Belə müəllimlərin yerini necə dolduraq?
Təhsil İşçilərinin sentyabr konfransında Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev bildirib ki, hesabat ilində Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb.
“2 minə qədər saxta diplomlunu adbaad tanıyırıq”
Təhsil naziri Mikayıl Cabbarov da müsahibələrindən birində bildirmişdi ki, nazirlikdə 2 minə qədər saxta diplomlu müəllimin işləməsi barədə dəqiq məlumat var. Nazirin sözlərinə görə, 2 min "saxta müəllim"in işdən qovulması bir anın içində qeyri-mümkün olduğuna görə, nazirlik onlarla işləmək məcburiyyətindədir. Nazirin sözlərinə görə, 2 min müəllim təhsil prosesindən çıxarılsa, onları dərhal əvəz etmək mümkün deyil. Nazir eyni zamanda onu da bildirmişdi ki, müəllimlərin işə qəbulu üçün mərkəzləşmiş sistemin, diplomları yoxlayan bazanın, çoxpilləli və şəffaf seçimin olması bu sistemdə olan dəyişikliklərin dönməz olacağına təminat verir.
Peşə məktəbini bitirib müəllim işləyir
Bəs saxta diplomlular təhsil sahəsinə necə ayaq açır? Onların saxta diplom almasını necə müəyyən etmək olar?
Təhsil Tədqiqatları Mərkəzinin (TTM) rəhbəri Əlövsət Sadıqlının bildirdiyinə görə, hər bir müəllim haqqında arxiv sənədlərində məlumat olur. Həmin sənədlərə əsasən müəyyənləşdirmək mümkündür ki, müəllim necə təhsil alıb: “Sənədlərdə müəllimin tələbəlik dövründə biliyinin qiymətləndirilməsi, zaçot və imtahanlarda iştirakı qeyd olunur. Elələri var ki, bir əmrlə saxta diplom alıb. Gəncə Dövlət Universitetinin, Müəllimlər İnstitutunun diplomunu çap etdirib, saxtalaşdıranlar da olub. Saxta diplomlunu işə götürən məktəb rəhbərinin o qədər də məsuliyyəti yoxdur. Çünki indiyədək elə bir kriteriya mövcud deyildi ki, həmin şəxsin saxta diplomlu olduğu müəyyənləşsin. Amma elələri var ki, texniki peşə məktəbini bitirərək sinif müəllimliyinə işə qəbul olunub. Buna görə işəgötürənin məsuliyyəti var”.
“Diplomu saxtadır, amma özü əsl müəllimdir”
TTM rəhbəri hesab edir ki, Bakı şəhərində saxta diplomlu müəllimlərə olan münasibətlə regionlarda fəaliyyət göstərən belə müəllimlərə münasibət eyni olmamalıdır: “Çünki Bakı şəhərində müəllim sıxlığı mövcuddur, amma regionlarda müəllim çatışmazlığı var. Ona görə də Təhsil Nazirliyi xeyli müddət bu müəllimlərlə regionlarda işləməyə məcburdur. Bəzi saxta diplomlu kimi təqdim olunan müəllimlər var ki, onların hüquqları qorunmalıdır. Təhsil naziri də bildirmişdi ki, onların arasında yalanın qurbanı olan, tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq jurnal açılan, qeydlər olan şəxslər də var. Bununla yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər. Və ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib. Bunları sırf saxta diplom alanlarla qarışdırmaq düzgün deyil”.
Təklif: “Universitetlərdə ödənişlə təhsil alanlar imtahansız qəbul edilsin!”
Tələbə Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadə çıxışlarından birində bildirmişdi ki, azərbaycanlı gənclər Gürcüstanda imtahansız ali məktəblərə qəbula cəlb edilir. Məlum olub ki, bu ölkədə tələbə olan azərbaycanlı gənclər gürcü dilində təhsil alacaqlar və onların gələcəkdə aldıqları diplom Azərbaycanda tanınmayacaq.
Əlövsət Sadıqlı dedi ki, dünya təcrübəsində imtahansız qəbul texnologiyası həyata keçirilir və bu təcrübənin Azərbaycana gətirilməsi də məqsədəuyğun olardı: “Belə təhsil alanların diplomları tanınmalıdır. Hesab edirəm ki, Azərbaycanda da ödənişli ali təhsil alanların qəbul imtahanından keçməsinə ehtiyac yoxdur. Qəbul imtahanı ödənişsiz əsaslarla verilən ali təhsilə tətbiq olunmalıdır”.
Mexaniki yaddaşa malik olanlardan müəllim olmaz
Ə.Sadıqlı dedi ki, Təhsil Nazirliyinin test üsulu ilə müəllimlərin işə qəbulu prosesini həyata keçirdiyinə görə, son illər saxta diplomluların işə qəbulunu reallaşdırmaq mümkün deyil: “Bəzi hallarda səslənən şübhəli məqamlar nəzərə alınmasa, bu baxımdan müəllimlərin test üsulu ilə işə qəbulunu təqdir etmək lazımdır. Hazırda mövcud olan saxta diplomluların işə qəbul edilməsi bu baxımdan mümkün deyil. Amma test texnologiyası ilə müəllimlərin işə qəbulu imtahanının da təkmilləşdirilməsinə ehtiyac var. Çünki elə müəllimlər var ki, mexaniki yaddaşına istinad edib test imtahanından uğurlu nəticə əldə edir, amma müəllimlik qabiliyyəti yoxdur. Odur ki, müəllimlik fəaliyyəti üçün hər hansı bir qabiliyyət kriteriyasının müəyyənləşməsi daha doğru olardı. Necə ki, incəsənət ixtisasına qəbul olanların yaradıcılıq qabiliyyəti öyrənilir, bunu müəllimlərə də şamil etmək lazımdır. Saxta diplomu olsa da, olmasa da müəllimlik qabiliyyətinə sahib olanlar pedaqoji sahədə işləməlidir. Bu zəruri amilin də gələcəkdə nəzərə alınması vacibdir”.
Sevil HİLALQIZI
QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.