26 İyul 2014 19:52
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zahid Oruc: "Onun hazırkı arqumentlərinin arxasında həm də Rusiya dövlətinin müəyyən mövqeləri dayanıb"

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski iyulun 24-də "Rossiya 24" telekanalına müsahibəsində suallara cavablarının xeyli hissəsini Azərbaycana həsr edib. Ölkəmizin nailiyyətlərinə heyran qaldığını bildirən V.Jirinovski Azərbaycanı postsovet məkanında dinamik inkişafın "gerçək müsbət nümunəsi" adlandırıb. Azərbaycanın böyük nailiyyətlər əldə etdiyini vurğulayan V.Jirinovski deyib: "Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, o cümlədən idman qurğuları inşa olunur, bütün ölkənin siması dəyişib. Nə üçün? Çünki rəhbəri düzgün seçiblər. Bu gün orada Prezident - İlham Heydər oğlu Əliyevdir".

İlham Əliyevi çiçəklənən Azərbaycanın müstəqil siyasət yürüdən güclü lideri kimi xarakterizə edən Rusiya Dövlət Dumasının deputatı deyib: "Çünki atası da onun kimi olub".

V.Jirinovski öz həmvətənlərinə müraciətlə onları Azərbaycanın turizm imkanlarından geniş istifadə etməyə, gedib Azərbaycan kurortlarında dincəlməyə çağırıb. Bakını Paris ilə müqayisə edən V.Jirinovski vurğulayıb ki, gözəl Bakı möhtəşəm Avropa şəhəridir. O deyib: "Bütün bunlar İlham Əliyevin sayəsində mümkün olub. O, çox yaxşı, savadlı və nəcib rəhbərdir".

Qeyd edək ki, RLDP lideri hər zaman anti-azərbaycançı mövqeyi ilə seçilib. Bu mənada, onun hazırkı fikirləri böyük təəccüb doğurur. Təsadüfi deyil ki, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu fikirlərinə görə, "Tvitter"də V.Jirinovskiyə təşəkkür edib. Milli Məclisin deputatı Zahid Orucla söhbətimizə də bu məsələdən körpü saldıq.

- Zahid bəy, RLDP liderinin məlum müsahibəsini nə cür qiymətləndirirsiniz?
- Öncə qeyd edim ki, xatirinizdədirsə, mən Vladimir Jirinovski mövzusunda danışarkən hər zaman bir mövqeni ortaya qoyurdum. Bu mövqe də ondan ibarət idi ki, bu şəxs Rusiyada müəyyən dairələrin mövqelərini ifadə edir. Onun çoxmilyonlu tərəfdarlar ordusu var. Liberal-demokratiya siyasəti adı altında o, öz ölkəsinin maraqlarını uğurla, fəallıqla, böyük siyasi iradə ilə, çox ciddi güclə müdafiə etməyə çalışır. Öz dövləti daxilində nə qədər çox əleyhdarı olsa da, o öz əqidəsindən də geri çəkilmir. Belə olan təqdirdə onun hətta vaxtilə Türkiyədə məruz qaldığı problemlər üzündən Azərbaycan əleyhinə söylədiyi sərt fikirlərə qarşılıq verərkən mən heç zaman onu dəli, debil, psixoz və sair saymamışam. Düşünmüşəm ki, bu adamla işləmək lazımdır və hətta sizin qəzetin saytı da daxil olmaqla bir çox informasiya resurslarında mənim həmin mövqeyim bu gün də qalır. Mən deyirdim ki, Jirinovski kimi adamları Azərbaycana dəvət etmək lazımdır. Biz mövqeyimizin ədalətli və güclü olduğunu söyləyiriksə, bu adamların ölkəmizə gəlməsindən narahat olmağa da dəyməz. Onu və onun kimiləri persona non-qrata elan edib hansısa qara siyahılara salmaqla onları ermənilərə daha çox veririk və bu adamlar da belə demək mümkünsə, düşmən tərəfə daha çox bağlanırlar. İndiki gerçəklikdə, hətta Jirinovski kimi xeyli sərt mövqeyi formalaşmış və illərlə bu mövqe onda kristallaşmış bir adam Azərbaycana münasibətdə bu cür fikirlər dilə gətirirsə, bu, dövlətimizin, onun rəhbərinin yürütdüyü son dərəcə düzgün, həddindən artıq dəqiq və Azərbaycanın maraqlarını, bölgədəki həssaslığı nəzərə alan siyasətinin nəticəsidir. Mən bunu belə qiymətləndirirəm.

- Sizcə, Jirinovskinin bu cür fikirlər səsləndirməsi təsadüfdür, yoxsa bundan sonra onun ölkəmizlə bağlı mövqeyi birdəfəlik dəyişəcək?
- Mən bunu təsadüf saymıram. Düşünürəm ki, Jirinovski nə qədər impulsiv olsa da, heç vaxt spontan fikirlər dilə gətirən adam deyil. Onun hazırkı arqumentlərinin arxasında həm də Rusiya dövlətinin müəyyən mövqeləri dayanıb. Ölkəmiz Ukrayna ilə Rusiya arasındakı məlum münaqişə fonunda kifayət qədər ağıllı bir platformada dayanıb. Bu da ondan ibarətdir ki, biz bu məsələyə dair beynəlxalq yanaşmaların zəruriliyini, Ukrayna ərazisinə müdaxilənin yolverilməz olduğunu qeyd edirik. İkincisi, hər iki tərəfin bu məsələni siyasi vasitələrlə, sülh danışıqları yolu ilə tənzimləməsinin tərəfindəyik. Üçüncüsü isə, heç bir halda kimisə təchiz edərək başqasına qarşı müharibə cəbhəsinə qatılmamışıq. Yəni, bizi nə ukraynalılar öz səngərlərində görürlər, nə də ki, biz Rusiya tərəfindən Qərbə qarşı "müharibənin" iştirakçısı deyilik. Ona görə də Jirinovskinin indiki açıqlamalarının və bəyanatlarının davamlı olacağı mövqeyindəyəm.

- May ayında prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda Nüvə Tədqiqatları Mərkəzi yaradılıb. Prezidentin bu günlərdə imzaladığı başqa bir sərəncamla AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov adıçəkilən mərkəzin direktoru təyin edilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi bu mərkəzin yaradılmasının Azərbaycana nə verəcəyini düşünürsünüz?
- Heç şübhəsiz ki, dövlət başçısının bu addımının strateji mənası var. Ölkə rəhbəri proqramlı idarəçilik müəllifidir. O bu illər ərzində xalqın maraq və mənafeləri naminə istənilən sahə ilə bağlı çox dəqiq, ölçülü-biçili, müəyyən zamana hesablanmış, öhdəlikləri nəzərdə tutan, konkret müddətlə ölçülən bir siyasi kurs gerçəkləşdirib. Düşünürəm ki, nüvə tədqiqatları sahəsində uzun illərdir Azərbaycanda görülən iş, nəhayət, gələcək dövrdə istilik məqsədli, yaxud enerji tutumlu, yəni qeyri-silah və hərbi təyinatdan kənar nüvə reaktorlarından istifadəni hədəf edən, bəlkə də, atom istilik stansiyaları xarakterində, statusunda hansısa bir qurumların, mərkəzlərin yaradılmasına aparıb çıxaracaq addımların bazisi, əsasıdır. Ona görə də bu işi təqdirəlayiq bir hadisə kimi qiymətləndirirəm və dövlətimizin, xalqımızın maraqlarına uyğun hadisə sayıram.

- Növbəti sualım ölkədəki dini durumla bağlıdır. Mövcud dini durum nə cürdür və Sizi qane edirmi?
- Düşünürəm ki, ölkədə dinin hər hansı fundamentalist cərəyanlarının qarşısını almaq üçün bütün tədbirlər görülür. Bu iş bundan sonra da davam etdiriləcək. Paralel olaraq onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda hər hansı bir şəkildə dini kamikadzelər, mücahidlər yetişdirmək istiqamətində işlərin hansısa simptomatik elementləri olsa da, yaxud xaricdən yetişdirilən mücahidlərdən ölkəmiz əleyhinə yararlanmağa çalışsalar da, Azərbaycan dövləti, onun rəhbəri buradakı tərəfindən tolerant mühitlə, geniş azadlıqlarla bu prosesin qarşısı alınmaqda və ölkəmizin maraq və mənafelərinin düzgün qorunması istiqamətində işlər görülməkdədir.

- Prezidentin bu həftənin ilk iş günü imzaladığı digər bir sərəncamla Milli Məclisin deputatı Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildi. Bu təyinatın ölkədə dövlət-din münasibətlərinə nə cür təsir göstərəcəyini düşünürsünüz?
- Təbii ki, dini icmalarla iş sahəsində dövlət siyasətini həyata keçirən məlum quruma bir neçə gün öncə yeni rəhbər təyin olunması və Mübariz Qurbanlının buna qədərki dövrdə Yeni Azərbaycan Partiyasının rəhbərliyində, onun siyasi elitasında təmsil olunan bir şəxs kimi təcrübəsi, dövlət kursuna kifayət qədər yaxınlığı, hər hansı şəkildə bu qurumun içərisindən Azərbaycan əleyhinə yararlanmaq, yaxud da onları öz təsirləri altında idarə etmək istəyənlərin xəyallarına, mövqelərinə, cəhdlərinə qarşı tədbirlərin görülməsinə səbəb olacaq. Yəni, mən bu təyinatı kifayət qədər uğurlu addım hesab edirəm. Düşünürəm ki, Mübariz Qurbanlının bir parlament üzvü kimi təcrübəsi, onun dövlətin bu məsələ ilə bağlı baxışlarını, dini sahədə yürütdüyü siyasətini, dünyada və regional kontekstdə mövcud olan dini tendensiyaların hamısını toplu halında düzgün qiymətləndirməsi də bu prosesdə stabilliyin, normal ahəngdarlığın olmasına müsbət təsir göstərəcək. Azərbaycan heç bir halda təriqətlərin, ayrı-ayrı məzhəblərin savaş meydanı olmayacaq, ölkəmiz hər zaman sivil və mədəni dəyərlərin qovuşduğu bir məkan, beynəlxalq bir ünvan kimi tanınmaqda davam edəcək. Ona görə də Ramazan bayramı ərəfəsində olduğumuz bir zamanda fürsətdən istifadə edərək hər kəsi təbrik etməklə o arzumu bildirmək istəyirəm ki, ölkəmizdə hər bir dinə etiqad meydanı geniş olmaqla bərabər hamımız bu dəyərləri, bu əmin-amanlığı, bu stabilliyi və təhlükəsizliyi qoruyub saxlamalıyıq. Çünki hamımızın birgə taleyimiz bundan asılıdır.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər