25 Yanvar 2023 16:58
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib. Yəni ilk dəfə valyuta satışı aparılmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub.

Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub.

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Teleqraf.com-a məsələnin səbəblərin izah edib.

O bildirib ki, ölkədə bankların hesabatlılığı tam şəffaf olmadığı üçün valyuta hərracında dolların satılmamasının səbəbini dəqiq demək mümkün deyil: “Düşünmək olar, bəlkə doğurdan da dollara tələbat yoxdur?! Amma tələbat olmasaydı banklar dolların alış məzənnəsini aşağı salardılar. Bu gün banklarda dolların alış məzənnəsi 1.69 AZN-dir, Mərkəzi Bankın da məzənnəsi 1.70 AZN-dir. Banklara dollar lazım olmasa, onlar əhalidən daha aşağı qiymətə - 1.67, 1.68 məzənnə ilə dollar almağa başlayar. Bununla sübut edə bilərlər ki, ona dollar lazım deyil. Amma vəziyyət belə deyil, məzənnəni yüksək saxlamaqla görürük ki, banklar dollar almaq istəyir və buna ehtiyacları var.

Ümumiyyətlə, banka dollara lazım deyilsə, hərraca çıxmaz. Bu zaman bank əhalidən də dollar almaqda maraqlı olmaz və məzənnəni də endirər. Amma banklar bunun heç birini etmir, deməli onlara dollar lazımdır. Sadəcə Mərkəzi Bankdan almaqda nəsə problemləri var. Ola bilər ki, Mərkəzi Bank hərrac keçirdiyini dildə deyə bilər, amma reallıqda satmır”.

Əkrəm Həsənovun sözlərinə görə, Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dövrdə bankların hərraclarda necə iştirak etməsi ilə bağlı göstərişlər verilirdi: “Keçmiş sədrin vaxtında banklara “hərraca gəlməyin”, “hərracda tələb qoymayın” kimi göstərişlər verilirdi. Banklar da ümumiyyətlə, hərracda iştirak etmirdi, Mərkəzi Bank da çıxıb deyirdi ki, dollara tələbat yoxdur.

Azərbaycanda Mərkəzi Bank yalnız pul siyasətini həyata keçirən qurum deyil, o həm də banklara nəzarət edən qurumdur. Təsəvvür edin ki, kimdənsə nəsə alırsınız, eyni zamanda həmin şəxsə tabesiniz. Azərbaycanda bank bazarı əvvəlki kimi sərbəst deyil”.

Mütəxəssis qeyd edib ki, hazırda qüvvədə olan qaydaya əsasən, vətəndaşlara illik 20 min manat məbləğində dollar almaq limiti qoyulub: “Heç bir dövlət orqanı bu limiti öz üzərinə götürmür ki, bunu biz etmişik. Çünki qanunda belə bir bənd yoxdur və qanunsuzdur. Amma banklar bu qaydanı öz üzərlərinə götürüb. Guya banklar birləşib belə bir limit tərtib ediblər. Sağlam məntiqə görə, banklar niyə özlərinə limit qoysunlar? Bankların əsas məqsədi pul qazanmaqdır. O niyə özünə məhdudiyyət qoysun ki, ildə bir vətəndaşa 20 min manatdan çox xarici valyuta satmayacaq? Guya banklar həm də rəqibdirlər, amma hamısı birləşib belə bir qərar veriblər.

Aydın məsələdir ki, bu qərarı dövlət qurumu verir, banklara da bunun öz qərarları olduğu barədə tapşırıq verib. Ölkədə bu qaydalar inzibati qərarlarla müəyyən olunur. Ona görə də azad bazar iqtisadiyyatı yoxdur, bank sistemi də getdikcə daha da inhisarlaşıb. Bu, versiyalardan biridir.

Əgər dövlətin dollar satışında problemi yoxdursa, illik 20 min manatlıq valyuta satışı limiti niyə var? Deməli, problem var, dollar satmaq istəmirlər. Bu baxımdan hesab edirəm ki, burada bilmədiyimiz şeylər də var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər