15 Aprel 2018 00:41
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə "Kəpəz"in qonağı olub.

Teleqraf.com xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan birinin atdığı daş onun başına dəyib. Həkim yerə yıxılan haitili futbolçuya yardım göstərib. Yarımmüdafiəçi oyunu yalnız bundan sonra davam etdirə bilib.

Oyunun nəticəsinə gəlincə, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bu onun Ağdam klubunun əsas heyətində ilk rəsmi qolu olub.

Qeyd edək ki, "Qarabağ"ın 23 oyundan sonra 56 xalı var. Onun əsas izləyicisi "Qəbələ" isə 22 oyundan sonra 41 xal toplayıb. Müəyyən əlverişli şərait yaransa, "Qarabağ" artıq növbəti matçda özünə ardıcıl beşinci dəfə çempion titulunu təmin edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər