“Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon manat ayrılıb. Bu, həddən artıq az vəsaitdir. Naxçıvanda Əlahiddə Qoşun Birləşməsi, Sərhəd Xidməti var. Məncə, Naxçıvana ayrılan vəsaitin artırılması haqda düşünməliyik. Ermənistanla ən böyük sərhədimiz Naxçıvan Muxtar Respublikasıdır. Bu gün də Ermənistanın daha çox çəkindiyi Naxçıvandakı Əlahiddə Qoşun Birləşməmizdir”.
Teleqraf.com bildirir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.
Komitə sədri xatırladıb ki, Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhəddir: “Mən Operativ Qərargaha təşəkkür edirəm, Naxçıvana olan təyyarə reyslərini artırdı. Hazırda həftədə 6 təyyarə reysi var. Nəzərə alın ki, insanlar bura gəlib-getməkdə çətinlik çəkir. Xüsusilə, həkimə gəlmək istəyənlər və təhsillə əlaqədar gəlmək niyyətində olanlar”.
Deputat çıxışı zamanı sual da ünvanlayıb: “1,3 milyon manatla Naxçıvan neyləyə bilər? Bu məbləğlə sərhədlərini qorusun, yoxsa pandemiya ilə mübarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də əhalinin sosial müdafiəsi, ordununun təchizatı yüksək səviyyədə olmalıdır. Orada təlimlər keçirilir.
Təklif edirəm ki, III oxunuşa qədər Maliyyə Nazirliyi, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirməlidir. Biz bu məsələyə həssas yanaşmalıyıq. Naxçıvan blokada şəraitindədir, İran və Türkiyə ilə yol bağlıdır. İnsanlar məhsullarını kənara çıxara bilmir. Bir çox rayonlardan fərqli olaraq Naxçıvanda vəziyyət çətindir. Əvvəl insanlar məhsullarını İran vasitəsilə bura gətirirdilər. İndi bu imkan da yoxdur. Türkiyəyə məhsul aparmaq üçün yol bağlıdır. Hesab edirəm ki, ayrılan vəsait artırılmalıdır. Tovuz istiqamətində vəziyyət kəskinləşəndə Naxçıvanda, Sədərək istiqamətində də atışmalar baş verdi. 1,3 milyon orada atılan 2-3 raketin qiymətidir”.