14 Aprel 2022 14:30
2 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mustafa bəy, dünyada ciddi bir gərginlik var. Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadi mənzərəni dəyişib və dünya iqtisadiyyatı üçün qeyri-müəyyənlikləri artırıb. Maraqlıdır, Türkiyə müharibənin təsirlərini necə hiss edir?

- Hazırda dünyada Rusiya-Ukrayna müharibəsi səbəbindən ciddi iqtisadi problemlər və siyasi böhran yaşanan geniş bir gərginlik hökm sürür. Məlumdur ki, hər böhran həm fürsətləri, həm də təhdidləri özüylə daşıyır. Yerləşdiyi coğrafiyaya görə Türkiyə ən böyük təhdidlə üzləşən ölkələrdəndir.

Çünki həm Ukrayna, həm də Rusiya bir çox cəhətdən Türkiyənin böyük ticarət əlaqələri olduğu ölkələrdir. Xüsusilə Rusiya Türkiyənin ən böyük enerji və bir sıra kənd təsərrüfatı məhsullarının tədarükçüsüdür. Eyni formada Ukrayna da ölkəmizdən böyük həcmdə kənd təsərrüfatı məhsulları alır. Digər tərəfdən turizm sektorunda Türkiyənin ən çox qonaq qəbul etdiyi bu iki ölkədir. 2021-ci ildə Türkiyə hər iki ölkədən cəmi 6.5 milyard dollarlıq turizm gəliri əldə etmişdi.

Türkiyə burada müəyyən maliyyə çətinlikləri ilə üzləşsə də, yerləşdiyi yerə görə geosiyasi imkanları yenidən kəşf edib. Birincisi, Türkiyənin NATO tərkibində və eləcə də Avropa İttifaqındakı (Aİ) əhəmiyyəti artdı. Ölkəmizin Aİ ilə ticarət əlaqələri yenidən qüvvətlənməyə başlayıb.

İkincisi, ABŞ-la ticari və siyasi əlaqələri yenidən inkişaf etdi. Son illər Amerika ilə olan xarici ticarətin həcmi artmaqda davam edir. Bundan əlavə, Türkiyənin Amerikadan uzun müddətdir istədiyi F-35 və F-16 təyyarələrin alınması ilə bağlı irəliləyişlər var. Bu gərginlik Türkiyə üçün həm təhlükə, həm də fürsət yaradan vəziyyəti ortaya qoyub.

Türkiyənin geosiyasi əhəmiyyəti səbəbindən yeni fürsətlər ortaya çıxıb. Amma iqtisadi olaraq ölkədə xüsusilə kənd təsərrüfatı məhsullarının təchizatı və enerji qiymətlərinin yüksəlməsi təzyiqi Türkiyə iqtisadiyyatı üçün yeni təhdidlər ortaya çıxarıb.

- Qeyd etdiyiniz kimi, müharibə səbəbindən enerji və ərzaq məhsullarının qiymətləri kəskin artıb. Bu tendensiyanın davam edəcəyi gözlənilir. Maraqlıdır, Türkiyə Rusiyadan əsasən hansı məhsulları ixrac edir və ixrac malları üzrə bahalaşma özünü əsasən nədə göstərir?

- Bəzi ərzaq və enerji məhsullarının qiymətinin sürətlə artmasında Rusiya və Ukraynanın ayrıca rolu var. Xüsusilə buğda... Dünya üzrə buğda istehsalının təxminən 30 faizini ixrac bazarlarına bu iki ölkə göndərir. Bu mənada Türkiyənin də buğda ixracatında ən böyük iki ölkə Rusiya və Ukraynadır. Misirdən sonra dünyada bu iki ölkədən ən çox buğda idxal edən dövlət də Türkiyədir.

Bu baxımdan Türkiyənin ən çox sıxıntı yaşadığı məsələlərdən biri də buğda olacaq. Bununla belə, Türkiyə Torpaq Məhsulları Ofisinin (TMO) anbarlarında bu ilin öhdəsindən asanlıqla gəlmək üçün kifayət qədər buğda var, amma qiymətlər təzyiq altındadır, qıtlıqsa müşahidə olunmur. Türkiyənin təxminən 20 milyon tona yaxın çıxarıla bilən buğda istehsal gücü var. Ölkəmiz təxminən 17 milyon tona yaxın buğda istehsal edir. Türkiyə bu buğda kəsirini qısa müddətdə kompensasiya edə bilər.

Amma xaricə satış üçün təxminən 4 milyon ton buğda ixrac edir, bunu un və makaron şəklində satırdı, Türkiyənin itkisi bu nöqtədə olacaqdır.

İkinci ən vacib məqam enerji idxalıdır. Türkiyənin təbii qaza olan tələbatının təxminən 30 faizi Rusiyadan gəlir. Daha sonra ən vacib ölkə Azərbaycandır. Son illər Türkiyənin Azərbaycanla əlaqələri çox sürətli şəkildə inkişaf edir. Əlaqələrin azalmasına rəğmən, Rusiya hələ də 30 faizə yaxın təbii qaz idxalında Türkiyənin bağlı olduğu bir ölkədir.

Türkiyə üçün önəmli bir problem enerji qiymətlərinin yüksəlməsi və Rusiya ilə olan əlaqələrdir. Burada həm böhran, həm fürsət tərəfləri ortaya çıxır. Avropa İttifaqı və ABŞ-ın qoyduğu iqtisadi sanksiyalar səbəbi ilə Rusiyanın dünyaya ixracında çətinlik yaşanır. Bu zaman Türkiyə kanalı vasitəsilə satış etməsi bir az daha asanlaşacaq. Bu da ölkəmiz üçün vacib bir keçid nöqtəsidir. Bu baxımdan Türkiyənin həm fürsət, həm təhdid yönü burda da ortaya çıxır.

Digər strateji məsələ neftdir. Türkiyə nefti əsasən Azərbaycan, İran və Rusiyadan tədarük edir. Rusiya əlaqələri və qiymətlərin yüksəlməsi istiqamətində də bir sıxıntı var.

Türkiyə-İsrail və Azərbaycan-İsrail arasında yeni əlaqələr yaranmağa başlayıb. Bu, Türkiyəni və Azərbaycanı bu böhrandan yeni bir fürsət əldə etməsini təmin edəcək. Hər nə qədər Türkiyə bu məsələdə sıxılmış kimi görünsə də, geosiyasi mövqeyindən irəli gələrək Avropa İttifaqının enerji təhlükəsizliyindəki kilid ölkə olması səbəbindən bir sıra iqtisadi qazanc əldə etmək fürsəti də yaranıb. Türkiyənin enerji qiymətlərindəki artım və asılılığı son aylar başlayıb. Mənfi təsirlərlə yanaşı, geosiyasi mövqeyin verdiyi fürsətlərdən bir sıra yeni əlaqələr təmin edildiyi təqdirdə Türkiyə özünü yenidən tarazlaşdıra biləcək.

- Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı son məlumata görə, mart ayında ölkədə illik inflyasiya 61,1 faizə yüksəlib. İnflyasiya ilə bağlı Türkiyə hökumətinin planı nədir?

- Hazırda Türkiyə iqtisadiyyatının ən böyük problemi inflyasiyadır. Həm qlobal tədarük qaynaqlarındakı sıxıntılar, həm də Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi təzyiq son aylarda Türkiyədə inflyasiyanı sürətli şəkildə yüksəlməsinə səbəb olub. Son 8 aydan bəri Türkiyədəki inflyasiya səviyyəsi artaraq irəliləyir. Bu, ölkəmizdə hiperinflyasiya qayğılarını artırır. Beləliklə Türkiyə iqtisadiyyatının inflyasiya problemlərini həll etməsi prioritet məsələyə çevrilib.

Hazırda Türkiyədə daha çox qısa vədəli tətbiqlər müzakirə mövzusudur. Bunlardan biri əlavə dəyər vergisi (ƏDV) endirimləridir. Bunun inflyasiya problemini həll etməkdə qalıcı təsirinin olub-olmayacağı mübahisəlidir. Çünki Türkiyədəki ƏDV endirimləri 8-10 faiz nisbətdə edilir. Amma son dövrlərdə inflyasiyanın 60 faiz üzərində olması bu endirimlərin kifayət qədər effektiv olmayacağını göstərir.

Digər vacib məqam, borclanmada inflyasiyaya indeksli sənədlərdən istifadə olunmasıdır. Bu, maliyyələşmə baxımından hökumətin özünü asanlıq təmin edir. Amma bu da qısa vədəli həll yoludur.

Burada seçim prosesindən qaynaqlanan uzun vədəli dezinflyasiya (yüksək inflyasiyadan aşağı inflyasiyaya keçid) proqramının tətbiq edilmədiyini görürük. Zamanla neft qiymətlərinin sülh səyləri və digər səbəblərdən stabilləşməsi, həmçinin yaz mövsümündə təbii qaza olan ehtiyacın azalması, eləcə də Türkiyənin daxili bazarında kənd təsərrüfatı məhsullarının istehsalındakı artım kimi faktorlar yaza doğru inflyasiyanın qismən də olsa aşağı düşəcəyini proqnozlaşdıra bilərik.

Ancaq uzunmüddətli perspektivdə Türkiyədə struktur problemlərinin həlli ilə bağlı proqram ortaya qoyulmayıb.

- Rusiya-Ukrayna müharibəsi türk lirənin məzənnəsinə necə təsir edib? TL üçün böhranlı dövrünün bitdiyini demək olarmı?

- Türk lirəsinin məzənnəsi təxminən müharibənin başladığı dövrdəki şəkildə davam edir. Hazırda rəsmi valyuta məzənnələrinə əsasən, 1 ABŞ dolları = 13-14.60 TL arasında dəyişir. Türkiyə mübadilə ilə qorunan depozit sisteminə keçib. Ona görə də hər kəs əmanətlərini türk lirəsində saxlasa, xarici valyutada yarana biləcək fərqlər ödənilir. Buna görə də həm şirkətlər, həm də ev təsərrüfatları xarici valyuta və TL depozit hesabları valyuta ilə qorunan əmanət sisteminə keçid etməyə başlayıb.

Bu rəqəm 40 milyard dollara yaxınlaşıb. Bu dövrdə türk lirəsinin sabit bir şəkildə davam etdiyini söyləyə bilərik. Qiymətləri sabit saxlamaq üçün vaxtaşırı Mərkəzi Bank müdaxilə edir.

İqtisadi nəzəriyyə baxımından TL-də böhranın bitdiyini deyə bilmərik. Çünki inflyasiya yüksək olan ölkələrlə aşağı inflyasiya olan ölkələri müqayisə edəndə aradakı fərq qədər valyutanın dəyər qazanması gözlənilir. Ona görə də iqtisadi risk olaraq Türkiyədə məzənnə artımı gözləntiləri hələ də var.

Amma valyuta məzənnəsi ilə qorunan əmanət sistemi sayəsində Türkiyədə məzənnənin sabit olduğunu deyə bilərik.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər