Fransa ilə münasibətlər ölkəmiz üçün böyük önəm daşıyır. İki ölkə arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbərləri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunları kobud şəkildə pozulub.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədəki inkişafına xələl yetirir:
“Bələdiyyə başçıları işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməklə Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar. Təbii ki, bələdiyyə başçılarının belə bir addıma atması öz-özlüyündə bir cinayətdir. Fikrimcə, belə səfərlər və Fransa hökuməti tərəfindən bu səfərlərə lazım olan qiymətin verilməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, qondarma rejimlə qeyri-qanuni sənədlər imzalayan, faktiki cinayəti dəstəkləyən, onu tanıyan, bələdiyyələrə lazım olan qiyməti verməyən ölkənin iş adamlarının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən nəzərətə götürülməsi məqsədəuyğun olar”.
Analitik daha sonra deyib:
“Həmsədr ölkələr və bütün dünya ölkələri bilir ki, Azərbaycan sülh, sabitlik və inkişaf istəyir. Biz Fransa ilə münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq bununla yanaşı beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri görmək istəyirik”.
Qeyd edək ki, Fransanın yerli özünüidarəetmə orqanları rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri son vaxtlar intensiv xarakter almağa başlayıb. Belə ki, sentyabrın 25-də Alforvil, oktyabrın 10-da Valans, oktyabrın 21-də Sent-Etyen, oktyabrın 22-də Arnuvil bələdiyyələrinin başçıları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib. Sözsüz ki, bu səfərlər beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.