Rusiyada banklar ötən il 3,8 trilyon rubl həcmində rekord xalis mənfəət əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının 2024-cü il üzrə bank sektorunun qiymətləndirilməsinə dair hesabatında bildirilib.
Həmçinin əmanətlər 26,1 faiz artaraq 57,5 trilyon rubla çatıb. Yığımlarda artımın əsas səbəbləri kimi əhalinin gəlir səviyyəsinin yüksəlməsi və yüksək əmanət faizlərinin olduğu vurğulanıb.
Rus banklarının xalis mənfəəti 2022-ci ildə sanksiyaların təsiri ilə əvvəlki illə müqayisədə 2,4 trilyon rubldan 202 milyard rubla düşsə də, 2023-cü ildə 3,3 trilyon rubla yüksəlib.
Hesabatda Rusiya banklarının korporativ kredit portfelinin əvvəlki illə müqayisədə 17,9% artaraq 87,8 trilyon rubl təşkil etdiyi qeyd edilib.
Həmçinin rublun müəyyən dövrlərdə dəyər itirməsinin banklara "bir dəfəlik" müsbət töhfə verdiyi vurğulanıb.