, bunlar nəqliyyat, neft-qaz sektorları və bəzi bank fəaliyyətlərini əhatə edəcək. Bu qərar azlıqlar və qadınların hüquqlarına hörmətlə bağlı tədbirlərin həyata keçirilməsi ilə şərtlənir”.
Mənbə sanksiyaların yumşaldılmasının Aİ xarici işlər nazirlərinin yanvarın 27-də keçiriləcək iclasında açıqlanacağının gözlənildiyini vurğulayaraq, avropalı diplomatların sanksiyalarının tezliklə yumşaldılması qərarının Ər-Riyad və Dəməşqlə müzakirələrin nəticələrinə əsaslandığını təsdiqləyib.
Qeyd edilib ki, Avropa İttifaqı Suriyada islahatları stimullaşdırmaq üçün sanksiyaları yüngülləşdirəcək.
Aİ xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasın dünən Ər-Riyadda Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə bu məsələni müzakirə etdiyi bildirilib.
Görüşdən sonra Kallas deyib ki, yeni administrasiya bütün azlıqları qoruyan dinc və hərtərəfli keçid prosesini başlatmalıdır:
“Bundan sonra Avropa İttifaqının xarici işlər nazirləri sanksiyaların necə yumşaldılacağını müzakirə edəcəklər”.