Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. Azərbaycanla Belarus arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqillik əldə etməklə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində iki ölkə arasında tarixdən gələn dostluq münasibətləri daha da möhkəmlənərək inkişaf etdi. Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə xüsusi diqqət çəkərək qeyd edib: “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək”.
Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlayıb. 2020-ci ildə Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 447,1 milyon dollar olmuşdur. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur. Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar
Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus beynəlxalq arenada da bir-birini dəstəkləyirlər. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan dərin münasibətlərin mövcud olduğunu Belarus Prezidentinin mətbuata bəyanatında ölkəmiz haqqında söylədiyi fikirlərdən də aydın görmək olar. Beləki, Prezident A.Lukaşenko mətbuata bəyanatında Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olduğunu xüsusi vurğulayaraq qeyd edib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.” Əlbəttə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində Prezident İlham Əliyevin şəxsiyyəti və fenomenal liderliyi olduqca mühüm bir amildir. Şübhəsiz ki, Azərbaycan- Belarus münasibətlərinin bugünkü inkişaf səviyyəsinə çatmasında liderlərin şəxsi dostluq münasibəti önəmli rol oynayır.
Bütün bunlarla yanaşı, əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu xüsusilə qeyd etmək lazımdır. Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək. Qeyd etmək lazımdır ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı 9 adda sənəd imzalanmışdır. Şübhəsiz ki, imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.