Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev bu gün vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Axar.az"a sabiq icra başçısının oğlu Samir Xanbabayev məlumat verib.
O bildirib ki, atası bir ildir xəstəlikdən əziyyət çəkirdi. Ş.Xanbabayev vəzifədən azad edildikdən sonra da Xaçmaz şəhərində yaşayırdı.
Samir Xanbabayevin sözlərinə görə, vida mərasimi sabah Bakıda keçiriləcək.
Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu ildə Ordubad rayonu, Aşağı Əndəmic kəndində doğulub.
1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
2004-cü il Prezidentin Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına sədr təyin olunub.