İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq və “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişini imzalamaq üçün yanvarın 17-də Moskvaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın diplomatik mənbələrinə istinadla “Kommersant” məlumat yayıb.
Rusiya nəşri yazır ki, yeni sənəd 2001-ci ildə köhnəlmiş müqaviləni əvəzləyəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək:
“Moskva ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq prioritetlərdən biri olacaq”.
Bildirilir ki, İranla müharibəni və Tehranın nüvə obyektlərinə hücumları istisna etməyən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Rusiya və İran yaxınlaşma istiqamətində qəti addım atacaq.
Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. ABŞ-nin seçilmiş prezidenti həmin gündən yeni vəzifəsinin icrasına başlayacaq.