“Artıq səkkizinci gündür ki, biz Rusiya və Ukrayna arasında baş verən dəhşətli müharibəni izləyirik. Hər iki tərəfdən insanlar ölür, hərbi texnika sıradan çıxır və şəhərlər dağılır. Mən hesab edirəm ki, bunun sonu nüvə müharibəsidir”.
Bu sözləri Teleqraf.com-a hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov deyib.
Rüstəm Məmmədov qeyd edib ki, Amerika indi bir növ odun üzünə yanacaq tökür:
“Bu da Rusiyanı qıcıqlandırır. Bu mənada indi gedən müharibədə nüvə silahının tətbiq edilə biləcəyini istisna etməzdim. Daha dəqiq desək, Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilər. Aydındır ki, Rusiyanın hərbi resursu daha çoxdur, amma son 8 gün göstərir ki, Rusiya istədiklərini əldə edə bilmir və bununla paralel Qərb dünyasından qıcıq yaradan addımlarla üzləşir. Bunun da sonu yaxşılığa getmir”.
Politoloq bildirib ki, Ukrayna da bir növ tərslik edir:
“Ola bilsin ki, Ukrayna məsələsini tez-bazar həll edəcək. Amma görünür ki, alınmır. Hər ikisi tərs millətdir. Ehtimal hesab edirəm ki, ruslar Ukrayna məsələsini düz hesab etməyiblər. Odur ki, bu faktiki nüvə müharibəsinə doğru gedir. Daha dəqiq desək, III Dünya müharibəsinə. Bu müharibə başlaya bilər.
Əlbəttə, Rusiya ona qarşı yaradılan koalisiyaya tüpürür, onu saymır. Rusiyanın məqsədinin nə olduğu da aydın deyil. Ruslar əl çəkmir. Qazaxıstanı, Belarusu ələk-vələk etdi qoydu. İndi də Ukraynanı. Ümumiyyətlə Qərblə kim him-cim oyununa girirsə, ruslar onlara qarşı sərt olur. Biz bu mərhələni keçmişik. Ermənistanda Nikol Paşinyan da vaxtı ilə Əbülfəz Elçibəyin buraxdığı səhvləri təkrarladı. Rusları dərk etmədi. Nəticədə cəzəlandırıldı. Ukraynada baş verənlər bütün bunların daha böyük masştablı təkrarıdır”.