21 İyun 2018 21:28
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Aydınlar Partiyasının sədri, Əbülfəz Elçibəyin iqtidarı zamanı prezidentin müşaviri vəzifəsini icra edən Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir.

- Qulamhüseyn bəy, Əbülfəz Elçibəylə ilk tanışlığınız nə zaman başlayıb?
- Əbülfəz bəylə ilk tanışlığımız Azərbaycan Xalq Cəbhəsi Hərəkatında olub. Ancaq buna qədər mən artıq Əbülfəz bəyi tanıyırdım. Universitetdə Əbülfəz bəyi uzaqdan üç-dörd dəfə mənə göstərərək “Əbülfəz müəllim” budur deyə qiyabi tanış ediblər. Sonradan bir türkoloq dostumuzun elmi müdafiəsi zamanı rastlaşıb salamlaşmışıq. Bir dəfə də eyni məclisdə olmuşuq. Bütün bunlara baxmayaraq bizim yaxın şəxsi tanışlığımız olmayıb. Xalq Cəbhəsi yarandıqdan sonra tanışlığımız başladı. Bu proses onun vəfatına qədər davam edib.

- Əbülfəz Elçibəyi bir siyasətçi kimi necə xarakterizə edirsiniz?
- Hesab edirəm ki, Əbülfəz Elçibəy Azərbaycan tarixində ən görkəmli siyasətçilərdən biridir. Çünki sovetlərin quruluşuna qədər ki, dsident fəaliyyəti, SSRİ-nin dağılması ərəfəsində fəaliyyəti, gələcəkdə Azərbaycan dövlətinin müstəqilliyinə dair fikirləri, sonradan müstəqil Azərbaycan dövlətinin rəhbəri olması onun görkəmli siyasətçi olduğunu göstərir. İnsan kimi də onunla münasibətlərimiz olub. Əbülfəz bəy çalışıb ki, hər kəsə əlindən gələn köməkliyi göstərsin. Hamı ilə yaxşı əlaqələr qura bilib. Uşaqla uşaq, böyüklə böyük kimi danışmağı vardı. Hər təbəqədən olan insanlar onun dilində danışmağı bacaran insan idi.

- Belə fikir var ki, Əbülfəz Elçibəy dövlət başçısı kimi çox liberal siyasətçi olub. Bu doğru fikirdirmi?
- Mən bu fikirlərə qatılmıram. Əbülfəz Elçibəyin yumşaq siyasətçi olduğunu ona görə deyirlər ki, verdiyi hər bir qərarın ümumən xalqın xeyrinə olmasını istəyirdi. Ancaq nəzərə almaq lazımdır ki, prezident olduğu zamanlar qəti qərar verib onun icrasını həyata keçirmək kimi təcrübələr də var. Sadəcə olaraq Əbülfəz bəy bir qədər fərqli adam idi.

İkincisi və ən vacib tərəfi budur ki, Əbülfəz Elçibəyə qədər bizim xalqımız tipik sovet məmuru nümunəsini görmüşdü. Yəni məmur, rəhbər deyəndə dərhal göz önünə SSRİ-nin kadrları gəlirdi. Əbülfəz bəy isə bu məmur və rəhbər stereotipinə yad bir siyasətçi idi. Xalq üçün onu sevən gerçək rəhbər və məmur nümunəsini ortaya qoyurdu. Onu tənqid edənlərə qarşı son dərəcə dözümlü siyasi xadim idi. Əbülfəz Elçibəyin vəfatından illər sonra xalqımız bu tip rəhbərlər barədə eşitməyə başladı. Ancaq ona qədər insanlar bilmirdilər ki, dövlət rəhbəri sadə xalqın içinə daxil ola, onlarla uzun-uzadı müzakirə apara, hətta ictimai nəqliyyatdan istifadə edə bilər.

- Sizin prezident müşaviri vəzifəsinə təyin edilməniz onun şəxsi qərarı idi?
- Açığını, mən indi də bunu bilmirəm. Sadəcə olaraq mənə dedilər ki, sizin namizədliyiniz prezidentin parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsinə irəli sürülüb və prezidentin də buna münasibəti müsbət olub. Elə həmin gün prezidentin fərmanı ilə mən müşavir təyin edildim. Ola bilsin ki, namizədliyimi o dövrdə kadr məsələləri ilə məşğul olan şəxslər irəli sürüb. Ancaq mən o dövrdə AXC Ali Məclisin Rəyasət Heyətinin üzvü idim, sədri deyildim. O zaman özüm bilavasitə administrasiyanın formalaşmasında iştirak etmirdim.

- Müşavir kimi prezidentlə daim təmasda olurdunuz?
- Bizdə adətən qayda belə idi ki, səhər dövlət katibinin kabinetində toplaşırdıq. Pənah Hüseyn dövlət katibi idi. Onun otağında müəyyən məsələləri müzakirə edirdik. Amma prezidentlə bilavasitə sıx təmaslarım olmayıb. Sadəcə prezidentin adına müəyyən hesabatlar yazmışam, öz fikrimi bildirmişəm. Ancaq təkbətək görüşlərimiz az olub. Çox az hallarda məni otağına dəvət edib müəyyən məsələlərlə bağlı fikir deyirdi. Məsələn, qanunvericilik, Ali Sovetlə bağlı, qanunların dəyişdirilməsi ilə bağlı özünün qəti fikirləri olurdu və məni yanına dəvət edib bu haqda göstərişlər verirdi.

- Belə fikirlər var ki, AXCP-də bəzi qruplar onu sevmirdi, hətta ona qarşı işləyirdi...
- Cəbhədə qruplaşmalar bütün dövrlərdə olub. Ancaq məncə, bu daha çox siyasi qruplaşmalar yox, fərdi qruplaşmalar idi. Mən hesab edirəm ki, bütün qruplaşmalarda ən sevimli şəxslərdən biri də cəbhənin sədri idi. Xatırlayıram, 2000-ci ildə Ali Məclisdə Əbülfəz bəyin təkidi ilə AXCP sədrinə etimad haqqında məsələ qaldırıldı. Mən bunu səsə qoymaq istəmirdim, çünki nizamnamədə belə bir məsələ yox idi. Lakin Əbülfəz bəyin təkidindən sonra məsələ səsəverməyə çıxarıldı və Ali Məclis yekdilliklə sədrə etimad göstərdiyini ifadə etdi. Cəbhə daxilində ola bilsin ki, kimsə hansısa mövqeni, fəaliyyəti, qərarları bəyənməyib. Bu mümkündür. Amma qərarı bəyənməmək, ona qarşı çıxmaq şəxsiyyət kimi Əbülfəz Elçibəyə qarşı çıxmaq deyildi.

- Əbülfəz Elçibəyin vəfatından sonra müxalifət düşərgəsində forma dəyişiklikləri meydana çıxdımı?
- Sözsüz ki, Əbülfəz bəyin vəfatından sonra bir boşluq ortaya çıxdı. Əbülfəz Elçibəy yeganə siyasətçi idi ki, son dövrlərə qədər müxtəlif maraqlardan çıxış edən fərqli siyasətçiləri, təşkilatları, fərdləri bir araya gətirə bilirdi. Yəni birləşdirici siyasi fiqur kimi çıxış edirdi və bu danılmazdır. Məsələn, 1988-ci ildə onun təşəbbüsü ilə bütün siyasi qüvvələr eyni mövqedən çıxış etdilər. Əslində bu Əbülfəz Elçibəyin nüfuzu və hörmətinin sayəsində baş verdi.

Əbülfəz Elçibəyin vəfatından sonra Azərbaycanda ən yaxın partiyalar, hətta qruplarda bir araya gələ bilmir. Bu danılmaz faktdır. Bir araya da çox nadir hallarda gələ bilirlər, amma bu da uzun çəkmir.

- Hesab edirsiniz ki, Azərbaycan müxalifətində Əbülfəz Elçibəy səviyyəsində siyasətçi yoxdur?
-Bəli. Mən hələlik belə bir siyasətçini görmürəm.


Müəllif: Cavad

Oxşar xəbərlər