13 May 16:11
6 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş qaydalarına və saatlarına dəyişikliklərin edilməsi müxtəlif ölkələrin gündəmindədir. Şəhər mühitində çalışan işçilər üçün bunun tətbiqinin müsbət tərəflərindən danışılır. İşçilərin dördgünlük iş həftəsinə keçmək məsələsi də günümüzün reallığı kimi qəbul edilir. Sözsüz ki, burada insan resursları ilə bağlı yeni qaydalarla daha çevik iş modelləri hazırlamaq dövlət və özəl qurumlarının işini səmərəli etmək kimi amillər də mövcuddur.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov iş qrafiklərində dəyişikliklərlə yanaşı digər atılması zəruri olan addımların olduğunu söyləyib.

“Bununla bağlı dünyada müəyyən təcrübə var. Müəyyən problemlər, yollarda avtomobil sıxlığı yarandıqda insanlar iş yerlərində vaxtında çata bilmir. Ona görə də, bəzi dövlətlər bunun qarşısını almaq üçün müvəqqəti olaraq iş qrafiklərində dəyişikliklər edir. Elə ölkələr də var ki, daimi olaraq bu qrafikə keçid edib. Azərbaycanda da yollarda yaranan sıxlıqla bağlı aiddiyyatı qurumlar müəyyən tədbirlər görür. Amma buna baxmayaraq sıxlıq kifayət qədər böyükdür. Bunun da əsas səbəbləri fərdi minik vasitələrinin, maşınların çox olması ilə bağlıdır”, - deyə o qeyd edib.

Deputat bildirib ki, ölkəmizdə 1 milyon 600 minə yaxın maşın var:

“Hazırda idxal davam edir. Müəyyən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün genişləndirmə işləri aparılsa da bu o qədər də effektiv olmur. Elə vaxt olur ki, insanlar saatlarla tıxacda qalır. Ona görə də, bu problemin həlli üçün iş saatlarının dəyişdirilməsinə baxmaq mümkündür. Əsasən pik saatlarda iş saatlarını müəyyən qədər dəyişmək olar”.

Komitə üzvü iş saatlarının dəyişdirilməsi ilə yanaşı şəhərin boşaldılması üçün zəruri addımların atılmasının vacibliyini gündəmə gətirib:

“Paytaxtda olan institutların, müəyyən təşkilatların kənara köçürülməsinin tərəfdarıyıq. Bu təklif daha müsbət nəticələr üçün əsas yarada bilər. Çünki iş saatlarının dəyişdirilməsi yollarda sıxlığın azaldılması üçün o qədər də effektiv olmayacaq. Hökümət idarələrinin, müəyyən nazirliklərin digər bölgələrə köçürülməsi daha məqbul olardı”.

Vahid Əhmədov iş saatlarındakı dəyişikliklərin məhsuldarlığa təsirinin əsassız olduğunu bildirib:

“Onsuz da yollardakı tıxaclara görə ciddi ləngimələr olur. İşin keyfiyyəti heç də saatlarla müəyən edilmir. Bu işin necə qurulmasından asılı olan məsələdir. Çıxış yolu odur ki, ya haradasa yeni bir mərkəz yaradılmalı, ya da şəhər boşaldılmalıdır. Qardaş Türkiyə nümunəsində bu var. İstanbul və Ankarada olan bölgüdən nümunə kimi yararlanmaq olar. Qaradağ və “Yaşma” tərəfdə kifayət qədər boş sahələr var. Həmin yerlərdə yeni bir şəhərin, mərkəzin yaradılması mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər