23 İyul 2014 19:41
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs jurnala rəhbərlik etdiyi 4 ay ərzində gördüyü işlər barədə Teleqraf.com-un suallarını cavablandırıb. Ağdamın işğalı günündə xatirələrini bölüşən Qulu müəllim Kəlbəcərdəki girovlarımızdanda danışıb.

-Qulu müəllim, aprel ayından etibarən “Ulduz” jurnalına rəhbərlik edirsiniz. Arzuladığınız “Ulduz”u çıxara bilirsiniz?
-Təbii ki, “Ulduz” jurnalını ürəyim istəyən kimi çıxarıram. Mümkün olan hər şeyi eləməyə çalışıram.

-Rəhbər təyin olunanda “Ulduz” üçün hansı dəyişikliklər etməyi planlaşdırırdınız?
-İlk növbədə daxili ehtiyatlar hesabına işçilərin məvacibini qaldırdım. Düşündüm ki, onlar heç olmazsa, bir az daha artıq maaş almağa layiqdirlər. Özümdən başqa hamının maaşını artırdım. Lazımsız ştatları dərhal ixtisara saldım. Həmin pulun hesabına da digər işçilərin maaşı qalxdı.

-Hansı ştatlar ixtisara salındı?
-Cüzi maaşı olan “Məktublar”, “Qeydiyyat” ştatları vardı, onları ixtisar elədim. Həmin ştatların pulunu daha yaxşı çalışanlara, “Ulduz” üçün yararı olan işçilərin maaşına əlavə elədim.

-İşsiz qalan işçilərinizin başqa dərgilərdəyerləşdirilməsi üçün danışıqlar apardınız?
-Onlar onsuzda burada aldıqları maaşla dolanmırdılar. Bu, özünü aldatmaq idi. Nə özlərini saxlayırdılar, nə “Ulduz”a, nə də özlərinə bir xeyirləri vardı. Sadəcə bu məzhəkəyə son qoymuşam. Bundan başqa gördüyüm işlərdən biri mətbəəni dəyişmək oldu. Mən jurnalın çıxarılmasını “Təhsil” nəşriyyatına həvalə elədim. “Təhsil”in çox yüksək texnologiyası var, çap imkanları həddən artıq böyükdür, amma onun xərcləri də başqaları ilə müqayisədə daha çoxdur. “Təhsil”inbaş direktoruBəhruz Axundovla dostluğum karıma çatdı. Bizim jurnal çox baha qiymətə, təxminən 4 manat başa gəlir, amma satış qiymətini 2 manat saxlamışıq. Yeniliklərdən biri jurnalın üz qabığının, dizaynının dəyişməsidir. Jurnalın içərisində şəkillər verməyə, fotossesiyalara başladıq. İlk saydan etibarən çağdaş jurnal estetikasına uyğun olaraq biz proyektlər etdik. Özbəkistanın “Gənclik” dərgisi ilə əməkdaşlığa çalışırıq.

-Söylədiniz ki, xərc satış qiymətindən faktiki olaraq 2 dəfə çoxdur. Bəs, maliyyə məsələsini necə tənzimləyirsiniz?
-Mənim aylıq çap pulum 550 manatdır. Bu, KİVDF-nin jurnala ayırdığı puldur. Jurnalsa min manatdan yuxarı başa gəlir.

-Reklamdan gəliriniz olur?
-Heç bir reklamımız yoxdur, qalan pulları necə edirəm, o, artıq öz işimdir. Büdcəyə 550 manat pul köçürülür. Qalan xərcləri öz nüfuzum, dostlarım hesabına qarşılayıram.

-Jurnalın satışı Sizi qane edir?
-İki aydır ki, “Ulduz” jurnalınınüstündə hədiyyə də veririk. Ötən ay Musa Urudun “Şeir vaxtı” adlı diskini, bu ay isə Aqil Abbasın “Ən xoşbəxt adam” kitabını “Ulduz”unüzərində vermişik. Jurnalımız ekspert rəyi ilə başlayır. Bu da yenilikdir. Ekspertlər - Əsəd Cahangir, Rəşad Məcid və Vaqif Bəhmənliötən yazılar haqqında münasibətlərini bildirirlər. “Ulduz” jurnalı dərgidəkitabı ilk dəfə başlayıb. Könül Həsənqulununşeirləri, Fərid Hüseynin esseləri, Şəhriyar del Geraninin hekayələri, Əfsanə Laçının uşaq nağılları dərc olunur. Palitraya diqqət edin. Gələn nömrədə Dilqəm Əhmədin kitabını çap edəcəyik. Dərgidə kitab, ekspert rəyləri və hədiyyə heç bir jurnalda olmayıb. Qısa vaxtda diskussiya klubu yaratdıq. 10 nəfər üçün bilet aldıq, cavanlar Akademik Milli Teatrda Əli Əmirlinin “Şah Qacar” əsərinə baxdılar, sonra müəlliflə birgə “Ulduz” jurnalında onun diskussiyasını təşkil elədik. Biz “Variasiya”nınşeir tərcüməsi müsabiqəsini elan etdik. Alla Axundovanın “Qısqanclıq” şeirinə ABŞ-dan, Moskvadan, rayonlardan müxtəlif tərcümələr gəldi. Yazıçı, tərcüməçi Yaşarın ekspertliyi ilə ən yaxşı tərcüməni seçdik. Bu, professor Nəsir Əhmədli idi, mükafatını da verdik. Bu ay o layihədə esse etmək istəyirik. Layihələrimiz həddən artıq çoxdur. Bu dəqiqə masamda nə qədər reallaşmamış layihələr var.

-Yeni imzaların üzə çıxarılması istiqamətində planlarınız var?
-Könül Həsənqulu adda-budda mətbuatda çap olunmuşdu, kitabı çıxdı və bu gün olduqca populyardır. Biz Könülü şair kimi təqdim etmişik.

-Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyevanın şeirləri tərcümə olunaraq onlayn mediada dərc olunur. “Ulduz”da da Əyyub Qiyas onun şeirini tərcümə etmişdi. İdeya kimin idi?
-Yaxşı və kreativ nə varsa, ondan kənarda qalmamağa çalışırıq. Təkcə özümüz öz ideyalarımızı realizə etməklə məşğul deyilik. Həm də dünyada və Azərbaycanda gedən müxtəlif ədəbi proseslərdən bəhrələnməyə çalışırıq. Mən bunu gizlətmirəm. Leyla xanımın şeirlərini Əyyub Qiyas tərcümə etmişdi. Bununla bağlı Heydər Əliyev Fondunun razılığı olub və biz onu çap etmişik.Əyyub bəy onu tərcümə edib Fonda müraciət etmişdi ki, onların çapının AYB-nin orqanı olan “Ulduz”da getməyinə icazə versinlər. Heydər Əliyev Fondu tərcümələrə baxmışdı, öz müsbət rəyini bildirmişdi, sonra biz də redaksiya olaraq tərcüməyə müəyyən redaktə və düzəliş edib çapa verdik.

-Dünən Milli Mətbuat günü idi. Həyat yoldaşınız Laura Cəbrayıllını necə təbrik etdiniz?
-Facebook-da inboxuma, telefonuma çoxlu zəng və təbrik məktubları gəldi. Daha çox başqa peşənin nümayəndələri, o cümlədən dövlət adamları bizi ailəvi təbrik elədi. Mən də bütün gün “Ulduz” jurnalının paylanması ilə məşğul idim, axşam da yorğun-arğın gəlib dedim ki, bayramın mübarək. O da qayıtdı ki, sənin də bayramın mübarək. Dedim bütün günü jurnal paylamışam ( gülür).

-Laura xanımın jurnalla bağlı köməyi dəyir?
-O ancaq məni tənqid edir.

-Nəyi tənqid edir?
-Deyir ki, şəkilləri çox verirsən. Jurnalda bu qədər şəkil vermək olmaz. Mən də bildirirəm ki, jurnal başqa estetika ilə çıxıb indi biz onu tamam dəyişmişik, ona görədir. Sonra deyir ki, tirajınız çox azdır. Çünki özü 10 min tirajlı jurnalda işləyir, mənsə 300 tirajlı. Ona görə də arada yadıma salır ki, sən baş redaktor olsan da, bizim tirajımız səndən çoxdur.

-Əvvəlki baş redaktor Elçin Hüseynbəylinin “Ulduz”un yeni dizaynı ilə bağlı fikirləri necədir?
-Təbrik eləyib. Deyir yaxşı jurnal çıxarırsan. Ayrı bir söhbətimiz olmayıb. Jurnalla bağlı xoş sözlərini deyib, mən də təşəkkür etmişəm. Görülən iş göz qabağındadır. Bəziləri deyir ki, ruhu dəyişməyib. Elə birinci bunun ruhu dəyişib.

-Bəs Siz “Ədəbiyyat qəzeti”nin indiki versiyasını bəyənirsiniz?
-“Ədəbiyyat qəzeti”nin dəyişməsini bəyənirəm və təqdir edirəm. Amma bu qəzetdə layihələr olmalıdır. İstəyirəm ki, mənim rəqibim olsun. Rəqabət məni daha çox ayaqda qalmağa səsləyəcək. İndi rəqib yoxdur deyə arxayınlaşa bilərəm. Amma özüm özümlə rəqabətə girirəm. Proyekt baxımından mənə rəqib deyil.

-Bu gün Ağdamın işğalı günüdür. Ağdamı necə xatırlayırsınız?
-Sözün açığı, Ağdamı unutmuram. Düzünü desəm, Ağdamı işğaldan sonra sevməyə başlamışam. Bu sözüm ağdamlıların xətrinə dəymişdi. Amma mən əvvəl Ağdamı belə sevmirdim. Ağdam işğal olunandan sonra bu rayona və onun adamlarına bağlandım. Bəlkə də Ağdama belə sonsuz məhəbbətim məhz onun bu günkü duruma düşməyi ilə bağlıdır. Çox vüqarlı, özündən razı, yekəbaş bir obrazı olan bir rayonun sakinlərini birdən-birə yataqxanada, çadırda, çörək pulu üçün növbədə görmək mənə həddən artıq ağrılı gəldi. Ağdamlıların ayağında axırıncı dəb ayaqqabılar, geyim-keçimləri, villaları olub, onda görərdiniz ki, söhbət hansı rayonun işğalından gedir.

-Ermənilər tez-tez sosial şəbəkələrdə və erməni saytlarında gənclərin, orta yaşlı insanların Ağdamdan, Şuşadan fotolarını yayımlayırlar. O şəkillər çoxumuzda qıcıq yaradır. Bəs Siz şəkilləri görəndə nə hiss edirsiniz?
-Mən Facebook-da ermənilərin Ağdamın yanmış şəkillərinə baxanda çox da təəssüf, qorxu, utanc və ya kədər hissi keçirmirəm. Çünki bundan artığını gözləmirdim. Dağlıq Qarabağ ermənilərinin Ağdama olan münasibəti bəlli idi. 1988-ci ildə münaqişə başlayanda Xankəndinə hücum edən Ağdam camaatı olub. Qarabağ müharibəsinin ilk şəhidi də Əli ilə Bəxtiyar olub.Noraşen, Harslı kəndindən erməni maşınları gəlib hərbi komissarlığın yanından keçib Əsgərana dönəndə və Ağdamın içindən keçəndə erməni oğlanları başlarını aşağı dikirdilər ki, qoy arvadlar görünsün. Ağdamın içində pəncərədən kənara erməni baxmırdı. Elə olub ki, erməni kəndindən Ağdama gələndə əl eləmişəm erməni maşını saxlayıb, minmişəm. Ağdam şəhərinə girən erməni oğlanları başlarını gizlədirdilər ki, birdən bir ağdamlı onu görər saxladar deyər ki, nəyə baxırsan? Onların yeganə qorxub çəkindiyi təbii ki, ağdamlılar olub. Qarabağ müharibəsinin aparıcı qüvvəsi də, mərkəzi də, baş kitabı da Ağdam olub. Onlar bilirdi ki, Şuşanı, Laçını alsalar da, nə qədər Ağdam var, onlar orada otura bilməyəcək. Onların Ağdamı alandan sonra da ürəkləri soyumadı. Yəqin ki, onun bünövrəsini də qazıb çıxaracaqlar. Bu, onların Ağdama olan xüsusi münasibətinin ifadəsidir. İllərlə onların ürəyində ağdamlılardan qisas almaq olub. Hətta biz Sovet dövründə dost olduğumuz vaxtlarda da ermənilərin münasibəti belə olub ki, imkan olsa ağdamlıları qırardıq. Ermənilərin Facebook-da yaydıqları şəkillərə soyuqqanlılıqla baxıram. Onlar Ağdamı dağıtmaqla özləri də orada qalmayacaqlar, bu torpaq onların deyil, gec-tez bu rayon qayıdacaq. Ağdam camaatı çox fərasətlidir, rayonu 2-3 aya tikib qurtaracaqlar. Xüsusi proqram, Dünya Bankından ayrıntı filan lazım deyil. Rayon qayıtsa, qısa müddətə camaat tikəcək. Amma mənim arzum odur ki, əvvəlki Ağdamı tiksinlər. Modern evlər, “navastroyka”lar filan istəmirəm.

-Üç vətəndaşımız Kəlbəcərdə əsir düşüb. Doğulub-böyüdüyü Kəlbəcərdə doğmalarının qəbrini ziyarət üçün gedib ermənilər tərəfindən əsir götürülüblər. Belə təkliflər səslənir ki, yüz, min nəfər yığışıb gedən beynəlxalq təşkilatların da müşayiəti ilə öz torpağımıza gedək...
-Qarabağa getməyə imkanım olub, amma ürəyim gəlməyib. Xaricilərin və ermənilər baxışlarının müşayiəti ilə heç cürə Ağdama, Şuşaya ayaq basa bilmərəm. Kövrələrəm, ağlayaram, halım pisləşər. Bunu da görmələrini istəmərəm. Mən Dilqəmmüəllimgilin gedişini alqışlayıram. Amma kimsə səni yanında apara, erməni də sənə istehza ilə baxa, o cürə gedişi bacarsam, vallah mən də gedib gəzib gələrəm. Bu sənin torpağındır, gediblər lap yaxşı ediblər. Heç kim də qadağan edə bilməz ki, niyə torpağına gedirsən? Bu gün baş nazirin müavini Əli Həsənovun iştirakı ilə tədbirdə idim. O dedi ki, əsirlərin taleyi ilə bağlı Azərbaycan hökuməti və Prezident xüsusi olaraq hər gün mənə tapşırıqlar verir. Söylədi ki, onların ailələri Qırmızı Xaç cəmiyyətinin qabağına gəlir, buna lüzum yoxdur. Bütün dövlət bu işin başındadır, bütün əlaqələr işə salınıb. Çalışacağıq ki, onları azad edək, onlar tam günahsızdır, ata-baba yurdunu ziyarət ediblər, bu, onların konstitusion hüquqlarıdır. Bu, Prezidentimizin mövqeyidir. Mən də bu mövqeni bölüşürəm. Onları qəhrəman sayıram.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər