11 İyun 2018 16:38
5 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı “Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəsdir.


Ad gününü uşaqlar qeyd edər


Xəzər Süleymanlı: Qulu müəllim, əslində bizim görüşümüz ad gününüz olan ərəfələrə təsadüf etməli idi, ancaq işlərinizin çoxluğu imkan vermədi. Deyəsən, ad gününüzü qeyd etməyə də vaxt tapmamısız heç.
– Mən ümumiyyətlə ad günümü qeyd etmirəm. Nə ad günü? Ad gününü uşaqlar qeyd edər. Bizim kənddə heç kim ad gününü qeyd etməzdi. Kimsə qeyd edəndə də ironiya obyekti olardı. O adamı ələ salırdılar.

Qurban Yaquboğlu: Ağdam rayonuna xas ənənədir, yoxsa?..

– Yox, ancaq bizim kənddə belə idi.

Xəzər Süleymanlı: Xüsusi səbəb vardı?

– Sadəcə, bu cür düşünürdülər. Müxtəlif tədbirlərsə keçirilərdi... Hətta dinin qadağan olunduğu dövrlərdə keçmiş ispalkom var idi – Bahar nənə. Baxmayaraq ki, kommunist idi, aşura gününü öz evində qeyd edirdi. Adamlar onun evinə axışıb gəlirdilər. Baş yarma olurdu, qadınlar ağlaşırdı, qara xonçalar bağlanırdı... Yəni doğulduğum Abdal-Gülablı kəndi adət-ənənəyə əməl edərdi. Ad günü fərqlidi.

Sonralar tək-tük adamlar nəvələrinə ad günü keçirməyə başladılar. Amma bu da çox sadə olardı, bir heyvan kəsərdilər. Ən yaxşı halda kiminsə övladı Xarkovda, Leninqradda məktəbə qəbul olardısa, onun üçün yığıncaq edərdilər. Buna rəğmən əsgərliyə yola salma və qarşılama mərasimləri toy kimi olardı. Əsgərliyə gedəni toyla yola salardılar. Kənd camaatı da onun cibinə pul qoyardı.

Mən kənddə cəmi bir dəfə pul almışam, o da əsgər gedəndə olub. Ciblərim dolmuşdu. Hələ də bilmirəm ki, cibimə kim nə qədər pul qoydu. Hamı kefli idi, kimin nə verdiyini bilmədim.

Nərgiz Cavadzadə: Əsgər gedən adam o qədər pulu hara xərcləyə bilərdi ki?
– Verdim anama. Bir dənə də cins şalvar aldım, onu da Orenburqda ordu sıralarına daxil olanda çıxartdılar ki, olmaz.


Özümü 50 yaşında da hiss etmirəm

Qurban Yaquboğlu: Deməli, gələn il 50 illik yubileyinizi də qeyd etmək fikriniz yoxdur.

– Yox, vallah. Yəqin ki, qeyd etsəm də ailəmlə qeyd edəcəm. Uzaqbaşı yoldaşımla, qızımla hansısa restorana gedərik.

Əvvəla 50 yaşa hazır deyiləm. Özümü 50 yaşında da hiss etmirəm. İkincisi də camaatı yığıb nə deyim? Deyim, 50 yaşım olur?..

Nərgiz Cavadzadə: Bəlkə dostlarınız bir məclis təşkil edib sizi dəvət etsələr, bəs onda?..

– Dost-tanışla oturub bir tikə çörək yeyərik, bu da olar ad günü. Nə ad günü, nə də yubiley keçirtmək fikrim var. Məsələn, mən toyda oynayanları sevirəm. Dayanıb saatlarla baxıram, amma ağlıma da gəlmir ki, toyda özüm oynayam. Yubiley keçirənləri də sevirəm. Həyəcanla gəlirlər, hər kəs öz işini bilir ki, nə edəcək, televiziya kanallarını dəvət edirlər, fotoqraflar gəlir, büdcə ayrılır və s. Mən o insanlara heyranam, qarşılarında baş əyirəm. Amma mənim üçün ad günü etmək toyda oynamaq kimi bir şeydir. Mən toyda insanların qarşısında çörək yeməyə də utanıram. O qədər insanın gözü qabağında çörək yeyərlər?

–Sizdə kompleksdir?..

– Yox, kompleks deyil, sadəcə, yeyə bilmirəm. Çörəyi xəlvət yeyərlər də. Oynamaq da olar, amma təkcə.

– Tək olanda oynayırsız?

– Hə, evdə oynayıram. Ancaq daha çox qızımla oynayırıq.

– Hansı mahnılara qulaq asırsız?

– Muğamatdan tutmuş, Qurdun mahnılarına qədər. Son vaxtlar Yelena Vaenqanın mahnılarına qulaq asırıq. Çağdaş estradanın əleyhinə olaraq, səhnəyə bir piano ilə çıxır, gözəl paltarlar geyinmir, heç bir performans göstərmir. Əksinə, çox pis geyinir, özü də çirkindir. Mahnılarının sözləri uzun olsa da, qulaq asılır və sevilir. Hətta bir mahnısının sözlərini tərcümə etdim. Orda belə bir ifadə var idi: “Ana, mən qürurumu itirdim, ancaq qadınlığın və nəvazişin nə olduğunu öyrəndim”. Bu fikri bizim sferaya köçürəndə alçaldılmış, təhqir olunmuş qadının etirazıdır, amma necə gözəldir.



“Dedim, məni öldürəcəklər”

Qurban Yaquboğlu: Tərcümədən söz düşmüşkən, Azərbaycan Tərcümə Mərkəzinin xətti ilə xaricdə təhsil almağa getmişdiz. Niyə təhsiliniz yarımçıq qaldı?

– 1989-cu ildə sənədlərimi Qorki adına Ədəbiyyat İnstitutundan istəmişdilər. Sonra Ələkbər Salahzadə dedi ki, ora artıq alverxana olub. Ondansa, dil öyrənməyə getsən yaxşı olar. Beləcə gözümdən saldı. Xaqani Qayıblını Estoniyaya, məni isə Moldovaya göndərdilər. Elə oldu ki, Xaqani Estoniyaya getdi “eston” oldu, amma mən “rumın” ola bilmədim. Ona görə ki, getdim qoşuldum Stepan Koroğluya, Todur Zanetə. Sən demə, onlar həmin dövrdə qaqauzların müstəqilliyini elan etmiş şəxslərmiş. Tərcümə Mərkəzinin mərhum rəhbəri Aydın Məmmədov isə məni onlara yönəltmişdi. Demişdi ki, gedib Koroğlunu, Todur Zaneti taparsan. Getdim gördüm ki, r təxminən bizim dildə danışırlar, dilləri daha çox bizim qonşu kəndin ləhcəsinə yaxındır. Yazı yaddaşım çox yaxşıdır, bu gün də yadımdadır, “Ana sözü” qəzetinin manşetində rast gəldiyim ilk söz belə idi: “Mən də isteerəm “Ana sözü”nə yazılmaaa”. Bu, Gülablı kəndinin ləhcəsi idi.

Sonradan məlum oldu ki, onlar təqib olunurlar. Bizə dost olsalar da, Moldovanın müstəqilliyinə qarşıdırlar. Moldovanlar da ona görə türkləri, qaqauzları və bizi sevmirdilər.

Moldova Avropa ölkəsi idi. Rumıniyayla sərhədləri götürmüşdülər, rumınlar da axışıb gəlmişdi. Bir dəfə səhər tezdən gördüm ki, hamı növbəyə durub, mən də getdim durdum. Heç kim adama cavab vermir. Nə rusca, nə də qaqauzca danışmaq istəyirdilər. Heç kəsdən soruşa bilmədim ki, bu nəyin növbəsidir. Bir tərəfdə kilsə idi, o biri tərəfdə növbə. Saat 11 olardı, növbənin bitməsinə təxminən 100 adam qalmışdı, acmışdım. Amma maraqla gözləyirdim ki, nəyin növbəsi olduğunu bilim. Məlum oldu ki, pivə növbəsidir. Siqaret növbəsinə də yüzlərlə adam dururdu. Pul dəyərini o qədər itirmişdi ki, 500 rubla soğan-çörək yemək olurdu.

Mənə bir az Koroğlu kömək etdi, bir az da Todur Zanet. Sonralar Zaneti “Xəzər poeziya axşamları”nda gördüm. Ən kədərləndiyim şey mənə yaxşılıq edən adamların məni tanımamasıdır. O, məni gördü, tanımadı... Dedi, ayaqqabım cırılıb, ayaqqabı almaq istəyirəm. Getdik ayaqqabı aldıq, bir də soruşdum ki, məni xatırlayırsan? Dedi, yox.

Mən Ağdamın Gülablı kənində orta məktəbdə oxuyanda rayonda bir restoran var idi, orda 8 martla bağlı tədbir keçirilirdi, mən də o tədbirdə şeir demişdim. Tədbirdən sonra təşkilatçılara qoşulub çay içməyə getdim. Axşam oldu, kəndə qayıtmağa avtobus tapmadım, taksi də elə qiymət dedi ki, üstümdə o qədər pul yox idi. Bir kitab mağazası var idi, müdirəsi 25-26 yaşında bir qız idi. Gördü ki, ortalıqda qalmışam, məni öz evlərinə apardı. Ağdamda hansı oğlanı evə aparmaq olardı? Dedim, məni öldürəcəklər.

Ata-anası, bacısı ilə məni tanış etdi. Qardaşı gələndə qorxumdan öldüm. Dedi ki, bu, şairdir, kənddən gəlib, avtobus olmadığına görə kəndə qayıda bilmədi.

Durub kəndimizə zəng etdilər. Bizim evdə telefon yox idi. Qohumlara xəbər etdilər, anam bilsin ki, rayonda qalası oldum. Gecəni o evdə qaldım. İlk dəfə villanı onda gördüm. Ona qədər villa görməmişdim. Çox imkanlı ailə idi. Üstündən neçə vaxt keçdi, həmin xanımı axtarmağa başladım. İllərlə axtardım. Özü də Məmməd İsmayılın fanatı idi. Məmməd İsmayıldan avtoqraf almışdı, avtoqrafda bu sözlər yazılmışdı: “Afərin, xanım. Bu kitab heç özümdə yoxdur...” Necə yazılmışdısa, elə də xatırlayıram. Məmməd İsmayıl heç “afərin”dən sonra vergül də qoymamışdı...

İşğaldan sonra o xanımı hər yerdə axtardım. Axır ki, ötən il tapdım. Zəng etdim, danışdım, izah etdim, sonrakı görüşlərimizi dedim, atasını, bacısını, qardaşını xatırlatdım, dedi, qardaşım rəhmətə gedib, özüm isə ailə qurmuşam, müxtəlif vəzifələrdə işləmişəm: bələdiyyə sədri, məktəb direktoru... Oğlum isə YPX-da yüksək vəzifədədir. Gördü, məni xatırlaya bilmir, dedi, bir kömək lazımdırsa, oğlumun nömrəsini verim.

– Ola bilməz xatırlamasın... Bir gecə evində qalmısız...

– Nə bir gecə? O vaxt mən ştatdankənar jurnalist kimi “Lenin yolu”ndan zəmanət almalı idim. Onda da mənə kömək etdi.

Bəlkə o deyilmiş? Bəlkə düz xatırlamırsız?

– O idi. Evləri, atasının köhnə avtovağzaldakı dükanı, hamısı xatırımdadı...

Bu dəqiqə hərbi xidmətdə olduğum Orenburqa getsəm, mənimlə xidmət edən uşaqları gətirsələr, hamısının adını, soyadını bir-bir deyərəm. 3 əsgər yoldaşım türk idi, sonradan bildim ki, onlar Saatlıdan imiş. Onlar deyəndə ki, babalarımız Saatlıdandı, ağlıma da gəlməzdi ki, bizim Saatlını nəzərdə tuturlar. Deyirdilər ki, türkük. Onlara orduda xüsusi hörmət olunurdu.

Bir macar var idi, mənim ayağımı əməliyyat etmişdi. 28 yaşı var idi, saçını gözünün üstünə tökürdü. Hamımız onun saçını kəsdirmək istəyirdik. Çox da yaraşıqlı oğlan idi. Axırda onun başını mən qırxdırdım. Ayağımı özbaşına əməliyyat etdiyi üçün başını qırxdılar. Çünki əməliyyat etməli deyildi, mən təkid etdim. Qar yolları bağlamışdı, helikopter işləmirdi, “K-700” traktor getmirdi, ayağım da şişmişdi. Dedim ki, əməliyyat et, dözəcəm. O da yaranı kəsib götürdü, ağrı hiss etmədim.

Xəzər Süleymanlı: Ayağınıza nə olmuşdu ki?

– 140 kiloluq dirək düşmüşdü. Bir özbək dirəyi qaldırıb saldı ayağımın üstünə. Dizə qədər şişdi ayağım.

Şeir tək qəbir kimidir

Neçə kitabınız var? Onlardan razısızmı?

– Birinci kitabım “Sənsən hər yer” şeirlər kitabı idi. Sonra Ukraynada “Külək poçtu” kitabım çap olundu. Sonra rusca “Nöqtələr” və ardınca “Nabran novellası”. Ötən il isə ingilis dilində kitabımı çıxartdılar. Yeganə kitabımdır ki, orda heç bir rolum olmadı. Yəni Azərbaycan dilində 2 kitabım çıxıb: “Sənsən hər yer” və “Nabran novellası”. O birilər tərcümədir.

Qurban Yaquboğlu: Yeni kitab olmayacaq?

– Mən kitab yazmağa yox, yazı yazmağa meyilliyəm. Yazdıqlarımı kitab halında görəndə elə bilirəm ki, onu oxumayacaqlar. Kitab sözün qəbiristanlığıdır. İndi qəbiristanlığın yanından keçəndə musiqinin səsini də azaltmırlar, ancaq tək qəbir görəndə dayanırıq. Şeir mənim üçün tək qəbir kimidir. İstər-istəməz yanında dayanırsan. Şamaxı yolunda tək türk əsgərin qəbri var, həmişə ordan keçəndə dayanıb baxıram. Amma Şamaxının içindən keçəndə gözüm cəmi iki qəbri axtarır: Seyid Əzimin və Sabirin qəbrini.

Xəzər Süleymanlı: Hazırda kimləri oxuyursuz?

– Daha çox “Ulduz” jurnalına təqdim olunan yazıları oxuyuram. Çünki məcburam. Ümumiyyətlə, naşirliyin bir axmaq tərəfi var ki, çap olunandan çox çap olunmayanları oxumalısan.

Qurban Yaquboğlu: “Ulduz”a yazıları əlyazma kimi gətirirlər, yoxsa elektron variantda?..

– Əlyazma çox gətirirlər, kompüterdə çap variantı da. Çox qəribədir ki, yaşlılarla bərabər gənclər də gətirir. Özü də ingilis şriftləri ilə yazırlar. “Ş” hərfini “sh” kimi yazırlar. “Ə”, “c”, “ç”, “ğ” hərflərini yazmırlar.

Xəzər Süleymanlı: Aralarında kəşf etdiyiniz yeni imzalar varmı?

– Heç gözləmədiyim bir imza çıxdı: Mehman Rəsulov. Mənə çox tanış gəldi, heç cür xatırlaya bilmədim.

Məhəmməd Əli və Zinəddin Zidan...

Zümrüd Kərimli: Hansı komandanın azarkeşisiz?

– “Real Madrid”in azarkeşiyəm. Zidana görə azarkeşlik edirəm. Amma mənim idman azarkeşliyim zorən oldu. Azərbaycan radiosunda “Gənclik və idman”ın baş redaktor müavini idim. Uşaqlar hesabı yazırdılar, mən də qol çəkirdim, ancaq düz çıxmırdı. Sən demə, məni aldadırlarmış. Özlərindən yalandan hesab yazırlarmış. Məcbur oldum, başladım idmanla maraqlanmağa. Get-gedə azarkeşə çevrildim.

Bəs Azərbaycanda hansı komandaya azarkeşlik edirsiz?

– Lap əvvəllər “Neftçi”nin azarkeşi olmuşam. İstəyirdim ki, “Ararat”ı udsunlar. Təbii ki, “Qarabağ”ın azarkeşiyəm. Sevdiyim, fəlsəfəsini qəbul etdiyim iki idmançı var: Məhəmməd Əli və Zinəddin Zidan. Hər ikisi də eyni estetikanı paylaşırlar. Məhəmməd Əlinin sevdiyim çox sadə formulu var idi. O hər rəqibi ilə öz səviyyəsində döyüşürdü. İnsanlar son pullarını verib bilet alırdılar, döyüşə baxmağa gəlirdilər. Məhəmməd Əli birinci raundda nakaut edə biləcəyi adamlarla son raunda qədər döyüşürdü.

Zidan da belə idi. Hər kluba qarşı həmin klubun oyunçuları səviyyəsində oynayırdı. Rəqiblərini aşağılamırdı. Hörmətlə yanaşırdı. O, mənim nəzərimdə təkcə idmançı yox, həm də filosof və böyük adamdır. Çempionlar Liqasında ard-arda 3 dəfə qalib olandan sonra təxmin etmişdim ki, istefa verəcək. Zidan hər yerdən qalib kimi ayrılıb. Ümumiyyətlə, o adamları sevirəm ki, rəqibləri zəif olsalar belə, hörmət edirlər. Vicdanlı adam o adam deyil ki, heç kəsə pislik etmir. Vicdanlı adam o adamdır ki, hər kəsə pislik etmək imkanı olsa da, etmir.

Adam var deyir, ömrüm boyu rüşvət almamışam. Sənin nə imkanın olub ki, rüşvət də alasan? Ömür boyu qapılarda usta işləyib, deyir, inanırsan, bir adamdan rüşvət almamışam. Sənin rüşvət almamaını o vaxt görərdik ki, iş icraçısı olardın.

“Bu, şairi təhqir etməkdir”

Qurban Yaquboğlu: “Ulduz” jurnalının bir neçə baş redaktorunu görmüşük. Bu estafetdə Qulu Ağsəsin baş redaktor olduğu dövrü necə qiymətləndirirsiz?

– Mən çalışdım ki, “Ulduz”u əvvəlkilərdən fərqli edim. Azərbaycanda ilk dəfə belə bir şey etdik: hər nömrə haqqında ekspert rəyi olur. Orda mənim özümü də, jurnalı da tənqid edirlər. Bəzi adamlar yazılarını verəndə soruşur ki, tənqidçi kim olacaq? Ekspertlərin adını demirəm. Gedib tapıb danışırlar ki, mənim yazımı tənqid etmə. Hətta bəziləri elə bilir ki, bu, mənim qurğumdur. Yəni müəlliflər öyrəşdilər ki, “Ulduz”da həm çap olunmaq, həm də tənqid olunmaq olar. 4 ildir mütəmadi olaraq, “Dərgidə kitab” çap olunur. Kitab kampaniyası başlayanda Mənsum İbrahimovdan xahiş etdim, “Leyli və Məcnun” operasının diskini tirajladı, jurnalın üstündə hədiyyə etdik. Həmçinin müxtəlif müəlliflərin kitablarını da hədiyyə edirik. Hətta Anar müəllim öz kitabının məhz bizim jurnalın üstündə hədiyyə olunmasını istədi. Bu kampaniya bu günə qədər davam edir.

