İtaliyanın "Yuventus" futbol klubu İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edən fransalı Zinəddin Zidana komandanın baş məşqçisi vəzifəsini təklif etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın "Le10sport" portalı məlumat yayıb.
"Yuventus"un nümayəndələrinin artıq fransalı məşqçi ilə əlaqə qurduğu bildirilir. 47 yaşlı Zidanın "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər tərtib edilib. Hazırda "Yuventus"a Maurisio Sarri rəhbərlik edir.
Xatırladaq ki, Z.Zidanın rəhbərliyi altında "Real Madrid" ardıcıl olaraq üç dəfə Çempionlar Liqasını, İspaniya çempionluğunu, iki dəfə ölkə Super Kubokunu, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.