6 İyul 2021 10:08
4 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı Qurban Yaquboğlunun "Mən yoxam" romanı haqda filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevanın "Zamansız keçmiş" yazısını təqdim edir.

Fransız semiotik Rolan Bart ədəbiyyat sənətindəki əsas yaradcılıq elementinin yaddaş deyil, yaddaşın deformasiyası, ya da yenidən hansı formada xatırlanması olduğunu yazır. Yaddaşın qurulma mexanizmi və xatırlanma funksiyasının yüngül dildə desək, pozulması hafizənin stimullaşdırılması prosesini hər dəfə təzədən canlandıraraq, yenidən inşa edərək qurur. “Mən yoxam” romanında da keçmiş xatırlandıqca və istedadlı nasir müşahidəsiylə yenidən təsvir olunduqca yaşanmışlar daha da canlanır və xatırlamağın zövqü təkcə yazıçının deyil, oxucunu da öz içinə tərəf dartıb aparır. Hafizənin dərinliklərində ilişmiş xırda bir an özü ilə bərabərində digər anları da gətirir.

Romanda məkan və zaman məfhumu, səslər, toxunuşlar, qısqanclıqlar, rənglər... - biri-birinin içinə keçir və bu yaddaş-xatırlama tandemi nəhəng bir keçmişi zamansızlığa çevirir. Oxucu mütaliə etdikcə şüuru psixoloji ovqatla yüklənir.

Romanda zaman anlayışı tam bir mərkəz üzərindən hərəkət etmədən bir çox zaman və dövrləri içində ehtiva edir: oxucu hadisələrin necə başlayıb necə davam etdiyinin fərqində olmadan zamanlar içində gəzişir. Fəqət ilk baxışlar qırılmalar və qopmalar kimi görünən detallar bədii kontekstdə bir-birlərinin davamı olaraq bir bütövlük meydana gətirir.

Bunlarla yanaşı, romandakı yaddaş və ya şüur aləmi, şüuraltı və yuxu kimi mücərrəd ölçüləri özündə cəmləşdirən psixoloji (ruhi) bir zamana söykəmək cəhdləri də müşahidə olunur.

Kənd poçtundan gələn zənglə atalarının vəfatı xəbərini alan qardaşlar xəbərin dalıyca kəndlərinə yol alırlar. Hadisələri nəql edən obrazın bələdçiliyi ilə oxucu hadisələri anlamağa çalışır, duyğudan-duyğuya düşür (“adamı hər şeyin keçib getməsi də ağladar, heç nəyin keçib getməməsi də”).

Təhkiyəçi şəhərdə yaşadığı üçün təcili surətdə kəndə çağırılmağın nəsə bəd xəbərlə nöqtələnəcəyini hər şeydən öncə duya bilir: “Anam əzəl başdan, Bakıda həkimin xəbərdarlığından sonra bizimlə kəsmət kəsdi: hərə öz işiylə məşğul olsun, dədənizin altına-üstünə özüm baxacam, axıra yaxın hamıya xəbər eləyəcəm. Budu, bu da xəbər”.

Ədəbiyyatın təməl detalların biri olan yol, axtarış motivini bu romanda da görürük. Yol çıxmış təhkiyəçi-obraz monoloqlarında xatirələrinin qaranlıq dünyasına enə-çıxa müxtəlif doğma üzlər, duyğular, təlaşlar və məkanlarla üzləşir. Artıq həyatda olmayan, yaxud ölümə üz tutmuş adamlar yoxluğun təntənəsi kimi qarşımıza çıxır və baş qəhrəman yoxluqlar içində həyatı sorğulamağa və yoxluğun fəlsəfəsini açmağa çalışır. Romanda təsvir olunan evlər, küçələr, ağaclar, hisslər get-gedə yoxa çıxır və təkcə insanın yaddaşından başqa yaşamağa yerləri olmur və günün birində bu yaddaş daşıyıcısı insan da yoxa çıxır. Geriyə nə qalır bəs? Ucsuz-bucaqsız yoxluq.

“Yoxluq” anlayışı sözün birbaşa mənasında mövcudluğun davam etmədiyi bir şeyə işarə edən məfhumdur: mütləq mənada olmayan şeyləri, yəni heçliyin hakim olduğu vəziyyəti əks etdirən anlayışdır. Qərb fəlsəfi fikrində heçlik anlayışı ilə ilk məşğul olanlardan biri, eramızdan əvvəl V əsrdə yaşamış və monist məktəbdən gələn yunan filosofu Parmenidesdir.
Məhz bu fikri ilə yoxluğun mövcud ola bilməyəcəyini ifadə edir: “Bir şey haqqında danışa bilmək üçün haqqında danışıla bilən bir varlıq mütləq olmalıdır. Keçmişdə mövcud olan şeylərdən bəhs edə bildiyimiz üçün bu şeylərin hələ də mövcud olduğunu söyləyə bilərik. Eynilə, mövcud olmaq, var olmaq və ya mövcud olmamaq kimi şeylərin mövcud olmadığını söyləyə bilərik”.

İslamda müxtəlif mövzularda yoxluq anlayışından bəhs edilir. Bunlar kainatın mütləq yoxluqdan yaranması, sufizmdə heç (fəna) olma vəziyyəti və ölümün yoxluğa keçid olub-olmaması kimi başlıqlar altında qruplaşdırıla bilər. İslamda heçlik və yoxluq anlayışı daha çox yaradılış və ölüm haqqında danışılan ayələrdə keçir. Təməl fikirləri bir məxrəcə gətirsək, ölüm heçlik deyil, kədər deyil, yoxluq deyil, yox olmaq deyil və əbədi ayrılıq deyil. Əbədi xoşbəxtlik tərəfinə, vətənlərinə qayıdışdır.

Qurban Yaquboğlunun “Mən yoxam” romanı da yaddaş və keçmiş üstündən hafizənin varlığı və keçmişin əbədi mövcudluğu kimi mövzuları sorğulayır. Müəllif yoxluğun mistik tərəfini romanın bir çox detalında əks etdirir.

Əsərdə davamlı olaraq hərəkətdə olan real vaxt ilə xəyal vaxtı arasındakı uzlaşmada hərdən "münaqişələr" də olur. Bu zaman oxucu romanın bəlii bir xətli, xronoloji zamana görə irəliləməməsi həqiqəti ilə qarşılaşır. Şahının (Şahmar) zehnində keçmişi psixoloji/zehindəki zaman yolu ilə bərpa etməyə çalışaraq sübut etməyə çalışan müəllif yaddaş, şüuraltı kimi modernist roman üsulları ilə romanın bədii quruluşunu psixoloji zamanın gerçəkliyinə uyğun olaraq qurur.

Romanda istedadlı yazıçı müşahidəsi və manevrləri ilə real vaxtından daha çox, psixoloji zaman gerçəkliyi ilə qurulmuş hadisələri müşahidə edən oxucu vərdiş etmədiyi bir üslubla qarşılaşdığı üçün nisbətən çətin situasiyaya düşə bilər. Çünki "Mən yoxam" romanında qəhrəmanın psixoloji zamandakı gəzişmələrində zaman parçalarının süjetə xətti üzrə yeri gəldikcə "bölüşüdürülməsi" əsərdəki xronologiyanı pozmur, hətta tamlığa yönəlmiş bir quruluş əmələ gətirir.

Qurban Yaquboğlunun təhkiyəsində dillə işləmək bacarağının mükəmməlliyi, cilalılığı, ideya və əsas fikirlə səsləşən və içində mərkəzdəki ideyanı gəzdirən düşüncənin sərrast ifadəsi romanın əsas məziyyətləri kimi qiymətləndirilə bilər. Müəllifin seçdiyi üslub, təhkiyə tərzi, uğurlu bədii təsvir və ifadə vasitələri əsəri dili oxunaqlı etməklə yanaşı, dilimizin zəngin ifadə imkanlarını uğurla nümayiş etdirir. Obrazların daxili dünyalarının açılmasında mühüm rol oynayan dialoqların ustalıqla yazılması müəllifin dərin müşahidə qabiliyyətinin təzahürüdür və romanın ən uğurlu tərəflərindəndir. Rəngarəng mükalimələr qəhrəmanların əndişə və təlaşlarının real görüntülərini bizə təqdim edir.

Əsərin hər növbəti fəslində qarşımıza çıxan yeni qəhrəmanlar keçmişə yanaşmalarında, keçmişlə gələcəyin müqayisəsində daha çox hansı tərəfə aid olduqları barədə tərəddüdlər içindədirlər. Azərbaycan kəndi və Azərbaycan obrazının sıxıntıları, coğrafiyasından dolayı sıxılmağa məruz qaldıqları məngənələri onları çoxlu insana çevirir. Təhkiyəçi özü haqqında da bu fikirdədir ki, heç birimiz tək bir insan deyilik, hər birizimin içində çoxlar var. Şüur, yaddaş, şəxsiyyət və qavrama biçimləri bizi biri-birimizdən fərqləndirsə də yenə bir bir insanın içində bölünmüş adamlar, onların xarakteri, yaddaşı, narahatlıqları və ömürləri var. Obraz həmin “çoxlaşma” duyğusunu bu cür analiz edir: “Həyatım boyu dərk elədiyim, qəbullandığım həqiqətlərdən biri də budur, – bir insan tək bir insandan ibarət deyil, özünəoxşar, özünəziddi, bəzən tamam fərqli, bəzən xeyli bənzər müxtəlif adamların cəmidi, bir-birinə calağıdı, bir qaba, bir dəriyə, bir cana, bir tənə sığışmasıdır. Yan-yanaşı, iç-içə ömür sürməsidi”.

Oxucu üçün kimliyi və sonrakı taleyi sonadək naməlum epizodik obrazların da incə çalarlarla psixoloji vəziyyətinin əks etdirilməsi, yarımtonların açılması da süjet xəttinin bitkinliyinə yardımçı olur. Daxili həyəcanlar, monoloqlar obrazın oxucu üçün portretinin açılmasında müstəsna rol oynayır.

Əsərinin dilində xəfif ovqat yaradan cümlələr də az deyil və bu cür ifadələr yerli-yerində ustalıqla işləndiyi üçün oxucunu bəzən yorulmağa qoymur: “Kainatın əlində girinc qaldıq”, “Öz xoşbəxtliyinin yaxınlığından tır-tır tırıldayan traktor lafetində ötəsən…”, “Rədd olunmuşların siyahısından nə vaxt bizi çıxaracaqlar?”, “Tərk olunmağa vərdiş elə”, “Bir könül o biri könülə ilişdi, həlqə həlqəyə keçdisə bu sevginin bağını nə bıçaq, nə balta, nə mişar kəsər”.


Müəllif: Teleqraf.com