Mənim ən çox görmək istədiyim “Uşaqdan böyüyə” və “Böyükdən uşağa” rubrikasıdır. Bəzən görürsən ki, uşaqlar elə şeirlər yazırlar, sanki böyük adam yazıb. Böyüklərin də uşaqlara həsr etdiyi şeirləri, nağılları böyük həvəslə gözləyirəm.

Bunlardan başqa, 20-ə yaxın layihə etmişik. Tərcümələr, esselər, vətənpərvərlik layihələri və s. İndi Cümhuriyyətin yüz illiyi ilə bağlı bəzi layihələr var, sadəcə, maddi dəstək lazımdır. Buna da öz imkanımız, öz büdcəmiz yoxdur. Amma hər dəfə bəzi dostlarla danışıram, müəyyən layihələr edim. Qarabağla bağlı esse müsabiqəmiz oldu, İspaniyadan, Rusiyanın Voronej vilayətindən də qatılanlar olmuşdu. Mənə maraqlı idi ki, bu mövzuda nə demək olar?

Ən təhlükəli mövzu vətən mövzusudur. Çünki tərifləsən, ədəbiyyata dəxli olmur, pisləyəndə də rüsvay olursan. Qarabağ mövzusunda çoxlu yazılar gəlir. Xüsusən biləndə ki, mən qarabağlıyam, daha çox göndərirlər. Hər dəfə izah edirəm ki, mən sizin Qarabağ sevginizin qarşısında baş əyirəm, şəhidlərdən tutmuş, atamın ruhuna qədər, hamısının adından sizə təşəkkür edirəm, ancaq bunların “Ulduz” jurnalına qəti dəxli yoxdur. Yəni Qarabağı tərifləmək ədəbiyyatın heç bir predmetinə çevrilə bilməz.

Amma bir də görürsən ki, müharibə şeirinin içində Emin Piri deyir ki, ayağım özümdən qeyrətli çıxdı, qaldı Qarabağda. Bu, artıq Qarabağa, vətənə başqa yanaşmadır. Biz esse müsabiqəsi keçirəndə mənim üçün çox maraqlı idi ki, kimlər təzə nə tapıb deyəcək. İndi ən çox axsadığımız məsələ hekayələrdir. Mən hər dəfə hekayə görəndə gözümə təpirəm. Qonorarını artıq yazmağa çalışıram. Hamı roman yazır. Əvvəllər hekayədən başlayıb, povestə, romana keçirdilər, indi birbaşa romandan başlayırlar.

Sevinirəm ki, növbəti nömrəmizdə Natiq Məmmədlinin monopyesi var, Kənan Hacı da yeni hekayəsini təqdim edib. Nəsrdə axsayırıq. Nəsr şeirdən fərqli olaraq, çox çətindir. Şeirdə deyə bilərsən ki, mənim stilim budur. Nəsrdə isə başqadır. Ya cümlə qura bilib yazırsan, ya da yaza bilmirsən.

– “Ulduz” jurnalının saytı niyə yoxdur?

– Ayb.az saytı Yazıçılar Birliyinin saytıdır. Ora daxil olub bütün dərgiləri görmək olar.

“Avrasiya dərgiləri” konfransı var idi, onlarla danışdıq. Türkiyədə 30-40 yaradıcı təşkilat pdf-lərimizi götürüb paylaşacaq. Bu bir tərəfdən də... yaxşı deyil. Çünki onlar da bizə yazı göndərə bilərlər. Biz bəzən əməkdaşlıq etməkdən imtina edirik. Çünki qarşı tərəfin göndərdiyi yazılar bizi qane etmir.

