25 İyul 2014 14:34
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzən günün müxtəlif saatlarında eyni səhvi dəfələrlə təkrar edən bir sürücüyə 6-7 dəfə protokol tərtib etmək məcburiyyətində qalmışıq”.

Bu haqda şəhərdə avtomobillərin park edilməsi ilə bağlı məsələni axar.az-a şərh edərkən Bakı şəhər Dövlət Yol Polisi İctimai Qurumlarla İş Şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, təkcə dünən keçirilən reydlər zamanı 320 protokol tətbiq edilib:

“Şəhərdəki sürücülərin avtomobillərini istənilən yerdə park etmələri problem xarakteri daşımır, əslində bu, milli mentalitet çatışmazlığından irəli gəlir. Biz yol polisi olaraq bu cür reydləri hər gün keçirsək də, tədbirləri daha da gücləndiririk ki, vəziyyəti ələ ala bilək. Hər keçən gün, hər keçən saat inkişaf edirik, ancaq cəsarət tapıb, özmüzü sözün yaxşı mənasında dəyişə bilmirik. Ona görə də belə düşünürəm ki, buna vaxt lazımdır. Yollarımızın hələ ki, bu səviyyədə olması bizi çox narahat edir”.

Şöbə rəisi bildirdi ki, bu günədək şəhərimizdə avtomobillərin parkinqi üçün yeraltı dayanacaqlar olmadığından vəziyyət başqa idi:
“Hətta Bakı Şəhəri Yol Polisi olaraq da biz avtomobillərin harada gəldi, orda saxlanılmasına qarşı hər hansı protokol tərtib etmirdik. Ancaq bu gün Bakı şəhərinin 80-ə yaxın mərkəzi küçəsində bir neçə mərtəbəli və bütün müasir standartlara cavab verən pullu dayanacaqlar var. Bundan başqa, paytaxtın mərkəzi küçə və prospektlərində 100-dən artıq parkomatlar da artıq öz yerini alıb”.

Vaqif Əsədovun dediyinə görə, artıq əvvəlki kimi sürücülərin “bəs mən avtomobilimi harda saxlayım” sualı ilə üz-üzə qalmırlar və bu kimi hallar demək olar ki, azalıb:

“Sürücülərin yol hərəkəti qaydalarını tələb etməsi çox yaxşı haldır. Ödənişli duracaqlar və dayanacaqların olması sübut edir ki, yol polisləri sürücülərin bu qaydalara əməl edərək avtomobilləri doğru yerdə park etmələri ilə bağlı reydləri hər gün davam etdirəcək. Sürücü mədəniyyətinin, yol səviyyəsinin inkişaf etməsi üçün kimliyindən asılı olmayaraq tədbirlər gücləndiriləcək. Siz təsəvvür edin ki, bir sürücüyə eyni yerdə, eyni vaxtda, eyni xətaya görə çox sayda protokol tərtib etdiyimiz olub”.

Şöbə rəisi bu gün sürücülərin hələ də yol polisləri olmadan düzgün şəkildə hərəkət etmədiyini bildirdi:
“Ən dəhşətlisi isə, yolda polis yoxdur deyə avtomobillərin səkilərdə də saxlanılmasıdır. Bax, bu, çox pis haldır. Hətta bəzən sürücülər özlərini ağıllı hesab edərək qəza işıqlarını bilərəkdən yanılı qoyub avtomobillərini harda gəldi, orda saxlayırlar. Bu, əslində onların bir başa özlərinə hörmətsizliyidir. Kim olursa-olsun, hər kəs qanuna hörmətlə yanaşmağı öyrənməlidir. Əks təqdirdə tərtib olunan cəzalar daha da sərtləşdiriləcək, lazım gələrsə, bu özbaşınalığın qarşısını almaq üçün sürücülərə məhdudiyyət qoyulacaqdır”.


Müəllif:

Oxşar xəbərlər