Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.
Qeyd edilib ki, iyunun 9-u saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, T.Cavadzadə həmin gün saat 03:40 radələrində vəfat edib.
"Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb", - deyə məlumatda vurğulanıb.
***
Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.az-a bununla bağlı araşdırma başladıldığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".