2 Noyabr 12:59
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan regional təhlükəsizlik problemlərinə baxışını Qərblə, ilk növbədə ABŞ-la razılaşdırılmış şəkildə açıqlayır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanda ABŞ tərəfindən hakimiyyətə erməni xalqının maraqlarını təmsil etmək üçün yox, məhz Qərbin regionla bağlı geosiyasi maraqlarını reallaşdırmaq üçün gətirilib:

"Bu baxımdan Paşinyan iqtidarından siyasi iradə və qətiyyət gözləməyə dəyməz. Bu rejim Qərbin bölgədəki maraqlarının həyata keçirilməsində ötürücü rolunda çıxış edir. Gürcüstandakı parlament seçkilərinin Qərbi məmnun etməyən nəticələrindən sonra onların bu rejimə ehtiyacı daha da artıb. Bu prsoseslərdə Fransa xüsusilə seçilir. Fransanın Ermənistandakı səfirinin bu günlərdə erməni mediasına verdiyi müsahibədən də bu, bir daha aydın olur. Səfir müsahibəsində həmişəki kimi Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Guya Azərbaycan Ermənistan ərazilərini ələ keçirmək istəyir, Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparıb və s. Bu əsassız iddialar bir daha onu göstərir ki, Ermənistan vasitəsilə Qərb Azərbaycanı təhdid etməyə, onu müstəqil mövqe sərgiləməkdən çəkindirməyə çalışır.

Qərb ciddi cəhdlə bölgədəki geosiyasi konfiqurasiyanı dəyişməyə çalışır. Həmçinin buna görə də Ermənistanı silahlandırmaqla regionda eskalasiyanı gücləndirməyə, rəsmi Bakını dəhlizlərlə bağlı məsələlərdə Qərbin maraqlarına cavab verən mövqe sərgiləməyə dəvət edir. Rusiyanı bölgədən çıxarmağa hesablanmış siyasətdə növbəti həmlə kimi Azərbaycanı əməkdaşlığa sövq etmək dayanıb. Azərbaycanın regional təhlükəsizlik problemlərinin həllinə baxış və mövqeləri Qərbi qane etmir. Eyni zamanda bütün bunların konteksində Qərb Ermənistan rejiminə təsir vasitələrindən istifadə edərək bölgədəki proseslərin öz maraqlarına uyğun müstəvidə getməsinə çalışır. Paşinyan və xarici işlər naziri Mirzoyanın bu baxımdan verdikləri açıqlamalar manipulyasiya xarakteri daşıyır. Buna sübut olaraq, bir neçə gün əvvəl xarici işlər naziri Mirzoyanın Bakıda keçiriləcək COP-29 tədbirlərində iştirak edə biləcəyi ilə bağlı məlumat yayılmasıdır. Bir gün sonra isə bu məsələnin hələ razılaşdırılmağa ehtiyac duyulduğu ilə əlaqədar digər məlumat verildi.

Paşinyanın özü də BRİKS-in Kazanda keçirilən sammitində rəsmi Bakı ilə sülh müqaviləsinin mətnində 95% razılıq əldə edildiyini, Azərbaycan tərəfinin razılıq verəcəyi təqdirdə sülh müqaviləsinin və ya çərçivə sazişinin elə COP-29 tədbirləri çərçivəsində imzalana biləcəyini istisna etməmişdi. Halbuki, razılığın əldə edilmədiyi elə məhz Azərbaycanın Ermənistana irəli sürdüyü məlum 5 faiz təşkil edən tələblərlə bağlıdır ki, erməni tərəfi onları yayımlamaqdan hər dəfə yayınır və ya məsələyə münasibətin bu cür qoyuluşunu Azərbaycan tərəfindən onun daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Bu isə beynəlxalq ictimai fikri manipulyasiya etmək səylərindən irəli gəlir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər