11 Aprel 2019 12:23
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar anı ilə bağlı görüntülərin yayılması sərt qarşılanıb.

Bir qrup şəxs sosial şəbəkələrdə media qurumlarını bu görüntüləri tirajladıqları üçün qeyri-peşəkarlıqda suçlayıb. Görüntülər yalnız bir neçə saytda paylaşılsa da, İnstaqram və digər sosial şəbəkələrdə yayılmaqda davam edir.

Bəs orta ümumtəhsil məktəblərində, eləcə də təhsil müəssisələrində təhlükəsizlik kameralarının görüntülərinə kim nəzarət edir, bu, necə və hansı hallarda yayılır?

“İntiharın yoluxucu effekti də var”

Hüquqşünas Ələsgər Əhmədoğlu Teleqraf.com-a açıqlamasında deyib ki, jurnalistlər xəbərləmə funksiyasını həyata keçirərkən hüquq və etik davranış qaydalarının çərçivəsində qalmalıdır: “Əks halda, onların peşəkarlıqları ciddi sorğulana bilər. İntihar hadisələrinə dair xəbərlər yayılarkən xüsusi diqqət edilməlidir. Bu zaman hökmən əməl edilməli çərçivələr var.

İntihar hadisələrinə dair informasiyalara daha çox nəticələrinin yaratdığı üzüntülər aspektindən yanaşılmalıdır. Çünki intiharın yoluxucu effekti də var”.

“Kameranı əldə tutub çəkiliş aparıblar”

Ələsgər Əhmədoğlunun müşahidəsinə görə, 162 saylı məktəbdəki hadisə zamanı amator kamera əldə tutularaq çəkiliş aparılıb: “Bu, mühafizə kamerası deyil, görüntülər əsir, sağa-sola dönür. Çünki mobil telefonla çəkiliş aparılıb. Kameranın arxasında kimin olduğu istintaqın araşdıracağı məsələdir. Kim o məqamı çəkib, öncədən planlı olub-olmadığını bilə bilmərik. Bunu araşdırmalar aydınlaşdıracaq”.

Hüquqşünas qeyd edib ki, intihar anının videosunu paylaşmaq etik deyil.

Onun sözlərinə görə, təhlükəsizlik kameralarının görüntülərindən təhlükəsizliklə bağlı şübhələr olduğu zaman hüquq-mühafizə orqanları və ya qurumların özlərinin təkrar hadisəni izləməsi və başqalarının hüquq və azadlıqlarının qorunması üçün istisna hallarda istifadə olunur: “Məsələn, şəxsin intihar etməyib, öldürüldüyü və bu məqsədlə bir başqasının suçlanması halında, gerçək intihar anının görüntüsü ictimai əhəmiyyət kəsb edə bilər. Onda da məhdudiyyətlər nəzərə alınaraq yayılır.

Ayrıca, intihar edən şəxsin azyaşlı olmasını nəzərə aldıqda, onun adı, şəxsiyyətini eyniləşdirən digər informasiyalar – görüntüsü, şəkli paylaşılmamalıdır”.

“Zəruri hal olmadığı müddətcə məktəbin məsul şəxsləri...”

Ələsgər Əhmədoğlu vurğulayıb ki, ictimai məkanlarda, o cümlədən dəhlizlərdə kamera quraşdırılması təbiidir: “Bir daha qeyd edirəm, görüntü və nəticələr ancaq mübahisəli tərəflər və hüquq-mühafizə orqanlarında istifadəsi mümkündür. Zəruri hal olmadığı müddətcə məktəbin məsul şəxsləri həmin görüntüləri Yutubda yaya bilməzlər. Görüntülərə düşən digər şəxslər bununla bağlı şikayət edə bilər”.

O deyib ki, Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 3.11-ci bəndində birbaşa intiharla bağlı informasiya paylaşan jurnalistin necə davranacağı göstərilib: "İntihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli".

