3 İyun 19:36
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan minalarla çirkləndirilmiş ölkələr sırasında ilk beşlikdə yerləşir. 1991-ci ildən bu günə qədər 4 minə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bununla Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Şübhəsiz ki, Ermənistan dünya tarixində XXI əsrin mina terrorunun memarı kimi qalacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir: “Uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin yanvar ayında yaydığı məlumatda bildirilib ki, indiyədək 361 nəfər mina terrorunun qurbanı olub və bu say demək olar ki, hər həftə artır. Son iki ay ərzində də Ağdam, Tərtər və Sədərək rayonlarında mina və hərbi sursatın partlaması insan tələfatı ilə nəticələnib. Bütün bunlar onu deməyə əsas verir ki, işğal dövrünün ən ağrılı problemi olan mina məsələsi hələ də həll edilməmiş qalır və bu problem uzun illər boyu davam edəcək”.

Deputat bildirib ki, ölkəmiz mina terrorundan ən çox əziyyət çəkmiş ölkələrdən biri kimi beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün davamlı olaraq konfranslar, beynəlxalq səviyyəli tədbirlər keçirir: “Belə tədbirlərdən biri də 30-31 may tarixlərində ölkəmizdə keçirilmiş "Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı idi. Zəngilanda və Bakıda baş tutmuş kofransda ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirinin azaldılması üçün maliyyə resurslarının səfərbər edilməsi yollarının tapılması məsələlərinə diqqət çəkilib. Dünyanın 75 ölkəsindən 300-dən çox nümayəndənin konfransda iştirak etməsi Azərbaycanın təşəbbüslərinin dünyada çox ciddi əks-səda doğurduğunu deməyə əsas verir. Cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciət ünvanlaması dövlət Başçısının tədbirin əhəmiyyətinə göstərdiyi diqqətin bariz nümunəsidir. Ölkə Başçısı müraciətində bəzi məqamları xüsusilə vurğulayıb: “…partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır”.

Millət vəkili hesab edir ki, mina terror insanların yaşama hüququnu əlindən almaqla yanaşı, ciddi ekoloji fəsadlara səbəb olaraq, gələcək nəsillərin də həyatına təhlükə yaradır: “Minatəmizləmə məsələsi Böyük Qayıdışın həyata keçirilməsi prosesində Azərbaycanın ən önəmli priroritetlərindən biridir. Cənab Prezidentin dediyi kimi “Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və onun təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur.” Azərbaycan, mina terroru ilə çox ciddi mübarizə aparır. Əlbəttə, beynəlxalq ictimaiyyətin Ermənistana mina xəritələrinin təqdim olunması ilə bağlı təzyiq göstərməsinə ciddi ehtiyac var. Lakin, ölkəmizə qarşı ikili standartlar tətbiq etməyi vərdişə çevirmiş aidiyyati beynəlxalq təşkilatlar və güc mərkəzi olan dövlətlər bu məsələdə də ağızlarına su alıb oturmağı məqbul hesab edir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana tam təhvil verməməklə hər keçən gün can almağa davam edir. Müharibə cinayəti törədən düşmən ölkənin yanında duran havadarları da ən az Ermənistan qədər bu məsələdə günahkardır”.

Tamam Cəfərova vurğulayıb ki, hazırda işğaldan azad edilən ərazilərimizin bərpası və tarixi torpaqlarımızda həyatın yenidən qaytarılması Azərbaycanın əsas strateji hədəfləri içərisində prioritet istiqamətlərdən biridir: “Lakin dədə-baba torpaqlarımızda ölüm saçan minaların basdırılması, keçmiş məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıdışı prosesinin ləngiməsinə səbəb olur. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti öz suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir. 2023-2026-cı illərdə isə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Məhz bu kontekstdə beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Aidiyyati qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər