Teleqraf.com Fransa mətbuatına istinadən xəbər verir ki, Viktor Hüqonun Səfillər romanında yer alan bu cümlə Fransa ədəbiyyatının ən uzun cümləsi kimi qeydə alınıb. Səfillər kitabının III hissəsində yer alan və tam 3 səhifə davam edən cümlə “Lui-Filipp” başlığı altında bölümün yuxarı hissələrində yer alır. 823 sözdən ibarət olan həmin cümləni oxuculara təqdim edirik.
“Tarix onun atasının öz dövründə vəziyyəti yumşaltmasını etiraf edir; lakin onun atası məzəmmətə nə qədər layiqdirsə, bu, o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri-rəsmi bir adamın malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri var idi; o öz səhhətinin, öz varının, öz şəxsiyyətinin, öz işlərinin qeydinə qalırdı; o, bir dəqiqənin qiymətini bilsə də, bəzən bir ilin qiymətini bilməzdi; o, sakit, təmkinli, səbirli, dinclik sevən şəxs idi; xoştəbiətli bir adam, mərhəmətli bir hökmdar idi; arvadına sədaqətli idi; sarayında bir neçə xidmətçi saxlardı: bu xidmətçilərin vəzifəsi – onun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə həyatı ilə lovğalanmaq indi faydalı olmuşdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuni əlaqələri xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və daha nadir olan bir şeyi – bütün mənafelərin dilini bilirdi, bu dildə danışmağı bacarırdı; ― orta təbəqənin füsunkar nümayəndəsi idi, lakin bu təbəqədən hər barədə üstün olduğu üçün ondan yüksəkdə dururdu; öz əqli ilə fərqlənməklə və öz şəcərəsinin qədr-qiymətini bilməklə bərabər, hər şeydən əvvəl, öz daxili keyfiyyətini qiymətləndirirdi, hətta mənşəyi haqqında qəribə bir mövqe tutaraq, özünü ― Burbon deyil, ―Orlean adlandırmışdı; o, ancaq ― həşəmətli olanda özünü nəslin birinci şahzadəsi kimi tuturdu, lakin ― Əlahəzrət olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları arasında az danışardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamışdı. Əslində, o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iş şıltaqçılığa, ya öz vəzifəsini yerinə yetirməyə çatanda bədxərc olurlar; o, çox kitab oxumuşdu, lakin ədəbiyyatı az hiss etmişdi; dvoryan idi, lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi; ailəsi və xidmətçiləri pərəstiş edəcək dərəcədə onu çox istərdi; öz söhbəti ilə adamı valeh edirdi; daxilən laqeyd, həmişə, ancaq ən vacib, ən zəruri şeyləri düşünən, həmişə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq etməyən, ayıq bir dövlət xadimi idi; məşhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi adamları sakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondan narazı olan, boğuq-boğuq uğuldayan gizlin birləşmələrin üzərinə yıxa bilirdi; fikrini açıq söylərdi, bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığında çox məharət göstərirdi; vasitə, süni bir sima, maska seçməkdə tükənməz bacarığa malikdi; Fransanı Avropa ilə, Avropanı Fransa ilə qorxudurdu; Vətənini sevməsinə şübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi; hakimiyyəti nüfuzdan, nüfuzu ləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu meyil hər şeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmişə inkar etmir; lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövləti dağılmaqdan, cəmiyyəti fəlakətdən qoruyur; Lui-Filipp nəzakətli, ayıq, diqqətli, arif, yorulmaq bilməyən, hərdən öz-özünə zidd gedən, sözünü geri götürən xırdaçı bir adamdı; o, Ankonada Avstriyaya qarşı cəsarətli, İspaniyada İngiltərəyə qarşı inadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi; ― Marselyozanı ürəkdən oxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın, ağılsızca alicənablıq etməyin, utopiyanın, xülyanın, hiddətin, Şöhrətpərəstliyin, qorxunun nə olduğunu bilmirdi; şəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruşmasında general, Jemap vuruşmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiş, öldürmək istəmişlər, lakin o, həmişə gülümsəmişdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o, ancaq Avropa dövlətləri əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralar etməyə qabil deyildi; öz işini yox, öz həyatını həmişə təhlükəyə verməyə hazırdı. Öz hakimiyyətini təsir şəkildə büruzə verir, ona bir kral kimi deyil, ağıllı bir adam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil, müşahidə etmək qabiliyyətinə malikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxşı tanıyırdı, başqa sözlə, ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düşüncəyə, hadisələri dərindən görən canlı, praktik əqlə, danışmaq qabiliyyətinə, böyük bir hafizəyə malikdi; həmişə də hafizəsindəki şeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara, Aleksandra, Napoleona oxşayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adam və şey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının, gizlin ümidlərin, qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, ― şüurun yeraltı cərəyanları adlandırmaq olan şeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarı təbəqələri tərəfindən tanınsa da, aşağı təbəqələrlə az əlaqədar idi, çətinlikdən hiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məşğul olur, lakin kifayət qədər hökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda şeylərdən böyük ideyalara çox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təşkili işlərə kömək etməyi çox bacarıqla formalizm və maneələrlə birləşdirirdi; onda həm Böyük Karl, həm də minnətçi sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə, görkəmli və orijinal bir şəxsiyyətdi: Fransanın təşvişinə baxmayaraq, hakimiyyəti möhkəmləndirdi, Avropanın bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filipp öz dövrünün tanınmış adamları sırasına daxil ediləcəkdir; şöhrəti bir az çox xoşlasaydı, faydalı olmaq hissi qədər də böyüklük hissinə malik olsaydı, tarixdə ən məşhur hökmdarlar sırasında yer tutardı”.