“KİV haqqında” qanunun 11-ci maddəsinin 4-cü bəndi də yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol vermir. Jurnalistlərdən və ictimai informasiyaları paylaşan hər kəsdən xahişim budur ki, intihar hadisələrinin açıq görüntülərini yaymasınlar, hadisə zamanı zərər çəkən şəxsin 18 yaşından az olmasını nəzərə alaraq, onun şəxsiyyətinə daha həssas yanaşsınlar”.

“Direktor deyir ki, məktəbin video parolunu valideynlərə vermişəm”

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, şəxsin toxunulmazlıq hüququna əsasən heç kəsə başqası haqqında video görüntülərin yayılma və paylaşılmasına icazə verilmir.

Ekspert vurğulayıb ki, işdən azad edilən direktor valideynlərə dəhlizi izləyə bilmələri üçün məktəbin video-parolunu verdiyini söyləyib: “Orta ümumtəhsil məktəblərində, təhsil müəssisələrində təhlükəsizlik üçün mütləq şəkildə kameralar onlayn qaydada olmalıdır. Amma video parol verilirsə, bu, digər fəsadlar törədə, uşaq oğurluğu və sair ola bilər. Kimlərsə izləyib, nəticədə bundan şantaj vasitəsi kimi də istifadə edə bilər. Bunun dəfələrlə şahidi olmuşuq”.

Kamran Əsədov qeyd edib ki, istintaqın gedişi zamanı belə bir video görüntünün yayılması qanunsuzdur: “Həmin görüntülərə baxmaq, onu çəkmək imkanı və ixtiyarı yalnız məktəb direktorunun üzərinə düşür”.

“Düşünmürəm ki, bu qədər gərgin bir dövrdə direktorun otağı açıq olsun”

Ekspert bildirib ki, ümumtəhsil məktəblərində kameraların təhlükəsizliyinə birbaşa cavabdeh olan şəxs direktorun səlahiyyətindədir: “Doğrudur, bəzi hallarda bunu texniki işçilərə həvalə edirlər, amma dövlət ümumtəhsil məktəblərində belə bir ştat vahidi olmadığına görə kameralar birbaşa məktəb direktorunun kabinetində monitora quraşdırılır.

Yaddaş qurğusu da direktorun otağında olur. Xatırlayırsınızsa, 175 saylı orta məktəbdə direktorla aktyor Rza Rzayev arasındakı insidentdə də gördük ki, kameralar yalnız direktorun kabinetində quraşdırıla bilir.

Orta ümumtəhsil məktəblərdə quraşdırılan kameralar 16 günlük yaddaşa malikdir. 16 gündən sonra görüntülər yaddaşdan silinir.

Kameralar xüsusi otaqda deyil, qeyd etdiyim kimi məhz direktorun kabinetində olur. Kiminsə otağa daxil olub monitordan çəkiliş aparması ehtimalı ola bilər. Amma düşünmürəm ki, bu qədər gərgin bir dövrdə direktorun otağı açıq olsun.

Fakt faktlığında qalır ki, kameraların mərkəzləşdirilmiş qaydada monitoru yalnız direktorun otağındadır”.

“Məktəb rəhbərliyi özünü məsuliyyətdən azad etməkdən ötrü...”

Kamran Əsədovun sözlərinə görə, videoda digər şagirdlərin də üzünün göründüyünü nəzərə almaq lazımdır: “Biz sanki uşaqlara yol göstəririk ki, baxın, qız pəncərəni açıb özünü belə atdı aşağı. Düşünürəm, məktəb rəhbərliyi özünü məsuliyyətdən azad etməkdən ötrü sübut etməyə çalışır ki, uşaq pəncərəyə yaxınlaşıb özünü atdı, bizlik bir şey yoxdur. Bəs intihara qədərki proses?.. ”.

Ekspert onu da deyib ki, pəncərələri boltlamaq çıxış yolu deyil: “İntiharın qarşısını almaq üçün pəncərələri boltla bağlayacağıqsa, sabah yanğın, zəlzələ olsa uşaqlar haradan təxliyə olunacaqlar? Belə çıxış yolu olmaz”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər