Çingiz Aytmatov yaradıcılığının tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası nəşr olunub. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görüb. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin elmi redaktorluğu və “Əbədi mogikan” adlı əhatəli ön sözü ilə çap olunub.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, monoqrafiyada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, bədii yaradıcılığı (hekayələri, povestləri, romanları, dramaturgiyası və poeziyası) tam şəkildə araşdırmaya cəlb edilib.
Tədqiqat işində eyni zamanda Çingiz Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsi kimi mövzuların Azərbaycan-qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin ölkəmizdə öyrənilməsi, tərcüməsi və nəşri məsələləri araşdırılıb.
406 səhifədən ibarət kitabın sonunda tədqiqatın qısa mahiyyətini ifadə edən üç dildə xülasə, ədəbiyyat siyahısı və foto salnamə oxuculara təqdim edilib.
Kitabın rəyçiləri Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, tanınmış aytmatovşünas alim, akademik Abdıldajan Akmataliyev və İnstitutun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevdir. Məsul redaktorlar türk xalqları ədəbbiyyatının tədqiqatçıları, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova və Maya Həsənlidir.
Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.