6 Fevral 2017 15:24
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna start veriliB.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq olunub.

Fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər. Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.

Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin oxuduğu ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib.


Müəllif: