16 İyul 2014 11:36
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Əlizadə: “AXC-nin ilk sədri Yusif Səmədoğlu olmalı idi”

Suallarımıza Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə cavab verib. Müsahibimiz, əsasən, Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyindən, bu qurumun yaranmasından, onun ilk təşəbbüs qrupundan, sədrin seçilməsindən danışıb.

Araz Əlizadə eyni zamanda həmin dövrün ictimai-siyasi prosesləri, parlament seçkiləri haqqında fikirlərini bildirib, AXC-nin buraxdığı səhvlər barədə danışıb.

- Araz bəy, AXC-nin yaranmasının 25 illik yubileyi qeyd olunur. Siz bu təşkilatın yaranması zamanı aktiv siyasi fəaliyyətdə olmusunuz. AXC hansı zərurətdən yarandı və Sizin buna münasibətiniz necədir?
- AXC xalqın istəyi əsasında yaranmışdı. Sonradan orada hakimiyyəti qaragüruh ələ aldı. Bundan sonra Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Qaragüruh Cəbhəsi oldu. Azərbaycan o zaman demokratiya adlı uşağa hamilə idi. Bu uşağı zorla saldırdılar, hakimiyyətə gəldilər, indi Ukraynada olduğu kimi faşist hakimiyyəti qurdular. Bu da cəmi bir il çəkdi.

- Siz həmin dövrdə AXC-də təmsil olunurdunuzmu?
- Xeyr. AXC-nin yaranmasının ilk təşəbbüskarı Zərdüşt Əlizadə idi. Mən Zərdüştə dedim ki, “Varlıq” “Çənlibel” təşkilatı ilə birləşdikdən sonra AXC demokratiyadan kənar olacaq və qaragüruh burada üstünlüyü götürəcək. Odur ki, bir gün belə AXC-nin üzvü olmamışam. Lakin AXC-yə maddi yardım göstərmişəm. Həmin vaxt döş nişanlarını mən Moskvada sifariş verib gətirmişəm, sənədlər mənim surətköçürmə aparatımda çıxarılıb, kimisə harasa göndərmək lazım olanda maliyyə yardımı göstərmişəm.

- Deməli, Sizin AXC-yə simpatiyanız olub...
- Bunu sizə kim deyir? Mən bunu Zərdüştə görə edirdim. Bir təşkilatın ki sədri ədalətli formada seçilməyə, mənim həmin quruma simpatiyam ola bilərmi? Ola bilməz.

- AXC sədrinin saxtakarlıqla seçildiyini iddia edəndə nəyi nəzərdə tutursunuz?
- AXC-nin təsis konfransı rəhmətlik Ağamalı Sadiq Əfəndinin həyətində qurulan çadırda keçirilirdi. Mandatların paylanılması İsa Qəmbərə həvalə olunmuşdu. O da bunu Behcan Fərzəliyevə və Xudavən Xuduyevə tapşırmışdı. Bu şəxslər də İsa Qəmbərin göstərişi ilə mandatları AXC-nin dayaq dəstələrinin üzvlərinə deyil, çayxanada özlərinə yaxın şəxslərə paylamışdı. Həm də əvvəlcədən danışıq olmuşdu ki, AXC-nin sədri Yusif Səmədoğlu olsun. Ancaq konfrans başlayan kimi yerlərdən Əbülfəz Əliyev şüarları səsləndirilməyə başlandı. İsa Qəmbər də dedi ki, Yusif bəy, əgər vəziyyət bu cürdürsə, siz konfransa sədrlik edə bilməzsiniz. Beləcə, İsa Qəmbər sədrliyi öz üzərinə götürdü. Səsvermə zamanı Yusif Səmədoğlu məcbur oldu ki, namizədliyini geri götürsün. Əbülfəz Əliyev isə AXC sədri seçildi. Sonda Zərdüşt Əlizadə və digərləri ayılıb dedi ki, zalda oturanları tanımırlar, bunlar haradan gəliblər. Onları saxlayıb soruşanda ki, siz AXC-nin hansı dayaq dəstəsindən gəlmisiniz, cavab verdilər ki, təşkilat nədir, bizə mandatı çayxanada verdilər və bildirdilər ki, konfransda Əbülfəz Əliyev şüarını səsləndirək. Belə bir təşkilata mənim simpatiyam ola bilərmi? Qətiyyən ola bilməz. Və yaxud 1992-ci ili martın 5-dən 6-na keçən gecə dövlət çevrilişi oldu. Amma martın 6-sı səhər saatlarında Qarabağa rus qoşunlarının iştirakı ilə üç istiqamətdə hücum olmalı, Qarabağ tamamilə ermənilərdən təmizlənməli idi. O zaman Mütəllibov AXC liderlərinə müraciət edərək dedi ki, imkan verin, Qarabağı ermənilərdən təmizləyim, sonra erkən prezident seçkilərinə gedim. İsa Qəmbərin cavabı indiyə qədər mənim qulağımdadır. O bildirdi ki, biz uşaq deyilik, burada hakimiyyət məsələsi var, Qarabağı kim azad etsə, xalq da ona səs verəcək. Nəticədə AXC liderləri dövlət çevrilişinə getdilər, Qarabağa hücum baş vermədi və indiyə qədər də torpaqlarımız düşmən əlindədir. Daha bir maraqlı məqam deyim. AXC rəsmən elan olunmadan əvvəl iclaslara sədrlik növbə ilə olurdu. Bir dəfə iclasda Əbdülvahap Manafov dönüb Zərdüştə dedi ki, mənim “bəy” sözündən xoşum gəlmir, ayrı nə demək olar. Zərdüşt də təklif etdi ki, “həzərat” deyə müraciət etsin. Əbdülvahap da rusdilli idi, durub məclisdə oturanlara “həzərat” deyil, “həşərat” dedi.

- Ancaq sonradan Əbdülvahap Manafov AXC hakimiyyətində təmsil olundu, Nazirlər Kabinetində şöbə müdiri işlədi...
- Bəli, doğru deyirsiniz. Məsələn, Leyla Yunus Əbülfəz Əliyevi sevmirdi. Ancaq sonra bizim partiyadan çıxandan sonra gedib Əbülfəz Əliyevi qucaqladı. Hətta sonra polkovnik də oldu...

- AXC rəsmən elan olunmazdan əvvəl Sizin fəaliyyətiniz nədən ibarət idi?
- Həmin vaxt bizim 20 nəfərlik sosial demokrat qrupumuz var idi. Biz əsasən SSRİ məkanında Qarabağ haqda həqiqətləri çatdırır, qəzet redaksiyalarında görüşlər təşkil edir, SSRİ xalq deputatları arasında iş aparırdıq.

- Siz heç “Çənlibel” və “Varlıq” kimi təşkilatlarda da olmamısınız?
- Mən əvvəldən sosial-demokrat qrupunda olmuşam. Bu, 70-ci illərin əvvəllərində universitetdə bir qrup gənc tərəfindən yaradılmışdı. Biz o zaman “Bill Braundun dostları” klubunu yaratmışdıq. Çünki o zaman demokrat sözünü dilimizə gətirsəydik, boynumuzdan asardılar. Sonra tələbəlik illəri başa çatdı, bu qrup da dağıldı. Qarabağ məsələsi meydana çıxanda biz 16 may 1988-ci ildə Bakıda yenidən görüşdük və fəaliyyət apardıq.

- Həmin vaxt siz İsa Qəmbəri tanıyırdınız?
- Xeyr, tanımırdım. Çünki mən Azərbaycana 1987-ci ilin noyabrında qayıtdım. İsa Qəmbərlə məni Zərdüşt Əlizadə akademiyada tanış etdi. O zaman “nemətçi”lər Bakıda qırğın törətmək istəyirdi. Biz İsa Qəmbərlə danışırdıq ki, bunun qarşısını alaq. Çünki eyni vaxtda Moskvada Qarabağ məsələsi müzakirə edilirdi. Bakıda ixtisas və qırğın olsaydı, Moskvada verilən qərar bizim əleyhimizə ola bilərdi. İsa Qəmbər həmin müzakirədə dedi ki, mənim qarşıda 30 illik siyasi fəaliyyətim var, mən birdəfəlik hadisə üçün bunu qurban vermək niyyətində deyiləm.

- AXC-də intellektual insanlar toplaşmışdı, niyə onlar sona qədər bir yolu gedə bilmədilər?
- AXC-də intellektual insan Zərdüşt Əlizadə və Sabit Bağırov idi. Qalanları intellektual deyildilər. Nə olsun ki, Hikmət Hacızadə, Əbülfəz Əliyev elmlər namizədi idi. Onlar intellektual deyildilər. Bizdə ziyalı və intellektualları ucuzlaşdırıblar.

- Maraqlıdır, Siz rəsmi şəkildə AXC üzvü olmasanız da, qeyri-rəsmi proseslərin mərkəzində durmusunuz...
- O zaman mən Azərbaycanda gedən prosesləri həm bilirdim, həm də yaxından izləyirdim. Çünki siyasətlə məşğul olan şəxs hər bir şeyi bilməli və izləməlidir.

- Amma AXC-yə yaxın olsanız da, qardaşınız bu qurumda təmsil olunsa da, sonradan siz Mütəllibova yaxınlaşdınız. Buna səbəb nə oldu?
- Mənim Mütəllibovla münasibətim ona görə idi ki, bu adam Azərbaycanı demokratiya yolu ilə aparırdı. Mən də bu məsələdə ona kömək etməyə hazır idim. Mütəllibov keçmiş parlament tərəfindən prezident seçiləndə mən ona teleqram vurub bildirmişdim ki, siz ümumxalq seçkisi ilə prezident seçilmədiyiniz üçün, mən sizə AKP-nin birinci katibi kimi münasibət bəsləyəcəyəm və sizi prezident kimi tanımıram. Bizim ilk tanışlığımız 1989-cu ilin sentyabrında oldu. Həmin vaxt Ali Məclisin sessiyası gedirdi, mən də evdə oturmuşdum. AXC liderləri sessiyada idi, Vəzirov da başladı müstəqillik aktını tənqid etməyə. Mən də durub getdim parlamentə. Orada Vəzirovla mübahisə etdim. Həmin vaxt Poliyaniçko məni Mütəllibova göstərib dedi ki, bu, alman şirkətinin Azərbaycandakı nümayəndəsi, Zərdüşt Əlizadənin kiçik qardaşıdır. Mütəllibov da dedi ki, “bunlar bir bezin qırağıdır”.

- Siz nə cavab verdiniz?
- Mən də cavab verdim ki, əlbəttə, biz bir bezin qırağıyıq, eyni ailədə böyümüşük, eyni tərbiyə almışıq və odur ki, bir hərəkət edirik. Əslində, “bir bezin qırağı” pis məna kəsb etmir. Həmin vaxt Mütəllibov baş nazir idi, mən isə alman şirkətinin nümayəndəsi kimi Bakıda “Tehran” adlı mağaza tikirdim. Moskvada Dövlət Plan Komitəsinin sədri bizim şirkətə maneçilik törədirdi. Sonra mən Mütəllibova müraciət etdim. O da sənədlərə baxıb dedi ki, gözəl təşəbbüsdür. Özü də Moskva ilə danışdı və bundan sonra bizə maneçilik törətmədilər. Mağazanı tikib Bakı Ticarət İdarəsinə təhvil verdik. Özəlləşdirmə zamanı onu satdılar. O da mağazanı söküb yenisini tikmək istədi, amma tikib başa çatdıra bilmədi...

- Amma bu münasibətlər Sizi deputat olmağa qədər irəli apara bildi...
- Mən 1991-ci ildə deputat oldum. 1990-cı il seçkilərində üç rəqibimə böyük üstünlüklə qalib gəldim. Amma sonda dedilər ki, seçicilərin yetərsayı olmayıb, 13 nəfər çatmayıb. Təklif etdilər ki, qutuya bülleten ataq. Mən də bundan imtina etdim.

- Demək, Mütəllibov dövründə Sizin deputat olmağınıza mane oldular?
- Bəli, mane oldular. İkinci turda bir başqasını qutudan çıxardılar. Sonra Əlsahib Orucov Goranboyda deputatlıqdan istefa verdi. Mən Goranboydan namizədliyimi irəli sürdüm, qalib gəldim. Bundan sonra “Azadlıq”, “Xalq” qəzeti yazdı ki, mən saxtakarlıqla deputat seçilmişəm. Həmin vaxt mənə təzyiqlər oldu ki, namizədliyimi geri götürüm. Bu haqda mənə Zərdüşt, Leyla da təklif etdi. Mən də dedim ki, təmiz qələbə qazanmışam. O zaman mənim seçki kampaniyamı Gəncə təşkilatının üzvləri aparmışdı. Həmin uşaqlar Gəncədən Bakıya gəlib dedilər ki, bizim zəhmətimizi yerə atmayın, biz kənd-kənd gəzib iş aparmışıq. Mən də dedim geri götürməyəcəyəm. Mandatım təsdiq ediləndən sonra elə birinci gün parlamentdə söz alıb dedim ki, əzizlərim, siz deyirsiniz ki, mən saxtakarlıqla deputat seçilmişəm. Sizə demək istəyirəm ki, bu parlamentdə Heydər Əliyev və Tahir Kərimlidən başqa heç kəs bu qanunla deputat seçilməyib. Təklif etdim ki, hamı mandatdan imtina etsin, yenidən seçkiyə gedək. O zaman Arif Hacılı o tərəfdən bəyan etdi ki, “mən təmiz seçilmişəm”, kommunistlər də səs qaldırdılar. Mən də sonra söz alıb dedim ki, sakitləşin, siz necə seçilmisinizsə, mən də o cür seçilmişəm.

- 2005-ci ildən sonra Sizi Mütəllibovla nə birləşdirdi?
- Biz onunla dostlaşdıq. İkimiz də mühacirətdə idik. Görüşüb danışırdıq.

- İndi münasibətləriniz varmı?
- Bəli, var. Zəngləşib dərdləşir, bir-birimizin əhvalını soruşuruq.

- O, doğrudan da, siyasətlə məşğul olmayacaq?
- Elan edib ki, siyasətdən gedir. Siyasətlə məşğul olmaq niyyəti olsaydı, partiyada həmsədr kimi qalardı.

- ASDP qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcəkmi?
- Bəli, hazırda buna hazırlıq işləri görürük.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər