İrəvansız Qarabağdakı separatçılar heç kimdir. Ermənistan Xarici İşlər naziri Zohrab Mntaskanyan qərəzli və reallıqdan uzaq bəyanat səsləndirir və iddia edir ki, bütün məsələləri Dağlıq Qarabağda yaşayan ermənilər həll edir. Bu, tamamilə cəfəngiyyatdır. 1988-ci ildə Xankəndində “Myatsum” hərakatı başlayanda onun başında elə bunlar dururdu, sadə erməniləri ayağa qaldırırdılar.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, eləcə də Moskvaya gedib Mixail Qorbaçovla danışıqlar aparırdılar: “Diaspor rəhbərləri Fransa, ABŞ və Rusiya da məsələ qaldırırdı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxmalıdır. İndi nə oldu ki, birdən-birə Dağlıq Qarabağın taleyi həll ediləndə və onun Azərbaycana məxsus olmasına dair məsələ qalxanda durub deyirlər ki, bu məsələni Qarabağdakı əhali həll etməlidir? Yaxşı, əhali həll etsin. Bəs bu əhalinin içərisində azərbaycanlılar yox idi? Şuşanın 98 faizi azərbaycanlı idi, elə Xankəndində də kifayət qədər azərbaycanlı yaşayırdı. Dağlıq Qarabağ regionunda azı əhalinin 30 faizi azərbaycanlı idi. Bu əhalinin rəyi Mnataskanyanı maraqlandırmır? Biz axı 1988-ci ildən bu yana bütün prosesləri bilirik. Erməni nazir belə nağılları bizə oxumamalıdır”.
Fikrət Sadıqov deyib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır: “Mnataskanyan unudub ki, Dağlıq Qarabağda Azərbaycan xanlığı mövcud idi və bu xanlığın ərazisində bir erməni də yaşamırdı. Əslində Mnataskanyan cəfəngiyyat danışır və bununla xaricdə yaşayan siyasətçilərin gözündən pərdə asmaq istəyir.
Eləcə də bu məsələləri ört-basdır etmək, diqqəti Dağlıq Qarabağa çəkmək istəyirlər. Bunların hamısı qara yalandır. Əgər rəsmi İrəvanın Dağlıq Qarabağda sözü keçmirsə, oradakı ordusunu çıxarsın”.
Mnatsakanyan iddia edib ki, qondarma “DQR”ı sülh prosesindən kənarlaşdırmaq mümkün deyil və Ermənistan Xankəndinə əmr verə bilməz.