15:32
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəsmi dairələrinin Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı söylədiklərinə verdikləri reaksiya o deməkdir ki, hədəfə nail olunub. Erməni rəsmiləri nəyi inkar etmək istəyirlər? Doğurdanmı onlar bilmirlər ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər? Bunu bilməkdən ötrü Çar Rusiyasının sənədlərini, rəsmi məlumatları oxumağı onlara tövsiyə edərdim.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini, AMEA-nın muxbir üzvü, professor Musa Qasımlı deyib.

“Məgər onlar bilmirlərmi ki, indi Ermənistan adlanan ərazinin yerli əhalisi azərbaycanlılar olub? Bunu bilməkdən ötrü onlar tarixi mənbələrə müraciət edə bilərlər. Həmin sənədlərdə hər şey aydın şəkildə yazılıb. Erməni rəsmi dairələri məgər bilmirlər ki, 1918-ci ildə Erməni Milli Şurası İrəvanın paytaxt olaraq Ararat Respublikasına verilməsindən ötrü Azərbaycan Milli Şurasına müraciət edib? Həmin müraciət və Azərbaycan Milli Şurasının qərarı onların da arxivlərində var. Götürüb tanış ola bilərlər”, - deyə o qeyd edib.

Sədr müavininə görə, 1918-1920-ci illərdə azərbaycanlılar, eləcə də digər xalqlar kütləvi şəkildə daşnak hakimiyyəti tərəfindən deportasiya olunublar: “Bununla bağlı daşnak Ermənistanı hökumətinin rəsmi sənədləri var. Onlar məgər bilmirlər ki, 1920-ci ildə Ermənistan sovetləşdirildikdən sonra xarici ölkələrdən ermənilər gətirilib və indi Ermənistan adlanan əraziyə köçürülüb? Bundan ötrü erməni rəsmiləri Ermənistan SSRİ Xalq Komissarları Sovetinin qərarlarına baxa bilərlər. Məgər erməni rəsmiləri bilmir ki, indiki Ermənistan adlı əraziyə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə sovet rəhbərliyinin rəsmi qərarı ilə ermənilərin köçürülməsi davam etdirilib? Bunu bilməkdən ötrü ermənilər həmin sənədlərə də baxa bilərlər. Arxivlərdə var”.

Musa Qasımlı bildirib ki, Ermənistan rəhbərliyi bundan ötrü o zamankı Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutinovun rəsmi məktubunu götürüb oxuya bilərlər: “Xaricdən ermənilərin gətirilməsindən ötrü tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar 1948-1953-cü illərdə deportasiya olunub. Axı, bunun da rəsmi sənədi var. Ermənilər həmin sənədləri götürüb oxuya bilərlər. Məgər ermənilər onu da bilmirlər ki, xaricdən ermənilərin gətirilməsi hesabına indi Ermənistan adlanan ərazi erməniləşdirilib, türksüzləşdirilib? Erməni rəsmiləri Ermənistan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyanın Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinə 1986-cı ilin noyabrında yazdığı tam məxfi məktubu arxivdən götürüb, oxuya bilərlər. Orada Karen Dəmirçiyan özü yazır ki, sovet hakimiyyəti illərində Ermənistan SSRİ-yə xaricdən 230 min nəfərdən çox erməni köçürdülüb. Çar dövründə məmur Nikolay Şavror yazırdı ki, Qafqazda olan 1 milyon 3 yüz min ermənidən bir milyondan çoxunun bir diyara heç bir aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülmüşdür. Digər 3 yüz min erməni azərbaycanlıların həyətlərində müxtəlif yerlərdən gəlib nökərçilik ediblər. Erməni rəsmiləri götürüb rəsmi statistikaya baxmalıdırlar. İndi Ermənistanda nə qədər əhali yaşayır? Bundan sonra onlar demoqrafik inkişafa dair nəzəriyyələri oxumalıdırlar. O zaman dərk edərlər ki, indi Ermənistan adlanan ərazinin aborigen əhalisi onlar deyildir. Azərbaycanlılardır və azərbaycanlıların da hüquqları tanınmalıdır. Erməni rəsmiləri məgər onu bilmirlər ki, azərbaycanlıların sonuncu deportasiyası 1988-ci ildən başlayıb və bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır? Erməni rəsmiləri xəritələrə baxsınlar, görsünlər ki, tarix boyu indi Ermənistan adlanan ərazidə erməni dilində bir yer olubmu? Bunu dərk etməkdən ötrü onlar Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarlarına baxsınlar. Həmin qərarlarda indi Ermənistan adlanan ərazidə şəhər, kənd, çay, göl, hətta dəmiryolu stansiyalarının da adı dəyişdirilib. Bu rəsmi sənədlərdən necə qaçmaq olar? Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etmək bütün beynəlxalq hüquq normalarını kobudcasına pozmaq deməkdir, insanlığa qarşı cinayətdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər