Dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma hesab olunan Dünya İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Davosda keçirilən foruma dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media qurumlarının nümayəndələri qatılırlar:
“Prezident İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Dünya İqtisadi Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan forum, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır”.
H.Babaoğlu əlavə edib ki, Prezident İlham Əliyev forum çərçivəsində “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxış edərək ölkəmiz, region və dünya üçün strateji əhəmiyyətə malik məsələləri diqqətə çatdırıb, Azərbaycan reallıqlarını ifadə edib:
“Dövlət başçısı Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının təmin olunduğunu bildirdi. Bir sözlə, Prezident Davosda dövlətimizin siyasi iradəsini sərgilədi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Bu, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa və “qara piar” kampaniyası aparmağa çalışanlara tutarlı cavab idi. Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı. Əlbəttə, Azərbaycanın daxili və xarici siyasət kursunun əsasında müstəqillik prinsipi dayanır, həyata keçirilən siyasət milli maraqlara söykənir. Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının başlıca səbəbi dövlətimizin müstəqil, heç kimdən asılı olmayan siyasət həyata keçirməsidir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın xarici siyasətini xarakterizə edərkən ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb:
“Əlbəttə, regional əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanın tarazlaşdırılmış xarici siyasət həyata keçirməsi həm ölkəmizin milli maraqlarının qorunması, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunması baxımından mühüm strateji əhəmiyyətə malikdir”.
H.Babaoğlu qeyd edib ki, forum çərçivəsində davam etdirilən intensiv təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir:
“Bütün bunlar forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. Prezident İlham Əliyevin xeyli sayda görüşlər keçirməsi dünya ölkələrinin ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır”.