2 Fevral 2023 18:25
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsi fonunda Azərbaycanla münasibətlərin xarakterində hansı dəyişikliklər baş verəcək? Bu qərar Brüssel formatında əldə edilmiş razılaşmaların sonrakı mahiyyətinə necə təsir edə bilər?

- Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsi Azərbaycanla Ermənistan arasında olan narazılığın aradan qalxmasına xidmət etməyəcək. Əksinə bu, Ermənistanı arxayınlaşdıraraq sülh prosesini naməlum müddətə uzatmaq niyyətinə hesablanıb. Çünki Brüssel formatında keçirilən görüşlər zamanı Ermənistan müəyyən konpramistlərə razılıq vermişdi. Azərbaycan, Avropa İttifaqı və ermənistan arasında üçtərəfli görüşlərdə müsbət nəticələr əldə edilmişdi. Amma sonradan Avropa İttifaqının birtərəfli qaydada bu prosesin digər tərəfi ilə razılaşdırılmadan Ermənistanla birlikdə “qərar” verməsi təəcüblə qarşılandı. Beləliklə Aİ-ı Ermənistana uzunmüddətli missiya göndərmək qərarı ilə bu günə qədər olan bütün uğurların üzərindən xətt çəkmiş oldu. Ermənistan tərəfi isə bu mərhələdə özü üçün optimal zaman qazanmağa çalışacaq. Beləliklə də Aİ-nın missiyası öz ərazisində olduğu müddətdə Ermənistan silahlanmaq, yenidən müharibəyə hazırlaşmaq, hərbi gücünü artırmaq niyyətini reallaşdırmağa cəhd edəcək. Bu məsələdə də ona Avropa İttifaqı birbaşa olaraq köməklik etmiş olur. Sözsüz ki, Azərbaycan tərəfi də bu missiyanın Ermənistana göndərilməsindən narazıdır. Ölkəmizin bundan sonra qarşı tərəflərə olan ritorikasını daha da kəskinləşdirəcəyi qaçılmazdır.

- Qərbin, Avropa İttifaqının hərbi kontingentinin missiya adı altında Ermənistanda yer alması Nikol Paşinyanın Rusiyaya qarşı növbəti həmləsi kimi də izah oluna bilərmi?

- Hazırda Ermənistan həm Avropa İttifaqı, həm də Rusiya ilə əməkdaşlıq edir. Əslində bu ikili bir oyundur. Amma hər iki tərəfi Ermənistan razı və narazı salmaqla məşğuldur. Erməni tərəfi bununla hər iki tərəf arasında mümkün qədər manevr imkanları seçməyə çalışır. Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıqda maraqlı olduğunu göstərməyə çalışan Ermənistan onlara özünü Qərbpərəst, Qərbə inteqrasiya tərəfdarı olan ölkə kimi göstərir. Digər tərəfdən isə “Rusiya olmasa biz məhv olarıq” deyən Ermənistan, Rusiyanın onları saxlamağa və qorumağa öhdəliyi var kimi məsələlər üzərindən gedişlər edir. Buradan aydın olur ki, indiki halda Ermənistanı həm Rusiya, həm də Avropa İttifaqı qoruyur. Ona görə də, erməni tərəfi hazırkı mərhələdə bu cür manevr imkanlarını dəyərləndirir.

- Necə düşünürsünüz Rusiya Ermənistanın bu davranışlarına nə vaxta qədər dözümlü yanaşa bilər?

- Ermənistanın bu addımları Rusiyanın təbii ki, xoşuna gəlmir. Onun Qərblə yaxınlaşması, Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsi Rusiyanın sözsüz ki, narazı salır. Amma bu o demək deyil ki, Rusiya N.Paşinyanın ipini kəsəcək, Azərbaycanın tərəfini saxlayacaq, sülhməramlılarını Qarabağdan çıxaracaq. Yaxud da ki, Rusiya Azərbaycan Ermənistan sərhəddində olan qoşunlarını geri çəkəcək. Bu o əslində o anlama gəlmir. Burada yeganə demarş Rusiyanın N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdi ola bilər. Bu baş versə, Rusiyanın Ermənistana münasibəti dəyişməz olaraq qalacaq. Çünki siyasət dəyişmir. Hakimiyyətdə olan dəyişə bilər. Azərbaycan tərəfi olaraq biz bu məsələdən hazırkı vəziyyət üçün maksimum şəkildə istifadə edə bilir. Uzaq perspektivdə daha geniş anlamda bunun o qədər də əhəmiyyəti yoxdur.

- Ötən il hər iki tərəfdən sülhə dair pozitiv açıqlamalar verilirdi. Bu il sülhün olacağına inam qalırmı? Artıq ilin ikinci ayı başlayıb amma sülhə konkret bir istiqamət mövcud deyil.

- Azərbaycanla Ermənistan arasında sülh bağlanması ilə bağlı sadəcə söz, çağırış var. Konkret əməl yoxdur. Sülh müqaviləsinin imzalanması üçün işlər aparılmayıb. Ona görə də, yaxın perspektivdə iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür. Avropa İttifaqının uzunmüddətli missiyasının Ermənistana yerləşdirilməsi sülh müqaviləsinin üzərindən qara xətt çəkmiş olub. Çünki Ermənistan arxayınlaşdı, o artıq manevr etmək imkanları qazandı. Düşünür ki, hansısa bir yolla Azərbaycana mümkün qədər təzyiq göstərmək imkanı əldə edəcək. Amma bunun fonunda münasibətlər yenidən kəskinləşə bilər. Erməni tərəfi təxribata əl atıb bunu Azərbaycanın üzərinə atacağı heç də təəcüblü olacaq bir iş deyil. Ermənistan ərazisində olan Aİ-nın missiyası də bu mənada onların maraqlarına uyğun bəyanatlar verəcəyi də şübhəsizdir. Bu baxımdan sülh müqaviləsi ilə bağlı müsbət bir yanaşmanın mövcud olmadığı qənaəti daha da güclənmiş olur.

- Sülhə məcburetmə üçün Azərbaycanın növbəti antiterror əməlliyatları icra edəcəyini necə proqnozlaşdırmaq olar?

- Bunun həyata keçirilməsi üçün Ermənistanın sülhə mərcburetmə tədbirləri görülməlidir. Azərbaycanın qətiyyətini bu ölkə bir daha hiss etməlidir. Ona görə də, bundan sonra müəyyən risklər alaraq, gedişlər gedərək Azərbaycan tərəfi Ermənistan silahlanmadan, güc toplamadan onu sülhəməcbur edilməsi tədbirləri həyata keçirməlidir. Prezident İlham Əliyev əslində belə bir addımın atılacağının anonsunu edib. Bu ilin Ermənistan üçün son şans ili olduğu dövlət başçısı tərəfindən qeyd edilib. Ona görə də, bu il nələrin baş verəcəyi, Azərbaycanın hansı əks tədbirlər və addımlar atacağının şahidi olacayıq. Azərbaycanın bu məsələdə dost İsrail dövlətinin mümkün təcrübəsinin tətbiq etməsi də mümkündür. Çünki İsrail dövləti dünyanın harasında olur-olsun özünə qarşı təhlükə görürsə, həmin hərbi obyektlərə zərbələr endirir və onları sıradan çıxarır. Azərbaycan da Ermənistandan özünə qarşı hər hansı bir real təhlükə hiss edəcəyi tədqirdə belə bir analoji addım atacağı şübhəsizdir. Bu hərbi obyektlər Ermənistan ərazisində olsa belə Azərbaycan onları məhv edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər