22 May 19:36
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran İslam Respublikası arasında münasibətlər ötən 3 onillikdə hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin ötən 20 ildə uğurla davam etdirdiyi ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub. Bu baxımdan qeyd etmək lazımdır ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi münasibətlərin inkişafı baxımından mühüm tarixi hadisədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, ilk dəfə olaraq iki ölkənin rəhbərliyi sərhəddə görüşüblər: “Bu onu deməyə əsas verir ki, ölkələrimiz arasında olan sərhəd dostluq, əməkdaşlıq sərhəddidir. Azərbaycanla İranın sərhəddində yerləşən “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərindən xəbər verən nəhəng layihələrdir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi “İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir”.

Deputat bildirib ki, İran və Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir: “Hər iki ölkə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birini dəstəkləməklə həm öz siyasətlərini, həm də, xoş niyyətlərini nümayiş etdirir. Azərbaycan və İranı ortaq dəyərlərlə yanaşı, bir çox ortaq layihələr də birləşdirir. İki ölkə arasında əməkdaşlığı gücləndirən layihələr arasında nəqliyyat layihələri xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat layihələri arasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılmasını xüsusilə qeyd etməliyik. Bu layihə nəinki Azərbaycan və İranla yanaşı daha geniş coğrafiya üçün mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında hər iki ölkənin ərazisində yaradılması nəzərdə tutulan dəmir yolu infrastrukturunun əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.

Tamam Cəfərova hesab edir ki, bütün bunların fonunda Azərbaycan-İran münasibətlərinin gələcək inkişafında İranın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımlar mühüm rol oynayır: “Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də hər iki tərəf müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlayıb. Bu gün Azərbaycan-İran münasibətlərində tarixdən gələn dostluq, qardaşlıq və ortaq dəyərlər üzərində inkişaf edir. Sözsüz ki, may ayının 19-da sərhəddə baş tutan yüksək səviyyəli dostluq, qardaşlıq mühitində baş tutan görüşdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıtdı. Qəzada həyatını itirən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyana və digər müşayiət edən şəxslərə Uca Allahdan rəhmət, dost və qardaş İran xalqına səbr və dözümlülük diləyirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər