Ruslar Donetsk vilayətində dayanmayacaqlar, Dnepropetrovsk vilayətinə hücuma keçə bilərlər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü, analitik Vladislav Seleznyov deyib.
Onun sözlərinə görə, iki vilayət arasındakı inzibati sərhədlər Rusiya ordusunun Ukraynanın dərinliklərinə doğru irəliləməsinə mane olmayacaq:
“Ukrayna işğalı silah gücünə dayandırana qədər Putin ordusunun irəliləyəcəyi göz önündədir. İllüziyaya ehtiyac yoxdur. Çünki Putin ən azı 4 ilhaq edilmiş vilayəti - Xerson, Zaporoje, Luqansk və Donetski ələ keçirmək səylərini bəyan eləsə də, Xarkov və Nikolayev vilayətlərinin bəzi hissələri də Rusiyanın nəzarətindədir. Düşmən irəliləyəcək, inzibati sərhədlər onu dayandırmayacaq”.
Seleznyov vurğulayıb ki, Rusiya artıq Dnepropetrovsku bombardman etməyə başlayıb.
Baş Qərargahın keçmiş sözçüsü 2025-ci ildə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına inanmır:
“Putinin 2025-ci ildə aktiv döyüş əməliyyatları keçirmək üçün pulu var. Ukraynanın da ən azı ilin birinci yarısı üçün hərbi maddi-texniki ehtiyatları mövcuddur. Belə bir şəraitdə müharibənin yaxın gələcəkdə səngiyəcəyinə və ya dondurulmuş münaqişə mərhələsinə keçəcəyinə ümid etməyə dəyməz”.