– Qarşı tərəf deyəndə Türkiyəni nəzərdə tutursuz?

– İstər Türkiyə, istər Cənubi Azərbaycan, istər də Rusiya. Bir ara özbəklərlə də işlədik. Rus dilində material göndərdilər, Solmaz İbrahimova dedi ki, bu, rus dili deyil. Mən o yazını təzədən tərcümə və redaktə etdirdim, böyük yazıdan kiçik mətn qaldı. Məlum oldu ki, onlar bir Azərbaycan şeirini götürüb şairin şeirdə dediklərini sadəcə nəsrə çeviriblər. Mənim də ən xoşuma gəlməyən şeydir bu. Şairin şeiri cümləyə çevrilirsə, bu, şairi təhqir etməkdir. Deməli, nə gündə yazır ki, onu elə də demək olur, belə də. Sonra Daşkəndlə əlaqələrimizi kəsdik. Amma əməkdaşlıq çərçivəsində almanaxlarımız çap olundu orda.

“Ədəbiyyat qəzeti”nin ayrıca saytı var axı.

– “Ədəbiyyat qəzeti”nin büdcəsi ilə bizim büdcə bir deyil axı. Əgər sayt olacaqsa, ora işçi də götürmək lazımdır. Gündəmdə olan hadisələr sayta yerləşdirilməlidir.



Satışdan pul qazanmırıq

Bəzi ədəbi dairərlərdə AYB-nin kifayət qədər büdcəsinin olduğu deyilir.

– Biz KİV-ə Dəstək Fondundan maliyyələşirik.

Əgər hər ikisi də eyni yerdən maliyyələşirsə, bəs nə üçün “Ədəbiyyat qəzeti” ilə “Ulduz” jurnalının büdcəsi arasında belə kəskin fərq var?

– Ən az büdcəsi olan “Ulduz” jurnalıdır. Qonorarımız da azdır: 700 manat. Onu da 20 müəllifin arasında bölüşdürəndə hərəsinə 30-35 manat düşür. Biz ekspertə 30 manat yaza bilmərik ki? Jurnalı başdan ayağa oxuyur. Və ya “Dərgidə kitab”ı çıxanlara heç olmasa 50 manat yazmalıyıq. Mən müraciət etdim, məlum oldu ki, büdcəmizin 10 faiz artmasını istəyirəmsə, 20-yə yaxın mətbu orqanın da büdcəsi artmalıdır. Mən ancaq “Ulduz”un pulunun artmasını istəyərdim.

Baxın, son vaxtlar kağız məmulatlarının qiyməti nə qədər artıb? Özü də bizim kağızların hamısı Avropadan gəlir. “Ulduz” “Təhsil” nəşriyyatında çap olunur. “Təhsil”in çap aparatı 500 min avrodur. Minlərlə kitab çap edirlər. Rəhmətlik Bəhruz Axundovla dostluğumuzun hesabına “Ulduz”u bu keyfiyyətdə çıxara bilirik.

Nərgiz Cavadzadə: Satışdan necə, gəliriniz olurmu?

– Satışdan pul qazanmırıq. Ancaq paytaxtda aylıq abunəçilərimiz çoxdur. Buna görə Bakıda köşklərdə bizim jurnalı tapmaq çətinləşib. Amma rayonlarda aparıb atırlar alta. Üstündən hədiyyələri götürüb ayrıca da satırlar. Əgər kimsə görsə ki, jurnalın üstündə hədiyyələr yoxdur, şikayət etsin.



Erməni qadın deyir ki, oğlumu burda basdırmışam

Xəzər Süleymanlı: Son şeirinizi nə vaxt yazmısız?

– 30 mayda.

– Bizim üçün deyə bilərsizmi?

– Yadıma salım...

Adı soyadından hava var çöldə,

Qatarın altına düşməkdən

qorxub əsir külək tuneldə.

Ayağı çəkməli, əli qayçılı

bulud keçib dan yerindən,

Bir əsgər cəbhə xəttini

o üzə adlayıb vətən şeirindən.

Parkda ağacların

polisin gözü önündə sevişən vədəsi,

Kök sevgilisinə “mənim salam”

yazır votsapın səsi.

Dodaq böyüdürlər qeybət internatında,

Amma hənir yoxdur sözün alt qatında

...Bir əlimizi təmiz saxlayaq axşama barı

Birdən sayası olduq

kefli balkonlardan uçan boşqabları...

Bir də Qarabağla bağlı 2-3 şeirim var, hələ çapa verməmişəm. Birinin yaranmağına erməni jurnalistin ingilis dilli saytda reportajını oxumağım səbəb oldu. Göndərdim tərcümə etdilər. Yarıya qədər oxuya bildim. Erməni qadın deyir ki, oğlumu burda basdırmışam, bura mənim kəndimdir. Ona qədər deyir ki, bura azərbaycanlıların kəndidir. Torpağın üstü elədir ki, süpürmək, təmizləmək olurdu. Onlar torpağın altını da murdarlayıb.

Bir başqa şeirim də işğalla bağlıdır. Uşaq vaxtı sevdiyimiz qızların adlarını yazmışdıq qayaya. Uşaqlardan biri danışdı, soruşdum, yenə demədi ki, “F”+ 6 dənə nöqtə hansı qızın adı idi? İnsanlar hələ də o təmizliyini qoruyurlar. Hələ də inanırlar ki, qayıdacağıq. O qızın qardaşı da, atası da ölüb, bəlkə özü də ölüb, ancaq adamların yaddaşında hamısı sağdı.

Əvvəllər elə bilirdim ki, şeir yazmaq üçün şeir oxumaq, şairlərlə oturub-durmaq lazımdır. Amma indi baxıram ki, hər şeylə maraqlanmaq lazımdır. Dünyada şeirə gəlməyən heç nə yoxdur. Sadəcə, onu bacarmaq lazımdır. Bəlkə də şair daha çox müxtəlif informasiyaları, xəbərləri izləməlidir. Mən həmişə gənclərə deyirəm ki, şairlər nəsr oxusun, nasirlər şeir. Bir-birinizi oxuyun, heç olmasa, bir-birinizdən xəbər tutun. İndi gündəlik bütün xəbərləri oxuyuram, saytları izləyirəm.

Qurban Yaquboğlu: AYB vaxtaşırı tənqid, qınaq obyekti olur. Rəhbərlik haqda müxtəlif iradlar deyilir. Bu basqılar və iradlar haqda nə düşünürsüz?

– Yanımızda Rəssamlar və Bəstəkarlar ittifaqı var. Heç biri haqqında mətbuat heç nə yazmır. Bir ay bundan qabaq professor Rəna Axundova iki şeirimə romans yazmışdı. Bəstəkarlar İttifaqına getdim. Adamların hamısı sakit, rahat, aqressiya yox. Onlarda da təqaüd verirlər. Qəribəsi budur ki, Anar müəllim hər dəfə təqaüdçüləri dəyişir ki, söz-söhbət olmasın, amma Bəstəkarlar İttifaqı istəsə bir nəfərə beş dəfə təqaüd verir, onlar haqqında söz-söhbət olmur. Ümumiyyətlə, yazıçı tayfasının ağzını yığmaq mümkün deyil. Ən yüksək qonorar verdiyimiz adam deyir ki, hamının şəklini böyük vermisən, mənimkini balaca, nə demək istəyirsən?

Ona görə inanmıram ki, nə vaxtsa AYB Bəstəkarlar və Rəssamlar İttifaqı kimi sakit olacaq. Mən heç o cür AYB də təsəvvür etmək istəmirəm. AYB-də həmişə səs-küy olacaq və kimlərsə narazı qalacaq...


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər