“ABŞ-ın taktikasında, siyasətində bu, sıradan hadisədir. Vaxtilə Gürcüstanla bağlı da belə proses yaradılmışdı. Təxribat baş verdi, son nəticədə Gürcüstanın ərazi bütövlüyünün bərpasına dəstəyin verilməsinin şahidi olmadıq. Həmin dövrdə prosesin içində olan və təxribatın yaradılmasında iştirak edən ölkə okeanın o tayından bəyanat verməklə kifayətləndi. Okeanın bu tayından isə Fransa prosesə daxil oldu, amma səyləri iflasa uğradı”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qərb mediasının “Rusiya fevralın 16-da Ukraynaya hücum edəcək” iddiası özünü doğrultmadı. Halbuki həmin məlumatın kəşfiyyat və rəsmi mənbələrə istinadən dərc olunduğu bildirilmişdi. Sizcə, özünü doğrultmayan bu “dəqiq tarix” iddiasının arxasında hansı məqamlar vardı?
- Bir çox ekspert belə bir hücumun olmayacağını proqnozlaşdırmışdı, onlardan biri də mən idim. Prosesə baxdıqda Rusiyanın Ukraynaya hücumu üçün hansısa əsasının olmadığı qabarıq şəkildə nəzərə çarpır. Məsələyə bir neçə kontekstdə yanaşmaq olar.
Birincisi, Ukraynaya hücumla bağlı iddianın haradan ortaya atıldığına baxmaq lazımdır. Bu, ilk növbədə, ABŞ-dan və onun informasiya resurslarından qaynaqlanır. “Konkret tarix” məsələsini ortaya atan mərkəzləri Vaşinqtonda yerləşən informasiya resursları idi. Əsasən “Blumberq” belə məlumatları dövriyyəyə buraxırdı. Belə təəssürat yaranırdı ki, sanki ABŞ indiki şəraitdə Rusiyanın qlobal sistemdə “əsas güc mərkəzlərindən biri” kimi qabardılmasında maraqlıdır. Bütün iddialar da bu aspektdən irəli sürülürdü.
Digər yandan, NATO daxilində olan ziddiyyətlər, bəzi alyans və “Normand dördlüyü”nə daxil olan ölkələrin Rusiya ilə əlaqələri ilə bağlıdır. Uzun illərdən bəridir ki, NATO-ya üzv dövlətlər, xüsusən də Almaniya və Fransa kimi ölkələr ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, alyansa daha az vəsait ayırmağa çalışırdılar. Bu, uzun illərdir NATO daxilində müzakirə olunurdu, ziddiyyətləri dərinləşdirirdi. Belə olan təqdirdə, real təhlükənin yaradılmasına ehtiyac duyulurdu. Bu real təhlükə də Rusiyanın timsalında nəzərə çarpdı. Beləliklə, Rusiyanın “qlobal güc mərkəzi” kimi rolunun qabardılması, eyni zamanda, proseslərə müdaxilə imkanlarının olduğunun önə çəkilməsi nəticə etibarilə NATO-nun müdafiə xərclərinin artırılmasına və üzv dövlətlərin də bunda fəal iştirak etməsinə zəmin yaradır.
Bir sözlə, kobud səslənsə də, Rusiyadan “geosiyasi xoxan” yaratmaq NATO daxilindəki mərkəzdənqaçma meyllərinin qarşısını almaq və inteqrasiyanı sürətləndirmək, blokun hədəfini qoruyub-saxlamaq niyyəti daşıyırdı. Çünki SSRİ dağıldıqdan sonra dünyanın ayrı-ayrı qütblərində münaqişələr baş versə də, NATO-ya qarşı dura biləcək hər hansı bir blokdan söhbət getmirdi.
Vaxilə bu missiyanı Varşava Müqaviləsi ölkələrinin hərbi-siyasi bloku yerinə yetirirdisə, indi KTMT bunun öhdəsindən gələ bilmir. Buna baxmayaraq, KTMT-nin hərbi-siyasi blok kimi önə çəkilməsinin şahidi oluruq. Hesab edirəm ki, Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı informasiya müharibəsini xatırladan prosesin təməlində sadaladığım amillər dayanır.
- Rusiya Prezidenti Vladimir Putinin bu məsələyə münasibəti bir qədər zarafatyana və ya müəmmalı oldu. O, mətbuatın hücumla bağlı “dəqiq tarix”i doğru yazmadığını bildirdi. Rusiya liderinin bu ikibaşlı mesajını necə şərh etmək olar?
- Əslində, mesaj Rusiyanın xarici siyasət kursuna uyğun gəlir. “İkibaşlı qartal”ı simvolizə edən ölkənin liderləri zaman-zaman belə açıqlamalar verirlər. Digər yandan, bu, hərbi hücum ehtimalını sıradan çıxarmır. Bu, həm də informasiya savaşında Rusiyanın hərbi və təsir gücünün qabardılmasına xidmət edir. Bu informasiya savaşından hansı nəticənin çıxmasına diqqət etmək lazımdır, yəni, Rusiya istəsə, Ukraynanı işğal edə bilər və bunun qarşısını ala biləcək potensial qüvvə yoxdur. ABŞ da birmənalı şəkildə bəyan etdi ki, müdaxilə etməyəcək, bu, Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.
Verilən mesajlardan biri də budur ki, Rusiya Ukrayna kimi insan resursları və hərbi potensialı kifayət qədər güclü olan bir böyük dövləti qısa zamanda işğal etməyi bacararsa, o zaman, Şərqi və Qərbi Avropanı da bu müddətdə işğal etməyi bacarar. Bu mesaj da, dediyim kimi, Rusiyanın dünyaya “qlobal güc mərkəzlərindən biri” kimi təqdim olunmasına xidmət edir.
Əslində, bunun informasiya müharibəsi olduğunu yaxşı başa düşürəm. Çünki müasir hibrid və informasiya müharibələrinin yaradılmasında və mexanizmlərinin formalaşdırılmasında, Qərbin media məkanı üçün təhdidlərin yaradılmasında Rusiyanın kifayət qədər böyük rolu var. Buna da “Putin taktikası” adını veriblər. Mahiyyət etibarilə, Putin hibrid müharibənin mahiyyətini kifayət qədər yaxşı bilir və yaranan bu virtual reallıqlardan öz maraqları üçün istifadə etməyi bacarır.
- Bəs “Normand dördlüyü” və ya Qərbin iştirakı ilə əldə edilmiş anlaşmalar niyə həyata keçmədi?
- Əslində, burada Qərb anlayışına bütöv şəkildə yanaşa bilmərik. Çünki burada Almaniya və Fransa tamam başqa mövqeyə malikdir. Müəyyən qədər müttəfiqləri ilə öz maraqlarını uzlaşdırmağa çalışsalar da, amma onların Rusiya ilə əlaqələri və dialoqu davam etdirmək niyyətləri var.
Əslində, problemin kökündə “Normad dörlüyü”nün yaradılması və Minsk razılaşmaları dayanır. Çünki “Normand dördlüyü” çox uğursuz formatdır. Burada Ukraynanı müdafiə edə biləcək tərəf yoxdur. Məsələn, Fransanın özü Rusiyaya təsir və təzyiq etmək istəyinə malik ölkə deyil. Almaniya-Rusiya münasibətləri də bəllidir. “Qazprom”un Almaniyadakı rolu və Almaniyanın bu şirkətin idarə heyətində təmsil olunması bu iki ölkə arasındakı əlaqlərin səviyyəsini göstərən amillərdir. Yəni Ukrayna “Normad dördlüyü”nə uduzmuş kimi daxil oldu. Bu da məsələnin kökündə dayanan amillərdən biridir.
Minsk anlaşmasının həyata keçməməsinin əsas səbəblərindən biri də “Normad formatı”nın uğursuz olması və Rusiyaya qarşı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün nəzərdə tutulan təzyiq mexanizmlərinin olmaması ilə bağlıdır. Bu baxımdan prosesin bundan uzağa geməyəcəyi də gözləniləndir.
- Belə ehtimal yaranır ki, Qərb, xüsusən də ABŞ və İngiltərə rus ordusunun Ukraynaya girməsində maraqlıdır. Sizcə, bu belədirmi və belədirsə, burada maraq nə ola bilər, bu durumda Rusiyaya qarşı hazır plan müzakirə mövzusu ola bilərmi?
- ABŞ-ın taktikasında, siyasətində bu, sıradan hadisədir. Vaxtilə Gürcüstanla bağlı da belə proses yaradılmışdı. Təxribat baş verdi, son nəticədə də Gürcüstanın ərazi bütövlüyünün bərpasına dəstəyin verilməsinin şahidi olmadıq. Həmin dövrdə prosesin içində olan və təxribatın yaradılmasında iştirak edən ölkə okeanın o tayından bəyanat verməklə kifayətləndi. Okeanın bu tayından isə Fransa prosesə daxil oldu, amma səyləri iflasa uğradı.
Hesab edirəm ki, bu prosesdə bir neçə məqsəd ola bilər. Əvvəla, Avropa real təhlükənin bir az da artdığını görəcək və ABŞ-ın ətəyindən bir az daha bərk yapışacaq. Digər yandan, Rusiyanın Ukraynaya müdaxiləsi ona qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınmasına zəmin yaradacaq. Bu da ABŞ-ın maraqlarına uyğundur.
Digər aspekt budur ki, Ukrayna ilhaq olunacağı təqdirdə bütün Avropa ölkələrinin müdafiəsinin gücləndirilməsi üçün daha çox vəsaitin xərclənməsinə ehtiyac yaranacaq. Bu müdafiə və ya güc faktoru isə həmişə ABŞ-ın əlində olub. Demək, bu halda Avropa ölkələri Amerikaya daha çox yalvarmalı və daha çox pul xərcləməli olacaqlar. Bunlar da Amerikanın maraqlarına uyğun ola bilər.
İngiltərənin isə fərqli maraqları var. Bu maraqların ABŞ-la tam uzlaşdığını deyə bilmərəm. İngiltərə müasir dünyada yeni reallıqların yaradılması istiqamətində fəaliyyət göstərən, məhz bu məqsədlə də Avropa Birliyini tərk etmiş ölkədir. İngiltərə yeni dünya nizamının qurulması prosesinin mərkəzi oyunçularından biridir. Bu baxımdan, onun maraqları müəyyən qədər fərqlənir.