11 Mart 2020 10:05
2 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının ilk qonağı yazıçı Sərdar Amindir.

Onunla müsahibəni təqdim edirik.

- Bir yazıçı ən çox nə istəyir: oxunmaq, ya heç nəyə baxmadan yazmaq? Məsələn, Kamyu deyirdi ki, bir yazıçı hər şeydən əvvəl oxunmaq istəyir, əksinə iddia edənlərə heyran olaq, amma inanmayaq...

- Sual test şəklində qoyulduğundan, təqdim edilən iki versiyadan birini seçmək zorundayam, yoxsa “Yazıçı nə istəyir” sualına daha orijinal cavab verə bilərdim.

Mən də daha çox oxumağın dəlisiyəm, yazmaq istəyi yalnız bir anda peyda olur və yazmağa başladıqdan sonra pardaqlanır, ehtirasa çevrilir. Məni kitab müstəvisində hər zaman tətikləyən oxumaqdır, yazmaq daha stabil hisdir və məni oxumaq istəyi qədər narahat eləmir.

- Yenə Kamyudan bir sitat gətirmək istəyirəm, yazırdı ki, mən sənətim olmadan yaşaya bilmərəm, amma sənəti hər şeyin üstünə də qoymamışam. Yəni bir yazıçı üçün əsas olan hansıdır: sakit bir həyatla sənət arasındakı balansı qorumaq , yoxsa sənəti hər şeyin üstünə qoymaqla özünü narahat etmək?

- Söhbət həqiqi sənətə mübtəla olmuş adamdan gedirsə, o, nə etsə, narahat qalacaq. Bir insan sənətlə həyati məsələləri tərəzinin ayrı gözlərinə qoyub balansı qoruya bilirsə, deməli, ya sənət yükü çox azdır, ya da tərəzidə özünü aldadır.

Ömrüm mənə imkan vermir ki, bu yöndə hökm verim və hökmlərim oxucu üçün meyara çevrilsin. Amma sözügedən müstəvidə yetərincə həssas illərimi yaşayıram. Bu prosesin – sənət və yersəl məsələlərin axarını tapması da arzulanan deyil əslində. Yəni sənət və həyati məsələlər tərs mütənasib olanda ərsəyə həyəcanlı əsərlər gətirilir. Bu da əks halda neytrallaşmaq, “ədəbiyyatçı dayı”lardan birinə çevrilməklə bitir.

Ona görə bu yöndə olan problemlərə, çarpışmalara açıq şəkildə yanaşmağı daha düzgün sayıram. Əsas odur ki, mən sənəti heç vaxt bayraq eləmirəm, nə qədər pafoslu səslənsə də o özü başımın üstündə göyərçin kimi, çərpələng misalı qanadlanır.

- Mənə görə, yazıçı həm də gələcəyi əvvəlcədən görmə istedadının daşıyıcısıdır. Elə indi də ən çox müzakirə olunan məsələlərdən biri budur: yazıçı gələcəkdən yazmalıdır. Gələcək haqda nə düşünürsünüz, necə olacaq?

- Mən yazıçının gələcəkdən yazmalı olduğunu düşünmürəm, sadəcə yazıçının keçmişə reaksiyası gələcəyi müəyyənləşdirir. Yaxşı yazıçıların bu gün qələmə aldıqları ideyalar, qurduqları səhnələr, yaratdıqları atmosfer insanların ürəyinə, geninə, dərisinə hopub illər sonra hadisələrə müdaxilədə pay sahibi olur, düşünürəm ki, məhz bu fikirlər gələcəyin siyasətini formalaşdırır.

Təsadüfi deyil ki, dadaistlər dünya müharibələrinin səbəbini sənətdə görürdü, ona görə də müharibəyə qarşı ilk islahatları sənəti yıxıb yenidən başlamaq istəyi oldu.

Gələcəklə bağlı fikrim isə həmişə nikbin olub, mən qarşıda həmişə işıq görürəm. Nə vaxtsa o işıq sönsə, “işığım söndü”, “gələcək bədbindir” deyə proqnozlar da verməyəcəm. Mənə çoxdan bəllidir ki, bu işıq mənim fərdi közüm, potensialımdır, idealım isə o işığı üfürə-üfürə böyütməkdir.

- Artur Şopenhauer deyirdi ki, insanın mövcudluğu bir xəta olmalıdır. Sizcə, biz təbiətin, yaradan enerjinin və ya bizim bilmədiyimiz hansısa bir gücün bir xətasının ortaya çıxardığı nəticəyik? Təxminən Kunderanın dediyi kimi, biz valideynlərimizin bir-iki xoş sözündən əmələ gəlmişik...

- Hər iki fikir çox maraqlıdır, Kunderanın yazdığı daha təmkinlidir, maraqlıdır, ədəbiyyatdır. Bu fikirlər çox orijinal olduğun üçün illərdir yaşayır və yaşamağa layiqdir. Yaranışla bağlı bütün orijinal deyimlər qiymətlidir - ən bədbinlərinə qədər. Bu bədbinlər - Şopenhauer, Nitsşe, Monten və başqaları düşüncə arealımızı genişləndiriblər. Lakin yaranışla, yaşamla bağlı həqiqətə yaxın görünən nəzəriyyə ilə maraqlı nəzəriyyə arasında böyük fərq var.

Şopenhauerin aforizmi məncə, sadəcə maraqlıdır. Bu gedişatın təsadüfdən yarandığı mənə çox da inandırıcı gəlmir. Küllən şübhələr içində yaşayıram. Heç bir ilahi rəvayət, tezis, deyim, ayə mənə tam rahatlayıcı qənaət verməyib. Ona görə yox ki, inanmaq istəmirəm, əslində inanmağa bəhanə gəzən adamam, sadəcə əsl həqiqətin ayrı müstəvidə olduğunu düşünürəm. Məncə, ən gözəli də elə axtarışdır.

- Bəs insanlar niyə xoşbəxt ola bilmədilər və ola bilməyəcəklər?

- Bu rubrikanın qayəsi fəlsəfi məqam üzərində qurulmasaydı, rahatca sualdan qaçardım.

Bu məhdud müstəvidə cavab olaraq yalnız onu deyə bilərəm ki, bizi xoşbəxtlikdən bir addım iraq saxlayan iddialarımızdır. İddialarımız bizə heç zaman o rahatlıqda çimməyə imkan vermir və yəqin ki verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər