"Suriyadakı vəziyyət bütün dünyanın gözü qarşısındadır. Təəssüf ki, burada üçüncü ölkələrin də müdaxiləsi var. Türkiyənin Suriya ilə 911 km sərhəddi var. PKK və YPG kimi terror qruplaşmaları orada bizə təhdid yaradır".
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Teleqraf.com-un sualına cavab olaraq deyib.
Türkiyə rəsmisi bildirib ki, Suriya məsələsi onlar üçün həssasdır:
"Biz Astana anlaşması ilə bölgədə atəşkəsə nail olmuşduq. Türkiyənin əsas məqsədi bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqdır. Təəssüf ki, Əsəd rejimi son zamanlar bəzi məsələlərə diqqət etmədi. Beynəlxalq ictimaiyyəti də Suriya ilə bağlı məsələdə məlumatlandırdıq. Amma onlar da buna məhəl qoymadılar. Bundan başqa, konstitusiya ilə bağlı məsələ də var idi. Belə ki, Əsəd rejimi ilə müxalifət arasında ortaq konstitusiya hazırlanmalı idi. Suriya rəhbərliyi məsələyə ciddi yanaşmadı. Ona görə də indi HTŞ hərəkətə keçdi, bəzi əraziləri nəzarətə götürdü. Bölgə ilə bağlı qeyri-müəyyənlik var. PKK hazırkı vəziyyəti fürsət bilir. Və biz Türkiyə olaraq terror dövlətinin qurulmasına icazə verməyəcəyik. Rusiya və İranla da bu məsələni müzakirə edirik".