11 Sentyabr 2023 17:45
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər bu gün rus sülhəramlılarının müvəqqəti yerləşdiyi əraziyə Kreml yardım konvoyu göndərə bilmirsə, burada maraqlı suallar yaranır. Görünən odur ki, bu, erməni tərəfi ilə Rusiyanın bir oyunudur. Rusiya nə qədər gizlətməyə çalışsa da, bu, mümkün olmayacaq. Çünki çox dərində Rusiya ilə Ermənistan arasında oyunlar gedir.

Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında yaşanan gərginliyin hərbi qarşıdurmaya çevrilməsi ehtimalları çox azdır:

“Əslində bu cür gərginliyin olması da təbiidir. Çünki tərəflər arasında sülh müqaviləsi imzalanmayana qədər belə hallar müşahidə ediləcək. Gərginliyin zaman-zaman qarşıdurma fazasına keçəcəyi mümkündür. İsrail-Fələstin, Hindistan-Pakistan məsələsində olduğu kimi tendensiya izlənilir”.

Partiya sədrinə görə, indiki halda Azərbaycanla Ermənistanın total müharibə variantını seçəcəyi gözlənilmir:

“Artıq Qarabağla bağlı məsələ həll edilib. Yerdə qalan məsələlər hüquq normaları ilə müəyyənləşəcək. ABŞ bölgəyə qoşun göndərib İrəvanda hərbi təlimlər keçirir. İran ciddi şəkildə varlığını hiss etdirməyə çalışır. Rusiya isə başqa bir rakursda bölgədə mövqeyini qoruymağa can atır. Ona görə də, böyük güclərin bölgədə maraqlarının artması fonunda Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin başlanılması heç nəyə xidmət etmir”.

Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan öz mövqeyi ilə Xankəndi məsələsini dinc yola həll etmək niyyətindədir:

“Çünki rəsmi mövqelər Azərbaycanla Ermənistan asrasında yeni müharibənin olacağı ehtimallarını azaldır. Yeni bir hərbi qarşıdurma Rusiya-ABŞ, Fransa Rusiya-Türkiyə toqquşması deməkdir. Nəticədə 44 günlük müharibədən daha böyük bir qarşıdurma ola bilər. Ona görə də, Cənubi Qafqaz kimi kiçik bir regionda iri həcmli müharibənin başladılması mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər