Aprelin 11-də yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 37 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası prezidenti seçkiləri başlanıb.
Məntəqə seçki komissiyası konsul uçotunda olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Azərbaycan Seçki Məcəlləsinə müvafiq qaydada keçir.
Birinci olaraq Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov səs verib. Səfir seçicilərə uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, onlar Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər.
***
Prezident seçkiləri ilə əlaqədar səsvermə Azərbaycanın Batumidəki baş konsulluğunda da vaxtında başlayıb.
Baş konsulluğun əməkdaşları, bu şəhərdə yaşayan, təhsil alan və işləyən Azərbaycan vətəndaşları prezident seçkiləri ilə əlaqədar baş konsulluqda yaradılmış məntəqədə səs verirlər.
Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun təşkil olunub.
***
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermədə fəallıq müşahidə olunur.
Seçki məntəqələri açılan saatdan BƏƏ-də yaşayan və bu günlərdə ölkə ərazisində müvəqqəti olan Azərbaycan vətəndaşları səs verməyə başlayıblar. Məntəqələrdə səsvermə üçün lazımi şərait yaradılıb. Səfirlikdə və konsulluq şöbəsində qeydiyyat olan 275 Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb. Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.
Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov bildirib ki, Əbu-Dabidə seçki məntəqəsi açılandan seçicilərin fəallığı müşahidə olunur. O deyib ki, seçki prosesi azad, demokratik və şəffaf şəraitdə keçir, vətəndaşlarımız sərbəst şəkildə səs verirlər.
Səsvermə yerli vaxtla saat 19:00 başa çatacaq.
***
Azərbaycanın Ukrayna, Moldova və Belarusdakı səfirliklərində yaradılan seçki məntəqələrində səsvermə vaxtında başlayıb.
Hər üç ölkədə yerli vaxtla səhər saat 08:00-da səsvermə başlayıb. Səsvermə üçün diplomatik nümayəndəliklərimizdə hər cür şərait yaradılıb.
***
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.
Məntəqə seçki komissiyasından bildiriblər ki, bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb.
***
Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsi ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Səsvermə hüququna malik vətəndaşlarımızın prezident seçkilərində iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Hazırda səsvermə prosesi davam edir.
Səsvermədə Tehranda fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər./Azərtac/